Bu maraqlıdır!

İlk ingilis dili lüğəti

Latın dilində "diksionarius" sözünün mənası "söz kolleksiyası"idi. Con Harland adlı ingiltərəli müəllim şagirdlərinin əzbər bilməli olduğu latın sözlərinin siyahısına bu adı vermişdi. Bu, təxminən 1225-ci ildə olmuşdu. İzahlı lüğətin ingilis dilində adı da həmin o latın sözündən yaranıb.

 

Ondan sonra, təxminən 300 ilə yaxın bir müddətdə İngiltərədə hazırlanan heç bir lüğətdə bir dənə də olsun, ingilis sözü görünmədi. İngiltərədə lüğətlərin çoxu latın dilini öyrənmək istəyən insanlara kömək məqsədi ilə yazılırdı. Bu kitabların adları, həqiqətən də, çox bədii idi, məsələn, "Körpələr üçün anbar", yaxud "Söz bağçası".

 

Nəhayət, 1552-ci ildə ingilis sözlərindən ibarət ilk lüğət kitabı işıq üzü gördü. Onu Riçard Haloet tərtib etmişdi. Lüğətin adı yaman uzun idi: "Absedarium Anqliko-Latinum pro Tirunkulis". Gördüyünüz kimi, bu kitabın adı da latın dilində idi. Onun başqa lüğətlərdən fərqi bunda idi ki, lüğətə daxil edilmiş hər ingilis sözünün əvvəlcə ingilis dilində izahı, sonra latın dilində tərcüməsi verilirdi. Lüğətdə birinci ingilis sözlərinin mənası verilirdi deyə, onu ingilis dilinin ilk izahlı lüğəti sayırdılar. 

 

"Absedarium"da 26000 söz vardı. O çox populyar və kifayət qədər bahalı idi. Nəticədə buna bənzər, amma həcmcə daha kiçik, daha ucuz kitabların nəşrinə başlandı ki, sadə oxucunun da almaq imkanı olsun.

 

O dövrdə lüğət tərtibçiləri kitablarına ingilis dilindəki bütün sözləri salmağa can atmırdılar: onlar yalnız ən mürəkkəb sözləri izah edirdilər.

 

"İngilis dilinin izahlı lüğəti" adı altında ilk kitab isə 1623-cü ildə çıxdı. Onu Henri Kokerem tərtib etmişdi.

 

1807-ci ildə Birləşmiş Ştatlarda Noy Vebster nəhəng bir kitab üzərində işə başladı. Həmin kitab 1828-ci ildə işıq üzü gördü. Kitabda 12000 söz və onlara aid 40000 şərh vardı. Vebsterə qədər heç kim bu həcmdə iş görə bilməmişdi. Müəllif çətin sözlərin orfoqrafiyasını bir qədər sadələşdirmişdi. elə buna görə də İngiltərə və Amerikada bəzi ingilis sözlərinin yazılışı indi bir-birindən fərqlənir.