Nağıllar, hekayələr

Zahid Xəlil. Tüklücə

Hər şey gül kolunun əyri və yöndəmsiz tikanının Zərifənin qolunu cızmasından başladı. Qızcığaz qızılgülü dərərkən həmin tikan onun qoluna sancıldı və qız: —Ay ana! — deyib geri çəkiləndə tikan onun qolunu əməlli başlı yaraladı. Zərifə tikanı birtəhər qolundan çıxardıb, əli ilə qanayan yerinin üstünü örtdü. Qan görünməz oldu. Amma Zərifənin göz yaşları yanağından aşağı süzülməyə başladı. 


Birdən kimsə onun ayağını yaladı. Zərifə göz yaşlarını silib aşağı baxdı. Bu nə idi belə?! Yekə bir çoban papağını xatırladan quyruğunu, ağzını, çənəsini, qara qıvrım tük basmış balaca bir küçük onun ayaqlarına qısılmışdı. Qara tükləri gözlərini də örtmüşdü. Qıvrılmış qara tüklərin arasından parıldayan gözləri güclə seçilirdi. Zərifə gül tikanını tamam unudub dedi: —Sən hardan çıxdın belə?! Necə də gözəlsən! Adın yəqin ki, Tüklücədir. Sənə bu ad lap yaraşır. Bu hündürlükdə hasarı necə keçib gəlmisən? Zərifə birdən nə fikirləşdisə yavaşca dedi: —Səni burda görsələr aparıb küçəyə atarlar. Bizim evdə heç kəs iti sevmir. Tüklücə onun paltarını yaladı. Başını qızın balaca toppuş ayaqlarına qoyub xoşbəxt -xoşbəxt mırıldandı. —Olmaz! Mırıldanmaq olmaz. Orxan bilsə, aləm biləcək. Ağzında söz saxlaya bilmir. Gedək, səni gizlədim. 

 

Zərifə həyət-bacaya göz gəzdirib lap dibdə elektrik dirəyinin yanında bitən və bütün ili yaşıl olan kolu görüb sevindi: —Bax burda həmişəlik qala bilərsən. Qorxma, hər gün suyunu, yeməyini gətirəcəm. Amma hürməyəsən, ha... Hürdün, qurtardı. O saat duyuq düşəcəklər. Yaxşı? İt yavaşca zingildədi. Yəni hər şeyi başa düşürəm. Zərifə evə qaçdı. Çörəyin üstünə qaymaq çəkdi. Sonra onu balaca-balaca doğrayıb Tüklücənin yanına gəldi. İt qaymaqlı çörəyi ləzzətlə yedi. Zərifə konserv qutusunda su gətirib onun qabağına qoydu. Tüklücə doyunca su içdi. 

 

Zərifə, dərsə gecikirsən. O kolun dibində nə edirsən? Az qala işin üstü açılacaqdı. Zərifə barmağını dodaqlarına yapışdırıb, Tüklücəyə axırıncı dəfə xəbərdarlıq etdi: —Sss! Sonra sürətlə evə tərəf qaçdı. Zərifənin yanaqları qıpqırmızı idi. Elə bil ona dünyanı bağışlamışdılar. Ana bir qədər şübhələnsə də, qız dərsə getdiyi üçün daha ondan bir söz soruşmadı. Zərifə tüklücədən çox razı idi. Kolun dibində səssiz dayanıb, Zərifənin yolunu səbirlə gözləyir, arabir çox astadan hürürdü. Səsini kəpənəklər güclə eşidirdi. 

