Görkəmli şəxsiyyətlər

Alber Kamü

Fransız filosof, yazıçı və jurnalist Alber Kamü 1913-cü il noyabrın 7-də o zaman Fransanın müstəmləkəsi olan Əlcəzairin şimal-şərq rayonunda, indi Annaba adlanan Bone liman şəhərinə yaxın Mondovi kəndində anadan olub. Atası hərbi veteran və şərab zavodunda yükdaşıyan fəhlə Lüsyon Avqust Kamü, anası isə evdar qadın olmaqla yanaşı, günün yarısını fabrikdə çalışan Mari Katerin idi. 

 

Kamünün hələ bir yaşı tamam olmamış, I Dünya müharibəsi başlayan kimi atası hərbi xidmətə çağırılıb və 1914-cü ilk Marna döyüşündə aldığı yaradan dünyasını dəyişib. Atası öldükdən sonra anası və böyük qardaşı Əlcəzairə köçüb, burada dayısı və nənəsi ilə birgə Belkur adlı fəhlə rayonunda yaşamalı olublar.

 

Yazdığı, ancaq tamamlaya bilmədiyi "İlk insan" romanında Kamü həyatının bu məşəqqətli dövrünü xatırlayır, kasıblıq və səfalət illərinin dərdini danışırdı.


"Ecole Communlue"də ibtidai sinfə gedən Kamünün buradakı müəllimlərindən biri günlərin birində onun dərin zəkaya malik olduğunu hamıya bildirir. Məktəbdəki mühit onun üçün yeni səhifə açır, atası müharibə veteranı olduğundan Kamü dövlət himayəsində idi, tələbə kimi özünü yaxşı göstərdiyindən 1924-cü ildə müəllimi Lui Germeynin təsiri altında, öz təhsilinə Əlcəzair yaxınlığındakı prestijli liseydə davam etmək üçün təqaüd qazanıb. 

 

1933-cü ildə Kamü Əlcəzair Universitetinə qəbul olub və 1936-cı ildə Plotin haqqında olan dissertasiyasını təqdim etdikdən sonra fəlsəfə üzrə bakalavr diplomunu alıb. 

 

Kamünün ilk nəşri 1936-cı ildə üç dostu ilə yazdığı “Asturiyada üsyan” adlı tamaşa idi. 1937-ci ilin mayında o, ilk kitabı olan “Yanlış tərəf və doğru tərəf”-i qələmə alıb. 

 

Ona böyük şöhrət gətirən əsərlərindən biri 1942-ci ildə çap edilən "Yabançı" romanı idi. 

 

1956-cı ildə Kamü "Çöküş" romanını nəşr etdirib, təəssüf ki, bu, onun son əsəri olub.


A.Kamü 1960-cı il yanvarın 4-də  avtomobil qəzasında 46 yaşında vəfat edib.