Yumor

Bəhlul və şagirdi

Bəhlulun bir şagirdi varmış. Özü nə bilirdisə, şagirdinə də öyrədirmiş. Bir vaxt şagird görür Bəhlulun bidiklərinin hamısını o da bilir. Bir tərəfdən də Bəhlulun şöhrətinin hər tərəfə yayıldığını görüb fikirləşir ki, elə yaxşısı budur, ustadımdan ayrılım, gedim özümü Bəhlul kimi qələmə verim. Elə bu fikirlə də Bəhlula deyir:
-Ustad, daha mən hər elmi səndən öyrənmişəm, indi istəyirəm ayrılıb gedim öz şəhərimizə.


Bəhlul deyir:
-Oğul, əvvəla, hələ öyrənməyə çox şey var, indi ki gedirsən, nəbadə, ustadına xor baxasan!


Şagird Bəhlula söz verib çıxıb gedir. Şagird öz şəhərlərinə çatan kimi pal-paltarını dəyişir, bir qarğı at minib camaata deyir:
-Mən Bəhlul Danəndəyəm. 


Şagirdin, doğrudan da, bəzi elmlərdən xəbəri var idi. Oturub  bir kitab yazır. Orda göstərir ki, filan dağın ətəyində bir bulaq var, kim onun suyundan içsə, o saat canı çıxar. Doğrudan da, elə bir bulaq var imiş. Şagirdin yazdığı bu sözlər hər yerə yayılır. Bəhlul da eşidir ki, şagirdi belə bir kitab yazıb, həm də Özünü Bəhlul Danəndə adlandırıb. Bu səs soraq gedib padşaha da çatır. Padşah vəzir-vəkili də götürüb gedir həmin bulağın başına. 


Bəhlul Danəndə paltarını dəyişib kənardan baxır.
Adamlar şagirdə deyirlər:
-Bəhlul Danəndə yalan danışan adam deyil, əgər sən Bəhlulsansa, o suyu bizə göstər, görək onu içən necə olur?
Şagird adamlarla bulağın lap başına gəlir ki, suyun təsirini onlara göstərsin.
Padşah deyir:
-Əgər sənin dediklərin düz olmasa, başını bədənindən ayıracağam. Camaat kənardan bulağa tamaşa edir. Bir də görürlər bir çoban bulağın başına gəlib sudan doyunca içdi. Sonra bir xeyli gərnəşib, üstündən də bir sərnic ayran içdi. Başladı qoyunları haylayıb kefi kök, damağı çağ getməyə. Bu əhvalatı görən padşah deyir:
-Ə, səfeh, bu camaatı niyə ələ salırsan? Deyirdin sudan kim içsə o saat partlayıb ölər, bəs çobana niyə bir şey olmadı?


Şagird qalır məəttəl, bir söz deyə bilmir. Padşah əmr eləyir, oğlanın qollarını bağlayıb aparsınlar dar ağacından asmağa. Şagird əl-qolu bağlananda Bəhlul irəli yeriyib deyir:
-Ey padşah, dayanın, o düz deyir. Hər kim o bulağın suyundan içsə, partlayıb ölər. Çoban ona görə ölmədi ki, o suyu içəndən sonra həm möhkəm gərnəşdi, həm də bir sərnic ayran içdi. İnanmırsansa, yoxla.


Padşah əmr eləyir, bir qara qul sudan içir. Heç bir iki dəqiqə keçmir ki, yıxılıb ölür. 
Bəhlul deyir:
-Gördünüzmü!


Bu hadisədən sonra padşah əmr eləyir, şagirdin qollarını açsınlar. Bəhlul üzünü şagiridnə tutub deyir:
-Yadındadırmı, məndən ayrılanda dedim ki, nəbadə, ustadına xor baxasan. Sözümə qulaq asmadın, özünün Bəhlul kimi qələmə verdin. Sonra sənə demişdim ki, hələ öyrənməli çox şey var, buna da inanmamısan. İndi gördünmü sənin yazdığın kitab hələ tam deyil? Tam olsaydı, çobanın niyə ölmədiyinin sirrini də bilərdin.