Məbadə, qatırçının qatırını hürküdəsən
Yayın isti günlərindən birində Bəhlul adəti üzrə karvan yolunun üstündə gül satırmış. Deyilənə görə, hər gül alana bir ağıllı söz deyib yola salırmış. Bəhlul yol üstündə o qədər oturur ki, yorulub yuxusu gəlir. Odur ki, paltarını soyunub başının altına qoyur, çuxasını üstünə salıb bir az gözünün acısını almaq istəyir. Yerə uzanan kimi yuxuya gedir. Elə bu vaxt yolla bir qatır karvanı keçir. Külək Bəhlulun çuxasını üstündən atır. Karvan gəlib onun yanından keçəndə Bəhlul səs-küyə yuxudan ayılır. Görür ki, alt tuman-köynəkdə qalıb, ayağa qalxıb o tərəf-bu tərəfə qaçaraq çuxasını axtarmağa başlayır. Onun bu qəfil hərəkətindən karvan hürkür, bir qarışıqlıq düşür ki, gəl görəsən. Tacirlər qəzəblə Bəhlulun üstünə tökülüşürlər ki, onu döysünlər. Bəhlul görür bu vurhavurda onları başa salmaq çətindir, başlayır qaçmağa, ha qaçır, gizlənməyə bir yer tapmır. Axırda gəlib çatır xəlifənin sarayına, görür ki, sarayın qapısı açıqdır, girir içəri. Bu vaxt xəlifə adamlarını yığıb camaatın şikayətinə baxırmış.
Xəlifə Bəhlulu alt tuman-köynəkdə görüb soruşur:
– Bəhlul, de görüm bu nə haldır düşübsən, hardan gəlirsən?
Bəhlul özünü toxdadıb deyir:
– O dünyadan gəlirəm.
– Xeyir ola, o dünyadan nə xəbər gətirmisən?
– O xəbəri gətirmişəm ki, məbadə qatırçının qatırını hürküdəsən!
– Bu nə deməkdir? Qatırçının qatırını hürkütsəm, bəyəm nə olar?
– Bir gör dalımca nə qədər adam tökülüb gəlir? Bax onda belə olar.
Xəlifə görür, Bəhlulun dalınca o qədər əliağaclı adam tökülüb gəlir ki, əgər Bəhlul onların əlinə düşsə, onu xurd-xəşil eləyərlər.
– Bəhlul neyləyibsən ki, onlar səni qovurlar?
– Mən onların qatırlarını hürkütmüşəm. Bəs sən nə məşvərət keçirirsən?
– Camaatın şikayətlərinə baxıram.
– Hə, məsələ aydındır. Deməli, sən də camaatın qatırını hürküdübsən. Mən bircə qatır karvanını hürkütmüşəm, alt tuman-köynəkdə məni qovub öldürmək istəyirlər. Sən isə minlərlə insan karvanı hürküdübsən, gör onda sənə nə eləyərlər!
18.04.2023