Görkəmli şəxsiyyətlər

Ələviyyə Babayeva

Nasir, tərcüməçi, ssenari müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1979), Prezident təqaüdçüsü Ələviyyə Babayeva 1921-ci il 12 avqustda Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra ADU-nun(BDU) filologiya fakültəsində təhsil almışdır. Babayevanın ilk hekayəsi "Ədəbiyyat qazeti"ndə çap olunandan sonra gənc yazıçı yaradıcılıq axtarışları aparmış, tanınmış bir nasir olmuşdur.

 

Ələviyyə Babayeva müxtəlif mətbuat orqanlarında işləmiş, bu da onun yaradıcılığına təsirsiz qalmamışdır. O, 1951-ci ildən 1973-cü ilədək "Azərbaycan qadını" jurnalında məsul katib işləmiş, bədii yazıları ilə mətbuat səhifələrində müntəzəm çıxış etmiş, tərcümə ilə də ciddi məşğul olmuşdur. Bu illərdə yazıçının on beşdən çox kitabı çap edilmiş, müəllifinə şöhrət qazandırmışdır. Müəllifin "Mənim müəlliməm" adlı ilk kitabı 1950-ci ildə işıq üzü görmüşdür. Sonra onun "Hekayələr", "Kənd yolları", "Payızda", "Mən tək deyiləm", "Kənd yollarına səyahət", "Yenə bahardı", "Kölgə", "Tut ağacı", "Süsən-sünbül", "Hörüklər", "Adamlar və talelər", "Böyürtkən mürəbbəsi" və s. nəsr kitabları nəşr olunmuşdur. Bu kitablarda toplanan hekayələr, povestlər Ələviyyə Babayevanın yaradıcılıq imkanlarının genişləndiyini, onun həyat hadisələrini maraqlı süjet daxilində əks etdirmək, insan xarakterləri yaratmaq bacarığını üzə çıxardı.

 

1973-cü ildən 1985-ci ilədək Ələviyyə Babayeva "Gənclik" nəşriyyatında yorulmaq bilmədən fəaliyyət göstərmiş, balalarımızın sevincinə səbəb olan kitabların önündə həmişə yaşıl işıq yandıranlardan biri olmuşdur. O, bir müddət müasir ədəbiyyat şöbəsinin müdiri işləmiş, sonra isə baş redaktor kimi fəaliyyətini davam etdirmişdir. Həmin illərdə də yazıçı qələmini yerə qoymamış, "Sehrli pillələr", "Hardasan, dost, harda", "Səni axtarıram", "Küləyin tərkində" və s. kitablarını yazıb çap etdirmişdir.

 

Ə. Babayeva uşaq ədəbiyyatına böyük ehtiyac olduğunu hiss etdiyindən yaradıcılığını bu istiqamətə yönəltmiş, həm orijinal hekayələri, povestləri, nağılları ilə, həm də tərcümələri ilə bu sahədəki boşluğu doldurmağa çalışmışdır. Arkadi Qaydarın "Uzaq ölkələr", V. Biankinin "İz ilə", "Ayı balası", "Qırmızı təpə", K. Paustovskinin "Oğru pişik", V. Q. Korolenkonun "Satın alınmış uşaqlar",  V. Astafyevin "Ulduz xəzanı", Y. Çaruşinin "Nikitanın oyuncaqları" kitabları O. Babayevanın tərcümə sahəsindəki xeyirxah fəaliyyətinin bəhrələridir. Azərbaycan oxucusu məhz onun tərcümələri vasitəsi ilə bu əsərlərlə tanış olmaq imkanı əldə etmişdir.

 

Ə. Babayevanın nəsrində tərbiyə məsələləri ön planda dayanır. O, balaca oxucularının maraqlı bədii obrazlarını yaratmağa nail olur. Məsələn, "Dalaşdılar, barışdılar" hekayəsində heç nəyin üstündə dalaşan, sonra peşmançılıq hissi keçirən, özləri də bilmədən barışan Fuadla Elxanın daxili dünyasına nüfuz edilir. Yaxşı cəhətdir ki, müəllif nəsihətçilik yolunu tutmur, hadisələrin ümumi axarı isə uşağın özünü düşünməyə, yersiz hərəkətlərdən çəkindirməyə səsləyir.

 

Ə. Babayevanın yaxşı, tərbiyəvi xarakter daşıyan hekayələri çoxdur. Bu əsərlərin balaca qəhrəmanlarının hərəkətləri, davranışlarının təsviri göstərir ki, Ə. Babayeva uşaq dünyasına yaxından beləddir, onların psixologiyasından xəbərdardır. Bu baxımdan yazıçının "Sehrli pillələr", "Çörəkli yer", "Süsən- sünbül", "Sən Laləyə oxşama", "Böyürtkən mürəbbəsi", "Çörək əhvalatı" hekayələri uğurlu hesab oluna bilər.

 

Yazıçının yaradıcılığında nağıl da xüsusi yer tutur. Onun nağılları öz yığcamlığı, dərin ictimai mənası, tərbiyəvi əhəmiyyəti ilə diqqəti cəlb edir.