Yumor

Bəhlul və dəllək

Bəhlul bir gün üzünü qırxdırmağa gedir, dəllək onu dəli hesab eləyib başını küt ülgüclə qırxır, dərisini beş-on yerdən kəsik-kəsik eləyir, hər kəsdikcə də yerinə pambıq basır.


Bəhlul deyir:


-Ay dəllək, neyləyirsn?
Dəllək deyir:
-Başında pambıq əkirəm, gələn il qozalananda mənə deyərsən. Bəhlul heç bir söz demir, amma ürəyində tutur ki, bunun heyfini dəlləkdən çıxsın. Bir gün xəbər yayılır ki, xəlifə camaatdan bəxşiş yığır, əvəzində çoxlu daş-qaş bağışlayır. Dəllək bilirdi ki, xəlifə Bəhlulun qardaşıdır. Ona görə gedib Bəhluldan soruşur, xəlifəyə nə aparsın ki, onun ürəyindən olsun. 


Bəhlul deyir:
-Xəlifə ən çox sarımsağı xoşlayır. əgər sarımsaq aparsan, sənə o qədər daş-qaş verər ki, heç yığıb-yığışdıra bilməzsən. 


Dəllək gəlib bir xurcun sarımsaq götürüb xəlifənin yanına gedir. Sən demə, xəlifənin sarımsaqdan zəhləsi gedirmiş. Dəlləyin ona bu qədər sarımsaq gətirdiyini gördükdə xəlifə qəzəblənib əmr edir ki, sarımsaqları bir-bir dəlləyin başına vursunlar. Sarımsaqların zərbəsindən dəlləyin başı şişib qoz-qoz olur. Dəllək qayıdıb evlərinə gedəndə Bəhlulla rastlaşır. Hirsli-hirsli soruşur:
-Bəhlul, bu nə işdir mənim başıma gətirdin? 


Bəhlul deyir:
-Dəllək, yadındadırmı keçən il mənim başımda pambıq əkmişdin. Onun əvəzində mən də sənin başında sarımsaq əkdirdim.