Mədəni irsimiz

Naftalan

Kiçik Qafqaz sıra dağlarının ətəklərində məskən tutmuş Naftalan təbiətin insana olan sevgisinin ən bariz nümunəsidir. Naftalan şəhəri Azərbaycanın şimal-qərbində, Bakıdan 340 km məsafədə yerləşir. 1967-ci ilə qədər Naftalan şəhəri Goranboy və Yevlax rayonlarının tərkibində qəsəbə kimi fəaliyyət göstərib.1967-ci ilin 28 aprelində Naftalana Respublika tabeli şəhər statusu verilib.

 

Naftalan nefti orta əsrlərdən bir çox xəstəliklərin müalicəsində təsirli dərman kimi tətbiq olunub.Buradan çıxarılan neft görünüşcə adi sənaye nefti ilə oxşar olsa da, 70-dən çox xəstəliyi müalicə etməyə imkan verən unikal kimyəvi tərkibə və şəfalı xüsusiyyətlərə malikdir. Naftalana səfər edən turistlərin əsas məqsədi müalicəvi neft vannası qəbul etmək olsa da, bu müasir şəhər həm də qədim tarixi, yamyaşıl parkları və bütün ailənin istirahət və əyləncəsini təmin edən kurortları ilə tanınır. Yayı quru-isti, qışı mülayim isti keçir. "1001 dərdin dərmanı" olan  Naftalan nefti əsəb, ginekoloji, uroloji və dəri xəstəliklərinin, eləcə də qaraciyər xəstəliklərinin, oynaqların müalicəsində təsirli vasitə kimi bütün dünyada məşhurdur. Naftalan mənbələrinin məşhur müalicəvi xüsusiyyətlərinə baxmayaraq, 19-cu əsrə qədər quyudan neft əl ilə alınıb. 1873-cü ildə ilk quyu qurulub. 1890-cı ildə kənddə artıq neft emalı və xəstəxana üçün  kiçik zavod var idi. Naftalan məlhəmləri ölkənin hüdudlarından kənarda şöhrət qazanıb və Dünya Müharibələri zamanı əsgərlər tərəfindən istifadə olunmağa başlayıb.