Yumor

Bəhlulun qonağı

Günlərin birində Bəhlula qonaq gəlir. Həmin günü Bəhlulun özünü böyük bir məclisə çağırırlar. Bəhlul qonağını da özü ilə aparır, yolda qonağına deyir ki, məndən sənə vəsiyyət, yadında saxla, bir məclisə gedəndə öz yerini tanı, elə yerdə oturma ki, səni durquzsunlar. Bir də, söz xəbər almasalar danışma, bir şeyi istəməsələr vermə.
Qonaq deyir:

-Baş üstə.
Bəhlul ilə qonaq gəlib həmin məclisə çatırlar. Ev sahibi bunları görən kimi deyir:
-Buyurun, əyləşin.


Qonaq o saat keçib yuxarı başqa əyləşir. Bəhlul isə özünə münasib yer seçir. Qonaqlar bir-bir, iki-iki yığışırlar. Şəhərin adlı-sanlı adamları, varlıları, mollaları, tacirlər gəldikcə hamısı keçib yuxarı başda otururlar. Hər yeni gələn adam oturduqca, o biriləri Bəhlulun qonağına deyirlər:
-Qardaş, bir az aşağı otur, bizə də yer olsun.


Belə-belə, qonaq bir də baxıb görür ki, lap qapının ağzında əyləşib.


Bəli, məclis tamam yığışır, yemək-içmək başlanır. Axırda ortalığa qarpız gətirilir. Qarpızın yanında bıçaq olmadığına görə, vəkil ev sahibinə deyir:
-Qardaş, de bir bıçaq versinlər.


Bəhlulun qonağı tez cibindən bıçağını çıxarıb atır süfrəyə. Padşah görür bu elə qəşəng bıçaqdır ki, xəzinədə belə bıçaq yoxdur, tamam ləl-cavahiratla, qızılla bəzənib.


Padşah yavaşca vəzirin qulağına pıçıldayır ki, vəzir, bıçağa gözüm düşüb, indi bir kələk gələcəyəm, sən sözümü təsdiq edərsən. Padşah bıçağı əlinə alıb deyir:
-Camaat, bu bıçağı mənim xəzinəmdən oğurlayıblar, neçə vaxt idi axtarırdım, tapa bilmirdim, indi yaxşı oldu tapdım.


Sonra padşah üzünü qonağa tutub deyir:
-Kişi, de görüm bunu haradan alıbsan?


Kişi nə qədər and-aman edir ki, bıçaq özümündür, padşah əhəmiyyət vermir. əmr edir ki, kişini aparıb zindana salsınlar. Bəhlul görür qonağın işi şuluqdur, sabah dar ağacından asacaqlar, odur ki, deyir:
-Padşah sağ olsun, bu adam mənim qonağımdır, heç olmasa onu bu gecəliyinə mənə zaminə ver, evimdə qalsın, səhər gətirib təhvil verərəm.
Padşah deyir:
-Bəhlul, razı olardım, amma qorxuram gecə ona öyrədəsən.Bəhlul and-aman eləyir ki, qonağa heç nə deməyəcəm.


Padşah razı olur. Bəhlul qonağı evinə gətirir. And içdiyi üçün qonağa heç nə demir. Həyətdə qarğı atını gətirib üzünü ona tutaraq pıçıldayır:
-Ay qarğı atım, sənə demədimmi, bir söz xəbər almasalar yersiz cavab vermə, məclisə gedəndə yerini tanı, səndən bir şey istəməsələr vermə?!


İndi olan olub, keçən keçib. Ay at, qulaqlarını aç, yaxşı eşit. Sabah padşah səni asdırmaq istəyəndə deyərsən, əl saxlayın, bıçağı haradan aldığımı söyləyim. Sonra belə deyərsən: “Ey camaat, mənim atam çox varlı bir sövdəgər idi. Günlərin birində o alver eləyib çoxlu pulla qayıdırmış, yolda atamı soyub özünü də bıçaqla öldürürlər, bu bıçağı da onun sinəsinin üstündə qoyub gedirlər. Mən atamı öldürəni tapmaq üçün hər məclisdə bu bıçağı ortalığa atıram ki, görüm ona kim yiyə durdu. Şükür oldun Allaha, mən atamın qanlısını tapdım. Demək, atamı soyub, özünün də öldürən bu padşah imiş.”


Bəhlul bu sözləri dedikcə qonaq eşidirdi... Gecəni yatırlar. Səhər Bəhlul aparıb qonağı təhvil verir. Padşah car çəkdirir. Meydanda dar ağacı qurulur, qonağı asmağa gedəndə kişi deyir:
-Ey padşah, mənə icazə ver, bıçağı haradan aldığımı danışım.


Padşah icazə verir, kişi başlayır gecə Bəhlulun dediyi sözləri təkrar etməyə.


Padşah görür, əgər bıçağa yiyə dursa, camaat onu cani hesab edəcək.
Odur ki, fikrini dəyişib deyir:
-Ey camaat, kişi düz deyir, amma iş bir az dolaşığa düşüb. Mənim xəzinəmdən itən bıçaq başqa yerdən tapılıb, bu kişinin bıçağı isə ona oxşadığına görə biz elə bildik həmin bıçaqdır. İndi məlum olub ki, kişinin bıçağı ayrı adamındır.