Mədəni irsimiz

Muğan xalçası

Azərbaycanda bir neçə xalçaçılıq mühiti məktəbi var və onlardan biri də Qarabağ xalçaçılıq məktəbidir. Əsrlərdən bəri inkişaf edən Qarabağ xalçaçılığı çeşidli xalça növlərinə malikdir. Bu xalçalardan biri də Muğan xalçalarıdır.

 

Xalçanın adı Azərbaycanın cənub–şərqində, Kür ilə Araz çayları arasında yerləşən böyük ərazinin adı ilə əlaqədardır. X əsrdə yazılmış "Hüdud–əl Əlyamin" əsərində qeyd edilirdi ki, Muğanda çoxlu sayda çuval və palazlar toxunur. Yaşlı xalçaçıların hekayələrindən belə anlaşılır ki, Muğan xalçaları Şirvan xalçalarına nisbətən daha yüksək keyfiyyətli hesab edilirdi.

 

Bu xalça məhəlli olaraq Şirvan qrupuna, parçanın texniki qabiliyyətinə görə isə Qarabağ tipinə aiddir. Yumşaqlıq, zəriflik, hamarlıq və rənglərin ahəngdarlığı Muğan xalçaları üçün səciyyəvi hesab edilirdi.  Müxtəlif üsullarda toxunulan "Muğan xalçaları" əsasən iki üsulla toxunmuşdur:

 

I üsul- Azərbaycanın şərqində "Qarmaqlı xalçalar", qərbində isə "Quyrumlu xalçalar" adını almış xalçaların əsas bəzəyi xalçaçılar arasında "kehna-naxış" adını almış qarmaqvari elementlərdən ibarətdir. Həm orta əsrlərdə, həm də indi toxunan xalçalarda bu elementin ətrafında 12 qarmaq, ona diaqonal olaraq isə 3 qarmaq yerləşdirilir.

 

II üsul - Bu xalçalar xalçaçılar və sənətşünaslar arasında "Çiçəkli Muğan" adını almışdır. Onun orta sahəsi hər biri özünəməxsus mənaya malik olmaqla müxtəlif formalı elementlərdən ibarətdir.


Bir-birindən böyük məsafədə yerləşən göllər, onların arasındakı aralıqları dolduran, xalçaçıların "qadın zinəti" adlandırdıqları elementlər, həmçinin gül dəstələri və digər elementlər bu üsulla toxunan xalçanın səciyyəvi xüsusiyyətləridir.

 

XIX əsrdə düyünlərin böyük sıxlığı ilə seçilən xalçalar toxunurdu. XIX əsrin IV rübündən isə daha xırda sıxlıqlı xalçalar toxunmağa başladı. "Muğan xalçaları" müxtəlif format və müxtəlif proporsiyalara malikdir.