Görkəmli şəxsiyyətlər

Tofiq İsmayılov

Milli kino sənətimizin inkişafında xidmətləri olan tanınmış simalardan biri də kinorejissor, Xalq artisti, professor Tofiq İsmayılovdur. Onun filmlərinin hər birinin öz maraqlı süjeti, rejissorun mövzulara özünəməxsus yanaşma tərzi var. Tofiq İsmayılov Azərbaycan kino sənətinə dəyərli filmlər bəxş etməklə yanaşı, pedaqoji fəaliyyəti ilə də neçə-neçə tələbə yetişdirib.

 

Tofiq İsmayılov 1939-cu il aprelin 6-da Bakı şəhərində qulluqçu ailəsində anadan olub. 190 nömrəli Bakı şəhər tam orta məktəbini bitirib. M.A.Əliyev adına Teatr İnstitutunun aktyorluq fakültəsində, sonra rejissorluq fakültəsində təhsilini davam etdirib. Əmək fəaliyyətinə orta məktəbdə oxuyarkən Gənc Tamaşaçılar Teatrında aktyorluqdan başlayıb. Azərbaycan Respublikası Nazirlər Soveti Yanında Radio və Televiziya Verilişləri Komitəsində rejissor köməkçisi, rejissor, "Azərbaycanfilm" studiyasında rejissor köməkçisi, orada bədii təlimlər rejissoru vəzifələrində çalışıb. Moskvada kinorejissor və kinossenaristlərin ikiillik ali kurslarında təhsil alıb. Sonra "Azərbaycanfilm" studiyasında bədii filmlərin quruluşçu rejissoru vəzifəsində işləyib. Tofiq İsmayılov bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olub. 1971-ci ildən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq kafedrasında müəllim kimi çalışıb, kafedranın müdiri olub. 1994-2006-cı illərdə dəvətlə Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetində professor işləyib. İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir olub. 2007-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.

 

“Müasir Azərbaycan kinosunda tipik xarakter” mövzusunda namizədlik dissertasiyası üzərində işləyib. Son illər "Sənətkarlığımızın portreti" silsilə bədii-sənədli filmləri Tofiq Quliyev, Əminə Dilbazi, Gülxar Həsənova, Xəyyam Mirzəzadə haqqında çəkilib. Uşaqlar üçün pyeslər, hekayələr dərc etdirib. Əsərləri xarici ölkə xalqlarının dilində nəşr olunub. 100-ə yaxın elmi-publisistik məqaləsi var. İlk hekayəsi "Ağ dəsmal" 1962-ci ildə "Göyərçin" jurnalında dərc edilib.

 

Tofiq İsmayılov uzun sürən xəstəlikdən sonra 2016-cı il martın 25-də Bakı şəhərində vəfat edib.