 

Son günlər Orxan bacısının hərəkətlərində bir qəribəlik duymuşdu. Bir də görürdün Zərifə qaymaqqabını götürüb tələsik çörəyin üstünə yaxır və onu bir tərəfə qoyub nəyisə gözləyirdi. Lap aydınca görünürdü ki, o, ətrafındakılardan mühüm bir şeyi gizləyir. Gecələr hərdənbir nazik səsli it hürməsi də ona qəribə gəlirdi. Bu it haradasa yaxınlarda olmalı idi. Orxan bacısını izləməyi qərara aldı. O, içəri otağa keçib pərdənin arxasından Zərifənin nə edəcəyini gözləməyə başladı. Kinolarda olduğu kimi özünü çox səbirli aparırdı. Zərifə qardaşının otağa girdiyini görüb qaymaq yaxmasını götürdü və həyətin aşağı başına doğru qaçdı. Orxan evdən çıxmadan onun hara getdiyini və bacısının tezliklə geri qayıtdığını gördü. Qaymaq yaxılmış çörək Zərifənin əlində yox idi. —Kolun dibində kimsə yaşayır! Zərifə yaxmacı yəqin ki, ona apardı! Daha Orxanı saxlamaq olardımı?! Zərifə Orxanla həyətin ortasında qarşılaşdı. Orxan düz kolluq tərəfə götürüldü. —Orxan, ora getmə! — deyə qız həyəcanla qışqırdı. Orda bilirsən nə var? —Nə var — deyə Orxan dayanmadan soruşdu. —Zərifə əvvəl istədi desin ki, orda adamyeyən var. Amma fikirləşdi ki, Orxan buna inanmaz. —Orda ilan var. Vallah düz deyirəm, yekə ilandı. Buna da Orxan demişəm. Atası deyir ki, Orxan şeytana papış tikər, ortasına da deşik qoyar. Onu aldatmaq olardımı. Orxan Tüklücəyə çatanda it onun ayaqlarını yaladı. Onun qara, qıvrım tükləri necə də cod idi. Zərifə də özünü yetirmişdi. Tərəddüdlə gah Orxana, gah da Tüklücəyə baxırdı. —Ataya demə, iti azdırarlar! Kişi kimi söz ver. —Orxan orda nəyə baxırsınız? — Ananın səsi eşidildi. —İtə! – deyə Orxan qışqırdı: — Burada qəşəng bir it var. —İt? İt nədir? Onu kim gətirib? Yüz dəfə demişəm ki, itlə oynamayın. Ana artıq onların başının üstünü kəsmişdi. Tüklücə güclə seçilən bəbəklərini ananın üzünə zilləyib, quyruğunu canı dildən bulayırdı. O, heç zaman belə sevinməmişdi. —Ölmüş necə də göyçəkdi! Ananın bu sözlərini elə bil ki, Tüklücə də başa düşürdü. İki dal ayaqlarının üstünə qalxıb tullanır, həyət boyu qaçırdı. Axı, daha gizlənməyə dəyməzdi. Amma Tüklücənin sevinci uzun çəkmədi. Ata işdən gələn kimi qərara alındı: —İt sabah azdırılmalıdır! Uşaqların göz yaşı böyüklərin ürəyini yumşaltmadı. Ana qəti bəyənat verdi. —Ya mən, ya da Tüklücə! İkimizdən birini seçin — dedi. Hər şey bitdi. Zərifə qəzəblə Orxanı süzdü və yataq otağına qaçdı. 

 

