Şeirlər

Abdulla Şaiq. Ovçu Məstan

Deyirlər bir Məstan varmış,
Aslan da ondan qorxarmış.
Bir toppuzmuş hər pəncəsi,
Poladdanmış qoç gövdəsi.
Gözləri odlu şimşəkdi.
Qəlbi qara daşdan bərkdi.
Dişləri neştərdən iti,
Baltadan, xəncərdən iti.
Bilirdi ki, var qüvvəti,
İstədi artsın şöhrəti.
Pişiklərə ovçu Məstan
Özünü elan etdi xan.
Məstan xan acmışdı yenə,
Düşdü bir gün ov fikrinə.
Bığlarını bura-bura,
Toz-torpağı yara-yara
Düşdü çaxır anbarına;
Diqqətlə baxdı hər yana.
Bir küp yanında tələsik
Tez gizlənib çəkdi keşik.
Çox çəkmədi, yuvasından
Atıldı bir zorba siçan.
Doyunca içdi çaxırı,
Açıldı birdən paxırı,
Dedi: – Kimdir ovçu Məstan?
Mənim qorxum yoxdur ondan.
İndi düşsəydi əlimə,
Keçirərdim çəngəlimə.
Əzib suyun çıxardardım,
Cəmdəyini parçalardım.
Düşmən görərdi gücümü,
Ondan alardım öcümü!..
Məstan pəncəsini atdı,
Dişlərini qıcırdatdı,
Dərhal tutdu o siçanı,
Az qaldı ki, çıxsın canı.
Siçan durdu yalvarmağa:
– Rəhm et mənə, Məstan ağa.
Bir az şərab içdim düzü,
Ağla sığmaz sərxoş sözü.
Hər nə dedim, tamam yalan,
Bağışla, keç günahımdan.
Myoldayıb dedi Məstan:
– Kim əl çəkər belə ovdan?
Sonra caynağında tutdu,
Dişiylə çeynəyib uddu.
Myo-myo edə-edə
Ox tək atıldı həyətə.

Onu görüncə boz köpək,
Gözlərində çaxdı şimşək.
Hürə-hürə saldı şivən,
Atıldı üstünə birdən.
Əldən verməyib fürsəti
Məstan cırmaqladı iti.
Sonra da cəld qaça-qaça
Tez dırmaşdı bir ağaca.
İt şöngədi quru yerdə,
Acığından düşdü dərdə.
Gözünü dikdi Məstana,
Bərkdən hürdü yana-yana.
Üst budaqda Məstan isə
Güldü bu yanıqlı səsə.
Birdən gördü ovçu Məstan,
Göydə qanad çalır tərlan;
Hazırlaşır cumsun ona,
Keçirsin öz caynağına.
Qorxu çökdü ürəyinə,
Elə bil ki, bir top iynə
Birdən gözlərinə batdı,
Cəld özünü yerə atdı.
Elə ki, o qalxdı yerdən,
İt üstünü aldı birdən.
Dişlərini qıcırdatdı,
Məstana bir pəncə atdı.
Düşmədi Məstan xan dara.
Ox tək atıldı anbara.
Düşdü yenə ov izinə.
Ancaq şimşəkli gözünə
Daha dəymədi bir siçan.
Acıqlandı ovçu Məstan
Dedi: – Nə qədər ki, sağam
Siçanları qıracağam... –
Söylərkən bu sözü Məstan,
Yuvada bir qoca siçan
(Qocalmışdı, bir az kardı,
Pişikdən də çox qorxardı.)
Tərsində anladı sözü,
Şadlıqdan parladı gözü.
Toz-torpağı yara-yara.
Xəbər verdi siçanlara:
– Müjdə gətirmişəm, Məstan
Tökməyəcək bir daha qan.
Dedi: «Nə qədər ki, sağam,
Siçanları qırmayacam».
Öz işindən peşimandır,
İndi dostumuz Məstandır...

Siçanlar çox sevindilər,
Gözlərindən uçdu kədər.
Quruldu şadlıq məclisi,
Gurladı musiqi səsi.
Səsləndi dəf, kamança, tar,
Əl qaldırıb oynadılar,
Dəf götürüb oxuyan kim,
Tar çalan kim, oynayan kim,
Bağırdı bir siçan: – Gərək
Bu dostluğu möhkəmlədək!
Ürəkdən dost olduq deyə,
Xonça tutaq Məstan bəyə.

Hamı razı oldu buna,
Xonça düzüldü yan-yana.
Bişirdilər plov, dolma,
Bozbaş, xəngəl və qovurma.
Alma, armud, şəftəli, nar,
Çini qablara qoydular.
Qalxdı yerdən yeddi siçan, –
Yeddi igid zor pəhləvan,
Hər birisi bir xonçanı
Qaldırıb qoydu başına.
Bu ləzzətli xonçalarla
Yeddi siçan düşdü yola.
Az getdilər, düz getdilər
Dərə-tənə, düz getdilər.
Yetişdilər: – Salam! – deyə,
Baş əydilər Məstan bəyə.
Məstan bəyi heyrət aldı,
Bu işlərə o, mat qaldı.
Dedi: – Neçə gündür acdım,
Bir parça ətə möhtacdım.
Ovum ayağıyla gəlmiş,
Hardandır bu xeyirli iş?!
Məstan atdı pəncəsini,
İri, zorba gövdəsini,
Beş siçanı tutdu birdən,
Ötürdü tez, oldu çox şən.
Qaçdı ancaq iki siçan
Gözü yaşlı, ürəyi qan...

