Görkəmli şəxsiyyətlər

Muxtar Maniyev

Xalq artisti Muxtar Maniyev milli kinomuzun inkişafında müstəsna xidmətləri olub. Ekran əsərlərində yaratdığı möhtəşəm obrazları mərhum aktyora böyük tamaşaçı sevgisi qazandırıb. O, 40 ildən artıq yaradıcılığı dövründə milli kinomuzun inkişafında əvəzedilməz işlər görüb.

 

Muxtar Maniyev 1935-ci il aprelin 4-də Bakıda doğulub. İlk təhsilini də şəhərin 199 nömrəli məktəbində alıb. Deyəsən, uşaqlıq illərində heç aktyor olmaq həvəsi də yox imiş. Neft-Kimya İnstitutunda mühəndis ixtisası alıb. Ancaq sonradan aktyorluq sənəti onu sanki ovsunlayır. Mühəndis diplomu aldıqdan sonra o, çox fikirləşmədən sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutuna təqdim edərək, ikinci təhsil ardınca gedib.

 

Muxtar Maniyevin kinoya gəlişi "Onu bağışlamaq olarmı?" filmi ilə başlayıb. Çox keçmədən ardınca "Koroğlu" filminə çəkilib. Kinorejissor Hüseyn Seyidzadə bu filmə aktyor axtarışı üçün instituta gələndə, Muxtarı elə ilk baxışdan gözü tutub və onu dəmirçi oğlu Polad rolunda çəkib. O vaxt Muxtar Maniyev hələ birinci kursda oxuyurdu. Bu möhtəşəm qəhrəmanlıq dastanında ona həvalə edilən Poladın obrazı haqqında o vaxt tənqidçilər də müsbət fikir söyləmişdilər. Deyirdilər ki, kinoya yeni nəfəs, yeni ampluada aktyor gəlib. Sonrakı illər bir-birinin ardınca "İnsan məskən salır", "O qızı tapın", "Bizim Cəbiş müəllim" filmlərində Muxtar çox uğurlu qəhrəmanları ekranda canlandırmaqla özünü təsdiq edib.

 

"İnsan məskən salır" filmində (rej. A.Babayev) Muxtarın qəhrəmanı ekranda az görünsə də, filmin konflikti məhz onun üzərində qurulub. Hadisələr “Neft Daşları”nda cərəyan edir. Filmin qəhrəmanı Ramizin yeni təyin edildiyi briqadanın əvvəlki başçısı qəzaya uğrayıb həlak olub. Amma iş yoldaşlarının o qədər məhəbbətini qazanıb ki, indi onlar Məcidin yerində başqasını görə bilmirlər. Doğrudur, biz onunla ünsiyyətdə olmasaq da, onun xəyal kimi görünən obrazı çox şeylər danışır və M.Maniyev öz sənətkarlıq bacarığı ilə obrazı filmin əsas personajı kimi tamaşaçıya təqdim edə bilir. Bir aktyor kimi M.Maniyevin konkret ampluası yox idi, o müxtəlif xarakterli insanların obrazını ekranda uğurla yaradıb. Onun qəhrəmanları bəzən fırıldaqçı, bəzən hadisələrə açıq gözlə baxmağı bacaran dəyərli insan, bəzən isə şux zarafatları ilə tamaşaçılara sevinc bəxş edən personajlardır. Onları birləşdirən isə Muxtar müəllimin istedadı və yaradıcı intellektidir.

 

Muxtar Maniyev "Bəyin oğurlanması" filmindəki qonaq rolu daha canlı alınıb. Bu rolda biz onu komik qəhrəman kimi görürük və aydın hiss olunur ki, o həm də bu tip rolların gözəl ifaçısıdır. "Bakıda küləklər əsir", "Sizi dünyalar qədər sevirdim" və digər filmlərdə Muxtar müəllim müharibə dövrünün müxtəlif xarakterli insanlarının çox maraqlı obrazlarını yarada bilib.

 

Xalq artisti Muxtar Maniyev 22 dekabr 2016-cı ildə vəfat edib.