Bu maraqlıdır!

Rast muğamı

“Rast” yeddi əsas muğamlardan birincisi olub, bütün Şərq ölkələrində mövcuddur. “Rast”ın mənası doğru, dürüst, müstəqim və düzgün deməkdir.

 

Muğamların anası adlandırılan “Rast” muğamı öz adını, kökünün səs düzümünü, hətta öz tonikasının (mayəsinin) ucalığını belə zəmanəmizə qədər mühafizə edib saxlaya bilmişdir .

 

Türk musiqişünası Həsən Təhsin “Rast” muğamı tonikasının (mayəsinin) sol səsindən ibarət olduğunu xüsusi qeyd etmişdir.

 

Mayəsi sol notu olan Rastın bütün Şərq ölkələrində kökü eynidir. 

 

İran musiqisində «Rast» dəstgahı- “Rast-pəncgah” adlanır.


Azərbaycanda muğam sənəti yaxşı inkişaf etdiyi üçün Rast dəsgahının şöbələr arasındakı ardıcıllıqda müəyyən fərqlər vardır.

 

Ə.Bədəlbəylinin “Musiqi lüğəti” kitabında göstərilir ki, Bakının (Abşeron), Şamaxının (Şirvan), Şuşanın (Qarabağ) muğam məktəblərində Rast dəstgahının şöbələrinin sayı fərqlidir.

 

Bakı muğam məclislərində “Rast”ı 15 şöbə və guşə ilə oxuyardılar. 

 

Şuşa muğam məclislərində “Rast” dəstgahındakı şöbə və guşələrin sayı nisbətən çox idi.

 

Şamaxı muğam məclislərində “Rast” dəstgahında ifa olunan şöbə və guşələrin sayı 21-ə çatdırılmışdır. 

 

1925-ci ildə Ü.Hacıbəyovun imzası ilə təsdiq olunmuş proqramda “Rast” dəstgahı aşağıdakı ardıcıllıqla ifa olunardı. “Rast”, “Üşşaq”, “Hüseyni”, “Vilayəti”, “Məsihi”, “Dəhri”, “Xocəstə”, “Xavəran”, “İraq”, “Pəncgah”, “Raki-Xorasani”, “Qərai”, “Rast”.

 

Növbəti illərdə bu proqram getdikcə təkmilləşmiş, bəzi guşələr birləşərək şöbə formasını almış, bəziləri ixtisar olunmuş, beləliklə “Rast” dəstgahı təkmil formaya düşmüşdür.


Ə. Bakıxanov proqram üzərində yenidən işləyərək “Rast” dəsgahını 10 şöbə və guşədən ibarət etdi.


“Rast” muğamının bir xüsusiyyəti ondadır ki, bu muğamın öz hissələrində oxşar çəhətlər çoxdur. Onları fərqləndirən cəhət həm onların müxtəlif registrdə səslənməsi və həm də ifaçının improvizasiya məharəti ilə bağlıdır. 


“Rast” dəstgahı Səttar, Hacı Hüsü,  Cabbar Qaryağdı oğlu, Mirzə Güllər, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Xan , Həqiqət Rzayeva, Ağabala Abdullayev, Hacıbaba Hüseynov, Nəzakət Məmmədova və s. xanəndələr tərəfindən ifa edilib.

 

“Rast” ailəsinə daxil olan muğamlar bunlardır: “Mahur-hindi”, “Orta Mahur”, “Bayatı-Qacar”, “Dügah”.

 

İmran Axundov. Azərbaycan muğamları