Bu maraqlıdır!

Böyük kəşflərin səbəbi

XV əsrdə avropalıların (ilk növbədə, portuqaliyalıların və ispanların) yeni torpaqlar axtarışına çıxması səbəbi çox idi. Ərzağın, xüsusilə də buğdanın çatışmaması onları bu taxılın yerləşdirildiyi Afrikanın şimal tərəfinə səfər etməyə məcbur etdi. Onlara həmçinin Avropada az rast gəlinən qızılı və müsəlmanlar tərəfindən Hindistandan gətirilən ədviyyatı əldə etmək lazım idi. Bu malların ucuz əldə edilməsi üçün avropalı tacirlər onları istehsal edən ölkələrə gedərək özləri almaq qərarına gəldilər. Bu məqsədə çatmaq üçün yeganə vasitə dəniz səfərləri idi. Onlar Afrikanın qərb sahillərinə çıxmağı və orada ticarət müəssisələri yaratmağı planlaşdırırdılar. Əgər onların gəmiləri Afrikanın cənubuna çatardısa, onlar Hind okeanını keçərərk Hindistana çata bilərdilər. Bu yolu ilk dəfə 1497-ci ildə Hindistana gəlmiş portuqaliyalı Vasko de Qama getdi.


Dəniz səyahətçilərini həvəsə gətirən başqa səbəblər də var idi: macəra axtarışı, İncilin təbliğ edilməsi həvəsi, bizim planeti elmi cəhətdən daha yaxşı tanımaq arzusu... Bunların hamısı gəmiçilikdə bir sıra inqilabi dəyişikliklər: astrolyabiyanın (en dairəsini təyin etmək üçün bucaqölçən alət) meydana gəlməsi, kompasdan (ərəblər tərəfindən XII əsrdə Avropaya gətirilmiş Çin ixtirası) istifadə, dənizçilik məlumatlarının (naviqasiya xəritələri) yayılması və uzaq məsafələr üçün yeni tip daha manevrli və sürətli gəmilərin-karavellərin düzəldiləmsi sayəsində mümkün oldu.