Buqələmunun rəng dəyişməsi
Nə qədər qəribə olsa da, buqələmunun rəngi ətraf mühitdəki rənglərdən heç də asılı deyil. Buqələmunun dərisi şəffafdır. Onun altında qara, qırmızı və sarı hüceyrələr var. Onlar sıxılanda, yaxud boşalanda adamda elə təəsürat yaranır ki, guya buqələmun öz rəngini dəyişdi.
Bəs bu hüceyrələri işləməyə vadar edən nədir? Heyvan qəzəblənəndə, yaxud qorxanda onun əsəb sistemi bu hüceyrələrə siqnal göndərir. Qəzəb tünd rəng əmələ gətirir, həyəcan, yaxud qorxu açıqrəngli çalarlar, sarı ləkələr doğurur.
Gün işığı da buqələmunun rənginə təsir edən amillərdəndir. İsti günəş həmin hüceyrələri qaraldır. Gün işığı düşməyən, amma çox isti yerlərdə buqələmun yaşıl, qaranlıqda isə krem rəngi alır, onun dərisində sarı ləkələr yaranır.
Ətraf mühit deyil, emosiya, temperatur, işıq kimi faktorlar buqələmunun əsəb sistemini rəngli hüceyrələri dəyişməyə məcbur edir.
Bu dəyişkənlik buqələmuna özünün ilanlar, quşlar kimi düşmənlərindən gizlənmək imkanı verir. Heyvan çox ləng hərəkət etdiyindən, rəngin dəyişməsi həyatını qorumaq üçün vacib müdafiə vasitəsidir.
06.06.2023