Tapioka
Amerika hindularının ənənəvi qidası olan tapioka pudinqi haqqında məlumatınız var?
Tapiokanı isti ölkələrdə bitən iri bir kolun köklərindən alırlar. Həmin kolun adı "manioka", "yukka", "mandioka", yaxud ingilislərin dediyi kimi, "kassava"dır. Manioka kökləri təxminən 33 faiz nişastadan və 57 faiz sudan ibarətdir. Bu köklərdən qida hazırlamaq üçün adama xeyli vaxt gərək olur. Əvvəlcə onu yuyub təmizləyirlər, sonra iki-üç günlüyə qazanda suya yatırırlar, ya da elə axar suyun içinə sallayırlar. Amma qabaqcadan, suya yatırmamış da sürtkəcdən keçirib pastaya bənzər bir kütlə almaq olar. Həmin pastanı qovurub yeyir, yaxud qurudaraq, ondan un düzəldirlər.
Tapioka bişirmək üçün sürtkəcdən keçmiş kütləni çox təmiz su ilə qarışdırıb bir kənara qoyurlar. Təmiz nişasta dənələri tədricən dibə çökür, bütün kirli məhlul isə atılır. Sonra nişastanı çıxarıb bir də su ilə qarışdırırlar. Bu proses dörd-beş dəfəyədək davam edə bilər. Nişasta kifayət qədər təmizləndikdən sonra, onu alovu vam olan ocağın üstünə qoyulmuş metal teştǝ səpirlər. Bu nişasta bişərkən ara vermədən qarışdırılmalıdır. Bir azdan nişasta suyun içində balaca düyünlər əmələ gətirir. Bu prosesdən sonra alınan təmiz nişastaya "tapioka" deyilir. İndi artıq siz bilirsiniz ki, bir kolun kökləri yemək şəklində süfrəyə gələnədək hansı əməliyyatlardan keçir. Amerikalılar tapiokanın böyük bir hissəsini Braziliyadan, Madaqaskardan və Yavadan alırlar. Ocaqda qovrulmamış təmiz manioka nişastası Birləşmiş Ştatlarda "tapioka unu" adı ilə məşhurdur. Ondan, pambıqdan hazırlanan məmulatın emalında, poçt markaları üçün yapışqan istehsalında və s. istifadə edirlər.
05.05.2023