Hamı yuxudan durmuşdu. Tüklücə hələ də xoşbəxt həyatını yaşayır, həyətdə o tərəf bu tərəfə qaçır, kəpənəklərə hürür, göy çəmənlikdə yumalanırdı. Ata qaşqabaqlı idi. Zərifə bunun nə demək olduğunu başa düşürdü. Demək Tüklücə indicə ağ jiqulinin yük yerində oturacaq və bu həyətdən həmişəlik gedəcək. Orxanın da qanı qara idi. Doğrudur, səhər fürsət tapıb, Tüklücəni sığallaya bilmişdi. Amma eşidəndə ki, ata onu aparıb azdıracaq, lap dilxor olmuşdu. —Budur, maşının yük yeri açıldı. Zərifə heç olmasa son dəfə Tüklücəyə toxunmaq üçün onu qucağına götürdü və atasının sərt baxışlarına dözməyib yavaşca iti maşının yük yerinə qoydu. Sonra göz yaşlarını silə-silə evə qaçdı. Küçük maşına mindiyi üçün bilsəniz nə qədər sevinirdi. Axı, hələ indiyə kimi heç kəs onu maşınında gəzdirmək haqqında düşünməmişdi. İndi belə bir fürsət düşdüyü üçün Tüklücənin sevinci yerə-göyə sığmırdı. O, geri qayıdanda bu barədə uşaqlara danışacaqdı. Bir azdan maşın dayandı. Ata yük yerini açıb dedi: —Düş görək! Tüklücə əllərini yük yerinə qoyub dik dayandı. Ətrafına baxıb bir-iki ağız hürdü. Amma yerə tullanmağa ürək eləmədi. Ayaqlarının əziləcəyindən qorxdu. Ata onun belindən tutub yerə qoydu.—Di get, qoçaq! — dedi. Çalış ki, ac qalmayasan. Elə buralarda hərlənsən əlinə bir şey düşəcək. Yaxınlıqda yeməkxana var. Burdan uzaqlaşma! Ata özü də harasa getdi. Tüklücə ağ maşının yanında quyruğunu şeşələyib o tərəf-bu tərəfə qaçırdı. O, hərdən arxasını maşına dirəyib, yeməkxananın arxasında sülənən itlərə hürürdü. —Ham, ham, ham... — Bu bizim maşındır. Mən bu maşında gəlmişəm! Bir azdan ata gəlib maşına mindi və sürüb getdi. Tüklücə maşının dalınca xeyli qaçdı. O qətiyyən başa düşmədi ki, ata onu niyə götürmədi. Maşın uzaqlaşıb gözdən itəndə Tüklücə quyruğu üstə çömbəlib, bir-iki dəfə qəmli - qəmli hürdü. Ata maşının güzgüsündən Tüklücənin necə qaçdığını görürdü. Amma maşını saxlamadı... 

 

