Görkəmli şəxsiyyətlər

Soltan Dadaşov

Azərbaycan rejissoru, Xalq artisti Soltan Dadaşov 1906-cı il mayın 27-də Bakıda anadan olub. Kiçik yaşlarında ruhani təhsili alıb. Fərasət və diribaşlığına, oxumağa həvəsli olmasına görə atası onu türk-rus məktəbinə verib. Qabaqcıl şagird kimi müəllimlərin sevimlisi olan yeniyetmə Soltan buradan da realnı məktəbə keçib. Erkən gənclik illərindən klassik şairlərdən Məhəmməd Füzulinin, Molla Pənah Vaqifin, Seyid Əzim Şirvaninin, Qasım bəy Zakirin ədəbi irsini dərindən mənimsəyib.

 

1920-1921-ci illərdə Soltan Dadaşov Bakıdakı Mərkəzi fəhlə klubunun dram dərnəyinin fəallarından olub. Sovet hökumətinin təşkil etdiyi təbliğat və təşviqat briqadalarının fəal üzvü kimi Azərbaycanın rayonlarında aktyor, müğənni kimi çıxışlar edib.

 

1923-cü ildə milli səhnə mədəniyyətimizi peşəkar ixtisaslı kadrlarla təmin etmək məqsədilə Bakı Teatr Məktəbi (Texnikumu) açılıb. Soltan Dadaşov həmin məktəbin ilk məzunlarından olub və 1924-cü ildə həmçinin Milli Dram Teatrının yardım heyətində aktyorluq edib. Texnikumda oxuduğu illərdə teatrın səhnəsində tamaşaya qoyulmuş bir sıra əsərlərdə epizod rollar oynayıb. Fərasətli tələbə olduğuna, Bakı Teatr Məktəbini əla qiymətlərlə bitirdiyinə, rus dilində sərbəst danışdığına, həssas musiqi duyumuna, Milli Dram Teatrının səhnəsindəki sərbəst yaradıcılıq cəhdlərinə görə və ən əsası, sənət müəllimi Aleksandr Tuqanovun zəmanəti ilə Azərbaycan Respublikasının Xalq Maarif komissarlığı (XMK) 1927-ci ildə Soltan Dadaşovu Moskvada təhsilini davam etdirməyə göndərib. Mərkəzi Teatr Texnikumunda dörd il təhsil alan Soltan Dadaşov 1931-ci ildə Bakıya musiqili teatr rejissoru ixtisası ilə qayıdıb. O, Moskvada Aleksey Popov, Boris Zaxava, Andrey Petrovski, Boris Suşkeviç kimi məşhur pedaqoqlardan sənət ixtisası dərsi almış, rejissuranın estetik və fəlsəfi əsaslarına bacarıqla yiyələnib.

 

Təhsilini bitirib təyinatla Azərbaycan Xalq Maarif komissarlığının sərəncamına göndərilən Soltan Dadaşov opera teatrına quruluşçu rejissor təyin olunub. O, opera teatrında çalışan ilk peşəkar təhsil almış rejissor idi və buna görə də elə ilk işindən onun quruluşları əzəmətli vüsətinə, zəngin koloritinə və tamaşaların səhnə həllinin bəstəkarların partiturası ilə uyğun gəlməsinə görə seçilirdi. 

 

1934-cü ildən pedaqoji fəaliyyətlə də məşğul olan S.Dadaşov uzun illər Azərbaycan Dövlət Teatr Institutunda aktyor və rejissor sənətindən dərs deyib. Milli opera teatrı tarixini, onun görkəmli sənətkarlarının yaradıcılıq yolunu dərindən bilən S.Dadaşov “Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Opera və Balet Teatrı” kitabının, xalq artisti Hüseynağa Hacıbababəyov barədə monoqrafiyanın müəllifidir. Eyni zamanda Azərbaycan estradasında rejissorluq etmiş, Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı üçün rəngarəng proqram kompozisiyaları hazırlamışdır. Azərbaycan musiqili teatrının inkişafında xidmətlərinə və rejissorluq sənətində qazandığı ciddi nailiyyətlərə görə Soltan Dadaşov 1940-cı il aprelin 23-də Azərbaycan SSR Əməkdar incəsənət xadimi və 1958-ci il aprelin 26-da Xalq artisti fəxri adları ilə təltif olunub.

Sənətkar 1969-cu il sentyabrın 7-də Bakıda vəfat edib.