Heyvanlarda ünsiyyət
Heyvanlar danışa bilməsə də, onlar müəyyən hərəkətlər edir ki, bu da onların ünsiyyət vasitəsidir. Bir çox heyvanlar səs çıxarda bilir və onların bəzilərini insanlar eşidə bilir. Onlar eyni zamanda qoxubilmə vasitəsindən istifadə edirlər, insanda bu hissiyyat daha zəif inkişaf edib. Bəzi heyvanlar bir-birinə bağlılığını göstərmək üçün toxunaraq oxşayır. Digərləri öz növlərinin üzvlərinin forması və rəngini seçə bilir. Bəzi balıqlar ünsiyyət forması kimi kiçik gücdə elektrik cərəyanı istehsal etmək qabiliyyətinə malikdir. Heyvanlara, xüsusilə də eyni növdən olub, bir qrup yaşayanlara qohumluq münasibətinin qurulması və bir-birini təhlükədən xəbərdar etməsi üçün ünsiyyət lazımdır. Ünsiyyət zamanı heyvanlar bir-birinə yaşı, cinsi, sürüdə (dəstədə) tutduqları yer və ya yaşadıqları ərazi haqqında məlumat ötürürlər. Onlar həmçinin özlərinin vəziyyəti (sakit və ya acıqlı olması), qorxu, qavrama dərəcəsi, ovun və ya təhlükənin yaxınlaşması barədə məlumat verir. Məsələn, bir çox məməlilər yeni doğulmuş balalarını əzizləmək və qoxusunu daha yaxşı yadda saxlamaq üçün yalayırlar. Bir başqaları öz balalarını çağırdıqda onları səsi ilə tanıyır.
Ünsiyyət sahəsində heyvanlar xüsusilə təhlükəli vəziyyətlərdə bir-birinə kömək edə bilərlər. Təhlükəli anlarda yeganə çıxış yolu qaçmaq olan ceyranlar sürü şəklində olduqda daha güclü olurlar. Onlar otlayan və ya su içən zaman təhlükədən xəbər verən gözətçi olur. Qunduzlar da təhlükə barədə güclü quyruqlarını suya çırparaq öz yoldaşlarını xəbərdar edirlər.
Bəzi heyvanlar yem axtarışında bir-birinə kömək edirlər: arılar qanadlarının hərəkəti ilə və xüsusi ətir saçaraq öz yoldaşlarına şirə toplamaq üçün ən gözəl çiçəklərin harada olmasını bildirir.
İki erkək kərgədanın qarşı-qarşıya gələrkən ağızlarını açması heç də bir-birini salamlaması deyil, əraziyə sahib olmaq niyyətini göstərir. Onlar razılığa gələ bilmədiyi üçün və əsasları olmadığı üçün mübarizə başlayır. Daha güclü olanın dişləri zəifin bədənində dəhşətli yaralar qoyur. Ancaq təbiət çox ağıllıdır və elə edib ki, kərgədanın dərisindəki yaralar çox tez sağalır.