—Ağlayırsan? — Kimsə kal bir səslə Tüklücənin yanında çömbəldi. Bu qara, uzun tükləri olan bir it idi. Qırmızı, uzun dili ağzından xeyli qabağa çıxmışdı. —Məni qoyub getdi. Yəqin indi qayıdar. Burada oturub heç yana getməyəcəyəm. O, hökmən gələcək. Bilirsən, bizim nə gözəl maşınımız var? Doğrudur, mən onun əsl oturacağına minməmişəm. Ancaq bilirəm ki, məni bir gün həmin o rahat oturacaqda gəzməyə aparacaqlar. Tüklücənin gözlərinin yaşı qurumuşdu. O, birdən-birə elə dil açmışdı ki, yekə it xeyli dinlədi və birdən səbri tükəndi: —Səfehsən, vallah. Uşaqsan və bu dünyanın işlərindən qətiyyən başın çıxmır. Tüklücə key-key onun üzünə baxırdı. —Məgər, mən bu ağ maşından düşəndə siz görmədiniz? Sadəcə olaraq gedəndə mən onun yadından çıxmışam. Bir azdan xatırlayıb geri qayıdacaq. Biz yəqin ki, dəniz sahilinə gəzməyə gedəcəyik. Qara köpəyin daha səbri tükəndi. Ağzını geniş açıb əsnədi və cani -dildən gərnəşdi.—Daha mənə tam aydındır ki, sən dünyanın ən səfeh kü çüyüsən. Hələ az qalıram deyəm ki, dəlisən. Tüklücə yerə uzanıb, əllərini qabağa uzatmışdı. Qara köpəyin sözlərinə qətiyyən məhəl qoymadan ağ maşının təkərlərinin izini iyləyirdi. Yarpız iyinə bənzəyən bu qoxu bəlkə də ömrünün axırına kimi onun yadından çıxmayacaqdı. —Sən adi bir həqiqəti bilmirsən ki, bizim hamımız evlərdən azdırılan itlərik. Bundan sonra heç kəsə lazım deyilik. Harda nə görsən çək dişinə, qurtardı, getdi. İmkanın düşsə oğurla. Oğurluq mal şirin olur. Tüklücənin enli yarpağa oxşayan sallaq qulaqları birdən-birə heyrətlə qalxıb düşdü. Qara nazik bığları titrədi: —Siz nə danışırsınız? Oğurluq nədir? Zərifə oğurluğa pis bir söz deyirdi. Qoy görüm o söz nə idi! —Axmaqlıq? — deyə qara köpək dilləndi. —Yox, axmaqlıqdan daha pis sözdür. —Səfehlik, dələduzluq, avaralıq, əclaflıq, alçaqlıq?! —Bax, elə həmin söz idi, alçaqlıq! Bir ayrı söz də deyirdi. Nəsə şərəfə oxşayan bir söz idi. —Şərəfsizlik?! —Düzdür, siz bu sözləri hardan bilirsiniz? —Eh, bu sözləri biz avara itlər demək olar ki, axşama kimi bilirik. Amma onu eşitməyin elə bir ziyanı yoxdur. İnsanlar sənə alçaq, oğru, dələduz deyir, amma sən ürəyin istəyən kimi yaşayırsan. Pisi odur ki, sən həqiqətən səfeh olasan. Şərəfli bir ömür sürüb acından öləsən. Bir məni başa sal görüm insanlar sənin şərəfli olduğunu hardan bilsinlər? Axı bu, heç kəsin alnında yazılmır, bütün itlərin hamısı eyni cürdür. Yemək görəndə quyruqlarını mümkün qədər bərk bulayırlar ki, bəlkə bir az yemək alsınlar. Tüklücənin qulaqları sallanmışdı. Onlar sanki qara köpəyi eşitməmək üçün qapanmışdı. Amma qara köpək elə üyüdüb tökürdü.

 

—Ehey, kor şeytan, uşağın beyninə nə doldurursan? Tüklücə qarşılarında dayanan boz iti indicə gördü. Onun iri bədəni və uzun tükləri var idi. Əgər bu it meşədə sizin qabağınıza çıxsa, onu yəqin ki, canavara oxşadardınız. Tüklücə indi başa düşdü ki, bayaqdan onunla söhbət edən qara köpəyin adı Kor Şeytan imiş. Əslində o, bu itin kor olduğunu indicə gördü. Qara köpəyin bir gözü ağ idi və yəqin ki, görmürdü. Boz itin sözlərini eşidəndə Kor Şeytan nazik səslə uladı. Bu, it dilində “Mənə toxunma, yazığın gəlsin” demək idi. Sonra quyruğunu torpağa sürtə-sürtə boz itin ayaqlarının yanına qədər süründü və onun iri pəncələrini yalamağa başladı. Boz itin adı Qurdbasar idi. —Ey, balaca — deyə Qurdbasar dilləndi. Əlinə nə düşsə, gətirib mənə verə bilərsən. Heç kəsdən qorxub eləmə. Bircə özünü bu yaltaq Kor Şeytandan qoru. Çətinə düşsən mənə xəbər elə. Amma Tüklücə öz taleyi ilə qətiyyən barışmaq istəmirdi. Axı, Zərifənin atası hökmən gəlməli idi. Onlar ağ maşında harasa, daha maraqlı yerə gəzməyə getməli idilər. Zərifə yadına düşdüyü üçün quyruğunu ayaqlarına qısıb bir tərəfə çəkildi və ağ maşının yolunu gözləməyə başladı. 

