Görkəmli şəxsiyyətlər

Əziz Nesin

Kiçik satirik və yumoristik hekayənin böyük ustası, romançı, şair, jurnalist, köşə yazarı, dramaturq, naşir, pedaqoq, ssenarist Əziz Nesin 20 dekabr 1915-ci ildə İstanbulun Heybeliadasında anadan olub. Atası Əbdüləziz bəy Giresunun Şebinkarahisar mahalının Ocaktaşı kəndindən gəlib İstanbulda məskunlaşıb. O, bağbanlıqla məşğul olurdu.

 

Ə.Nesin iki il Darüşşafaka Liseyində oxuduqdan sonra 1935-ci ildə Kuleli Hərbi Liseyini, 1937-ci ildə Ankarada Hərbi Akademiyanı bitirərək leytenant rütbəsi alıb. 1939-cu ildə Hərbi Elmlər Məktəbini bitirib. Bu müddətdə Rəssamlıq Akademiyasının Dekorasiya şöbəsində təhsilini davam etdirib.

 

Əziz Nesin Ankara Hərbi Akademiyasını bitirdikdən sonra leytenant rütbəsi ilə orduya qatılıb. 

 

Zabit ikən yazmağa başladığı üçün əsl adı Mehmet Nusret Nesin əvəzinə “Əziz Nesin” təxəllüsü götürüb. Digər tərəfdən o, Əziz Nesinlə yanaşı, Ateş Sin, Ayşegül, Battal Bataner, Bedri Birdirbir, Falan, Daver Devletlü, Hakkı Haklar, Kerim Kihkih, Hasan Dene Gör kimi imzalardan da istifadə edib.

 

Ədəbiyyata şeirlə başlayan Əziz Nesin Yenigün jurnalında Vedia Nesin adı ilə şeirlərini dərc etdirir. “Qaragöz” və “Yeddi gün” qəzetlərində korrektor, “Tan” qəzetində köşə yazarı (1945) işləmişdir. Qəzet bağlandıqdan sonra o, baqqal, mühasib, fotoqraf və kitab satışı ilə məşğul olub. 

 

O, bütün ömrünü yazı masası ilə mətbəə arasında keçirən, sosialist düşüncəsini kitabdan çox həyatın acı təcrübələrindən öyrənən, bu acı təcrübələri oxucularını güldürərək bölüşən, düşündürən yazıçıdır. Bu həm də “sizi güldürən qəzəbdir”.

 

Dəmirtaş Ceyhunun kitablarından birinə verdiyi ad “Zamanımızın Nəsrəddin Hocası Əziz Nesin”dir. Əziz Nesin deyir ki, mən kimyagərəm, göz yaşlarımı zarafat edib dünyaya təqdim etdim. Bu, ömrü zülmlə, ağrı-acı ilə keçən müəllifin simvolik ifadəsidir. Yazı həyatına şeirlə başlasa da, onun dünyada ən çox tanıdan cəhəti yumoristik yazılarıdır.

 


Yazıçı Ə. Nesin iyulun 5-dən 6-na keçən gecə müsahibə və avtoqraf üçün getdiyi Çeşme Alaçatıda ürək tutmasından dünyasını dəyişib. O, 7 iyul 1995-ci ildə vəsiyyətinə görə heç bir mərasim və yeri bilinmədən Çatalca Nesin Vəqfinin bağçasında dəfn edilmişdir.

 

UNESCO tərəfindən nəşr olunan Index Translationum adlı dünya tərcümə biblioqrafiyasına görə, Əziz Nesin türk yazıçıları arasında Orhan Pamuk, Yaşar Kamal və Nazım Hikmətdən sonra ən çox tərcümə edilən dördüncü müəllifdir.