Nağıllar, hekayələr

Zahid Xəlil. Dayə gəlir

Uşaqlar həmişəki kimi evin böyük pəncərəsini qoyub balacasından çölə baxırdılar. Amma üç baş bu balaca pəncərəyə sığışmırdı. Kəmalə Nurgülün qıvrım saçlarını bir tərəfə itələdi:
—Görürsən ki, mən baxıram, hara soxulursan?

—Mən də baxmaq istəyirəm. Bir buna bax! — deyə Nurgül Kəmalənin başını itələdi.
—Əşşi bir o yana durun görüm də! — bunu Aysel deyirdi.


Üç baş bir-birini itələdi. Axırı bununla qurtardı ki, hər üçünün burnunda balaca bir cızıq yarandı. Başlarda fındıq boyda şişlər peyda oldu və yalnız bundan sonra onlar mehribanlaşıb çölə baxmağa başladılar. Amma küçədəki işlər tamam darıxdırıcı idi. Maşınlar elə əvvəlki kimi dörd təkərin üstündə qabağa şütüyürdülər. Adamlar əllərini qoyub yenə də ayaqları ilə harasa tələsirdilər. Dünya elə darıxdırıcı idi ki, uşaqlar qışqırmaqdan başqa əlac tapmadılar. Ordlarını doldurub bağırmaq istəyirdilər ki, birdən küçədə qəribə bir adam gördülər. Plaşını tərsinə geyinmiş bir qadın yüngül addımlarla dala-dala gəlirdi. Uşaqlar gördülər ki, o arxaya baxmadığı halda kanalizasiya quyusunun yanından elə məharətlə adladı ki, heç quyunun qırağına da toxunmadı. Qadın beləcə gəlib düz dördüncü mərtəbəyə qalxdı. Aysel hamıdan qabaq basa düşdü ki, bu qadın onların qapısını taqqıldadır.


Bəli, zəngi çalmaq əvəzinə qapını taqqıldadırdı. Lalə qapını açan kimi həmin o qəribə qadın dala-dala içəri girdi və nəzakətlə baş əydi.
—Mən tərbiyəçiyəm. Amma uşaqlarınız xoşuma gəlməsə qəbul edə bilmərəm.
Əvvəl Aysel qışqırdı:
—Dayə gəldi!
Sonra Nurgül dilləndi:
—Gələn dayə imiş.
Kəmalə özünə xas olmayan lap alçaq bir səslə dedi:
—Mən bu qadını hardasa görmüşəm.


Lalə sevindiyindən elə çaşmışdı ki, stolu gətirib dayənin altına təpəsi üstü qoydu. Sonra tez səhvini düzəldib dedi:
—Siz allah, bağışlayın!

—Nə bağışlayım? — deyə dayə çox sərt danışdı. — Yaxşısı budur uşaqları göstərin. Yoxsa bu saat çıxıb gedərəm.
—Ay uşaqlar, gəlin görək! — deyə Lalə uşaqları səslədi.


Qızların üçü də eyni zamanda irəli cumdular. Bir-birinə necə mane oldularsa təxminən on dəqiqə qapıdan keçə bilmədilər.
—Bir-bir keçin də — deyə ana həyəcanını gizlədib dilləndi. Dalınızca atlı çapır, nədi?!
Axırı ki, Aysel sürüşüb qapıdan keçə bildi. Onun paltarı əzilsə də qapıdan keçmə yarışında qalib çıxdığı üçün sevinirdi.


Nurgülün qıvrım saçlarının bir hissəsi Kəmalənin əlində yolunub qalmışdı. Çünki irəli keçə bilmədiyi üçün Kəmalə onun saçlarını əlinə keçirib necə dartmışdısa tüklər yolunmuşdu. Saçı yolunsa da Nurgül ikinci çatmışdı. Kəmalə isə gəlib çıxmadı. Çünki qapıdan üçüncü keçmişdi və bu, 1 Tərs adına qətiyyən yaraşmayan bir iş idi.


Dayə uşaqların alışıb yanan gözlərinə baxıb dedi:
—Deyəsən ağıllı uşaqlardı!
—Çox ağıllıdılar! — İlahi bu söz Lalənin ağzından necə çıxdı. Dеyəsən axı o, «bunlar çox tərsdirlər» demək istəyirdi.


Amma daha sözünü geri götürə bilməzdi. Söz də quş kimi bir şeydi. Ağızdan çıxdı, daha uçub gеtdi.
—Yaxşı, mən bu gündən sizə köçməyə razıyam.


Əgər bilsəydiniz Lalənin uçmağa qanadı yox idi. Heç özü də bilmədi ki, atılıb dayənin boynundan nə vaxt sallandı.


Onun üz-gözünü tamam öpüşdən çıxarıb rahat nəfəs aldı.


Dayə qaşqabağını töküb dedi.
—Haydı otağa. Tərbiyə işində gecikmək olmaz!