Əhvalatı o elçilər,
Siçanlara verdi xəbər,
Hamı batdı qəmli yasa,
Qan uddular kasa-kasa.
Ağlaşdılar üç gün tamam,
Yas tutdular səhər, axşam.
Ürəkləri yana-yana
Gəldilər xan sarayına.
Öz taxtında Kəsəyən xan,
Ətrafında bütün əyan,
Əyləşib söhbət edərkən
Bir dəstə siçan, kəsəyən
Gəlib ona baş endirdi,
Ağlaya-ağlaya dedi:
– Sənə qurban, Kəsəyən xan,
Bizi qırır ovçu Məstan.
Bu xəbəri eşitcək xan,
Kəlləsinə sıçradı qan.
Əmr elədi: – Hər ölkədən
Gəlsin siçan və kəsəyən.
Tülkü və qurd padşahından
Aldı qılınc, süngü, qalxan,
Toplandı bir böyük ordu,
Xan çölündə alay vurdu.
Əmr verdi tez yürüşə,
Məstan xan ilə döyüşə.
Məstan xana çatdı xəbər,
Tez topladı üç yüz əsgər.
Hər əsgərə yaraq verdi,
İti yeldən ayaq verdi.
Göyə qalxdı tozlu torpaq,
Dumanlandı yaxın-uzaq.
Kəsəyən xan durbin taxdı,
O, tozlu yollara baxdı.
Gördü hücum edir Məstan,
Nərə çəkir acığından.
Bildi işdən tutmuş xəbər,
Toplamışdı çoxlu əsgər.
Gəlir onunla döyüşə,
Kəsəyən düşdü təşvişə.
Xəndək qazdırdı hər yerdə,
Üstünə çəkdirdi pərdə.
Qoşun ilə tutdu yolu
Möhkəmlətdi sağı, solu.
Gəmini çəkdi körfəzə,
Özü çəkildi mərkəzə.
Təyyarələr göy üzündə
Uçur, geniş çöl düzündə
Piyada girdi səngərə,
Əmr etdi atlı əsgərə –
Düzülsünlər iki yandan.
Yanında bir çox pəhləvan,
Ortalıqda özü durdu,
İgidlərdə meydan qurdu.
Ordusuyla çatdı Məstan.
Təbil çalındı hər yandan.
Əmr verildi əsgərə,
Atəş açsın birdən-birə.
Guruldadı ağır toplar,
Səs-küy saldı pulemyotlar.
Hər yandan yaylım atəşi,
Tüstü qaraltdı günəşi.
Gəmilər ağzını açır,
Dənizdən od-alov saçır.
Ordular gəldi üz-üzə,
Tökülən qan çıxdı dizə.
Tutulurdu səsdən qulaq,
İnləyirdi yaxın-uzaq.
Uzun sürdü qanlı savaş,
Dilə gəldi dağ, dərə, daş.
Günəş batdı, axşam oldu,
Vuruşanlar lap yoruldu.
Tələfatı bilmək üçün,
Bir az da dincəlmək üçün
Hər iki düşmən əsgəri
Xeyli çəkildilər geri.

Pişiklər: – Biz acıq! – deyə
Dağıldılar çöl, meşəyə.
Quşlara tutdular divan,
Qoymadılar onlarda can.
Quşlar düşərək təşvişə
Qan ağlayırdı bu işə.
Ac siçanlar, kəsəyənlər
Tarlalara vurdu zərər.
Sünbülləri dişləriylə
Qırıb tökdü şələ-şələ.
Kor qoydular tarlaları,
Çəltik, arpa, buğda, darı
Səpələnirdi torpağa.
Ziyançılar tıxa-tıxa
Qoymadı bir dənli sünbül.
Qana döndü görən könül.
Onlar doyub çəkildilər,
Yatmaq üçün əkildilər.