 

Yekə itlər harasa getmişdilər. Tüklücə qabaq ayaqlarını uzadıb, çənəsini pəncələrinə söykəmişdi. Yarpız iyi onun burnunda idi və hər dəqiqə həmin iyin sahibi olan ağ maşının yolunu gözləyirdi. —Ay allah, nə gözəl küçükdü — bu söz Tüklücənin düz qulağının dibində necə səsləndisə yazıq dik atıldı. Qarşısında Zərifə boyda bir qız dayanmışdı. Onun qırmızı lenti, başının ortasında bir topa laləyə oxşayırdı. Əslində qızın sifətində də lalə rəngi var idi. Səhər mehinin təsirindənmi, ya nədənsə qız qıpqırmızı qızarmışdı. Qız Tüklücənin belini sığalladı. İt quyruğunu bulayıb, üzünə qızın ağ ayaqqabılarına sürtdü. Bu ayaqqabılardan tünd qərənfil ətri gəlirdi. Qızın ağ, uzun corablarından isə qaymaq çiçəyinin zərif qoxusunu hiss etmək o qədər də çətin deyildi. Amma bu, hər gün ona qaymaq yaxması gətirən Zərifənin ətri deyildi. Zərifənin əlindən qızılgülün zərif qoxusu gəlirdi. Tüklücə bu qoxunu yüzlərlə çiçəyi içindən asanca sеçə bilirdi. Qız gəldiyi kimi də uzaqlaşdı. Tüklücə burnunu yerə dirəyib yarpız iyisini axtardı. Azacıq dövrə vurub həmin iyi tapdı. Bu ağ jiqulinin təkərlərindən qalan izin ətri idi. 

 

Gecədən xeyli keçmişdi. Yekə itlər yoxa çıxmışdılar. Maşınlar seyrəlmişdi. İnsanlar isə yəqin ki, yatırdı. Tüklücə yarpız iyini tutub yavaş-yavaş getməyə başladı. Dairəvi yolda yarpız iyinə başqa iylər də qarışır və Tüklücəni çaşdırırdı. O, dairəni bir neçə dəfə fırlanmalı oldu. Axırı ki, yarpız iyini tapdı. Yol yoxuşa dirəndi. Tüklücə xeyli getdikdən sonra yaşıl darvazanı tapdı. —Buradır. Özüdür ki, var. Zərifəgilin evi! Hündür hasarın lap küncündən açılmış balaca deşiyi asanlıqla tapdı. İlk dəfə bu evə gələndə də həmin deşikdən girmişdi. Sürüşüb içəri keçdi. Kolun dibindəki doğma yatağına çatdı. Axşam Zərifə verən yaxmacın yarısı hələ də kolun dibində idi. Onu ləzzətlə yedi. 

 

Zərifə hələ də yatmamışdı. Onun göz yaşları ananı da kövrəltmişdi. Ata daha əvvəlki kimi sərt deyildi. —Zərifə yat. Söz verirəm ki, sabah sənə dünyanın ən gözəl küçüyünü alacam. —Mən Tüklücəni istəyirəm. Dünyada ondan gözəli yoxdur! —Sabah gedib onu taparam. Hökmən taparam. —Ata qəti söz verdi. Zərifə isə ancaq göz yaşı tökürdü. Gecənin tam sakitliyində it səsi gəldi. Bu səsi təkcə Zərifə yox, Orxan da eşitdi. Zərifə yorğanını üstündən tullayıb oturdu. Orxan da qalxdı. —Sən it səsini eşitdin? —Hə! —Bu Tüklücədi, yəqin ki, odur. Səsindən tanıyıram! 

 

Ana da qalxdı. —Bir küçükdən ötəri hamınız dəli olacaqsınız?! Ancaq ananın sözü ağzında qaldı. Lap qapının ağzında Tüklücənin səsi eşidildi. Onlar həyətə qaçdılar. Tüklücə balaca qara gözlərini onların üzünə zilləmişdi. Zərifə onu qucağına götürüb həyəcanla: —Mənim vəfalı Tüklücəm! Nə yaxşı gələ bildin?! Tüklücə başını Zərifənin qoltuğuna soxub xoşbəxt — xoşbəxt mırıldandı.