Görkəmli şəxsiyyətlər

Məmmədəli Vəlixanlı

Azərbaycan teatr salnaməsinə adını yazdıran, öz dəst-xətti ilə tamaşaçıların rəğbətini qazananlardan biri də Xalq artisti Məmmədəli Heydərzadə (Vəlixanlı) 1899-cu il martın 13-də Bakıda doğulub.

 

Fatmayı kəndindən şəhərə köçən, ticarətlə məşğul olan atası Məmmədəlini “Səfa” mədəni-maarif cəmiyyəti nəzdində fəaliyyət göstərən məktəbə qoyub. Ancaq uşaq vaxtlarında gördüyü dini şəbihlər, “Qaravəlli”, “Kosa-kosa” kimi xalq oyunları onda teatr sənətinə maraq oyadıb. Azərbaycan realist aktyor məktəbinin banisi Cahangir Zeynalov 1912-ci ildə Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasını tamaşaya qoyarkən Bədəl rolunu təbiətən çevik və hər şeyə maraq göstərən Məmmədəliyə tapşırır. Beləcə o, sənətdə ilk addımlarını atmağa başlayır.

 

1920-ci ildə Milli Dram Teatrının xor heyətinə işə qəbul olunur. "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şah İsmayıl" operalarında xorda oxuyan Məmmədəli tədricən dram tamaşalarında da kiçik rollarda səhnəyə çıxır. Teatrda işləyə-işləyə 1927-1930-cu illərdə Bakı Teatr Texnikumunda təhsilini davam etdirir.

 

Realist aktyor məktəbinin duzlu komik aktyoru kimi tanınan Məmmədəli Vəlixanlı M.F.Axundzadənin "Lənkəran xanının vəziri" (Mirzə Həbib), Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" (Hacı Qəmbər), Sabit Rəhmanın "Xoşbəxtlər", "Əliqulu evlənir" və "Nişanlı qız" (Mirzə Qərənfil, Mindilli, Xəlil), Mirzə İbrahimovun "Həyat" (Pardon Qurbanəli), Nikolay Qoqolun "Müfəttiş" (Osip) komediyalarında öz ifası ilə silinməz izlər qoyub. Eyni zamanda Hüseyn Cavidin "Səyavuş" (Kosa), Uilyam Şekspirin "Qış nağılı" (Avtolik), "On ikinci gecə" (Ser Endri), "Maqbet" (Qapıçı), Mehdi Hüseynin "Cavanşir" (Saran), Aleksandr Ostrovskinin "Cehizsiz qız" (Robinzon), Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (Əmrah), Fridrix Şillerin "Qaçaqlar" (Vurm), Süleyman Rüstəmin "Qaçaq Nəbi" (Mürsəl kişi), Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz" (Dərviş) və digər pyeslərin səhnə təfsirlərində son dərəcə şirin, koloritli yumoristik və komik-dramatik rollara səhnə ömrü bəxş edib. Teatr sənətimizin inkişafındakı xidmətlərinə görə Azərbaycan SSR-nin Əməkdar artisti (1938) və Xalq artisti (1949) fəxri adlarına layiq görülüb.

 

Görkəmli sənətkar 12 aprel 1969-cu ildə, 62 yaşında dünyasını dəyişib.