Dan ağardı, güldü səhər.
Güldü çaylar, çöl, çəmənlər.
Hər bir yorğun-arğın yatan
Baş qaldırdı tez yuxudan.
At oynatdı, açdı meydan.
Aldı süngü, qılınc, qalxan.
Bomba, qurşun yerdən-göydən
Dolu kimi yağdı birdən.
Cəmdək söykəndi cəmdəyə,
Fəryad, şivən qalxdı göyə.
Başladı bir qanlı savaş, –
Daş üstündə qalmadı daş.
Yerdən, göydən vəzni ağır
Güllə, qurşun, bomba yağır.
Sönmüşdü hər yerdə həyat.
Açılmışdı qanlı büsat.
Məstan xan göstərdi hünər,
Əldən düşüb kəsəyənlər
Əsdi yarpaq tək qorxudan.
Bunu duyub ovçu Məstan,
Atı sürdü tez irəli,
Ürəkləndi əsgəri.
Bir nərə çəkdi meydanda,
Can qalmadı siçan xanda.
Düşmən geri çəkilərkən,
Əlli ovçu, Məstan birdən
Düşdü dərin bir xəndəyə.
Kəsəyən xan: – Zəfər! – deyə
Çaldırdı şənlik borusu.
Ürəkləndi xan ordusu.
Tutdu dərhal sağı, solu,
Bağlandı düşmənin yolu.
Siçanların üzü güldü,
Muncuq kimi gözü güldü.
Məstan xan tez çəkdi nərə,
Hay vurdu dərhal əsgərə:
– Yerinizdə möhkəm durun!
Hər yandan düşməni vurun!
Qalmasın onlardan əsər.
Gərək bizim olsun zəfər.

Yenidən başlandı savaş,
Bədənlərdə qalmadı baş.
Cəmdək söykəndi cəmdəyə,
Fəryad, şivən qalxdı göyə.
Uzun sürdü həmin savaş,
Dilə gəldi dağ, dərə, daş.
Göy çəmənlər batdı qana.
Ölüm çökdü hər bir yana.
Meşə, tarla alovlanır,
Ətrafı yandırır, yanır.
Yanğın keçir bağ-bostana,
Ordan yayılır hər yana.
Ancaq şəndi boz qarğalar,
Göy üzündə hey qırıldar, –
«Yeməyə leş vardır» deyə,
Qonurlar qanlı cəmdəyə.
Bu qan aşiqləri ancaq
Qırıldaşır, atılaraq
Qonurdular leşdən-leşə,
Şad idilər qanlı işə.
Kəsəyən xan ağayana
Əmr etdi ovçu Məstana
Qılınc, süngü, daş vurdular,
Əldən salıb lap yordular.
Qollarını kəndir ilə
Bağlayıb atdılar çölə.
Güldü ona bir kəsəyən:
– Qurtulmazsan əlimizdən.
Çırpınma, dartınma əbəs,
Yerindir bu möhkəm qəfəs!

Öz ipəkli çadırından
Çıxdı səhər Kəsəyən xan,
Fərman verdi başçılara:
– Düşmənimiz düşmüş tora.
Qurban verdik bax nə qədər.
Üstün gəldi bizim əsgər.
Bir qonaqlıq verin çöldə,
Dərd qalmasın bu könüldə.

Bəzəndi çöl, çəmən, dərə...
Açıldı bir geniş süfrə.
Bu süfrədə nələr yoxdur! –
Kəsəyən xandan buyruqdur.
Elə ki, məclis quruldu,
Süfrə yeməklərlə doldu,
Səs ucaldı: – Çəkil, çəkil!..
Çalındı tez şeypur, təbil.
Başında bir çox pəhləvan
Başa keçdi Kəsəyən xan,
Siçanların üzü güldü,
Qara muncuq gözü güldü.
Ləzzətlə başlandı yemək,
Xan bağırdı: – Düşmən gərək
Asılsın dar ağacından!
Səsinə səs verdi hər yan,
Çıxsın deyə bu gün canı,
Gətirməyə o Məstanı
Yüyürdü bir dəstə siçan,
Əllərində qılınc, qalxan.
Məstan əli, qolu bağlı,
Gözü dərdli, qəlbi dağlı
Gəldi süfrə ayağına.
Ürəyinin çırağına
Od düşmüşdü, hey yanırdı,
Zor-güc ilə dayanırdı.
Xan içmişdi, sərxoş idi,
Bir az da başı boş idi.
Baxdı ona gülə-gülə,
Sonra lovğa bir tövr ilə:
– Qollarını açın! – dedi, –
Siz yanından qaçın! – dedi.
Açıldı Məstanın qolu,
Tutuldu hər yandan yolu.
Xan əlində qılınc, qalxan
Məstana çatdığı zaman,
Qılıncı vurmaq istərkən
Ovçu Məstan qalxdı yerdən.
Ov görmüş bir aslan kimi,
Gözü qızmış qaplan kimi,
Myoldayıb çəkdi nərə,
Atıldı o, birdən-birə.
Bir pəncədə boğdu xanı,
Kəsəyənin çıxdı canı.
Siçanlarda qalmadı can,
Qırdı, çatdı ovçu Məstan,
İtilədi tez dişini,
Boğdu birdən on beşini.
Qarşısına kim çıxırdı,
Pəncəsiylə tez yıxırdı.
İçlərinə düşdü qorxu,
Daş altına girdi çoxu.
Zor-güc ilə yerdə qalan
Pəncəsindən qurtardı can.
Bəzi girdi dar deşiyə,
Meydan qaldı qoç pişiyə.
Gülə-gülə baxdı dara,
Bığlarını bura-bura,
Keçdi tez yuxarı başa,
Yanaşdı dolmaya, aşa.
Yedi, içdi, sürdü dövran,
Nə qoçaqmış ovçu Məstan.