Nağıllar, hekayələr

Bətül Yağsayan. Dovşanla kirpi

Biri var idi, biri yox idi, meşədə tək yaşayan bir kirpi var idi. 


Günəşli bir gün idi. Kirpi darıxmağa başladı. Qərara gəldi ki, meşəni bir az gəzib dolaşsın, kefi açılsın. Kirpi yola düzəldi. Bir qədər getmişdi ki, dovşanla rastlaşdı. Ona nəzakətlə salam verdi.  Amma dovşan çox özündən razı olduğu üçün kirpinin salamını almadı. Kirpini alçaltmaq üçün dedi:
-Belə balaca ayaqlarla sənin burda nə işin var?


Dovşan bunu deyib istehza ilə güldü. Kirpi dovşanın bu sözlərindən çox məyus oldu.


Dovşan:- Mənə inanmırsansa, gəl yarışaq.


Kirpi:- Təklifi qəbul edirəm. Əvvəlcə evə gedib istirahət etməliyəm. Yarım saata qayıdıram. 


Dovşan razılaşdı. Kirpi dostu olan başqa bir kirpinin yanına gəldi. Əhvalatı ona danışdı. 


Dostu dedi: 
-Sən dəli olmusan, nədi? Heç dovşanı ötə bilərsən?
-Mənə yaxşı qulaq as. Biz çəmənlikdə yarışacağıq. Sən çəmənliyin qurtardığı yerdə dayanarsan. Dovşan ora çatanda deyərsən ki, mən səndən əvvəl gəlib çıxmışam. 


Kirpinin dostu planı başa düşdü. Bu, həqiqətən çox ağıllı hazırlanmış plan oldu. 


Yarış başladı. Dovşan çəmənliyin qurtaracağında kirpinin dostu onun qarşısına keçib dedi: 
-Harda qalmısan, mən çoxdan gəlib çıxmışam, bayaqdan bəri səni gözləyirəm.


Yarış bir neçə dəfə təkrar edildi. Hər dəfə dovşan çəmənliyin qurtaracağında kirpini görüb məyus olurdu.


Dovşan yarışmaqdan yorulub əldən düşdü. Kirpiyə qarşı düz hərəkət etmədiyini anlayıb, ondan üzr istədi.