Məlik Dadaşov
Azərbaycan teatr və kino məktəbinin ən görkəmli nümayəndələrindən biri olan Məlik Dadaşov 1924-cü il iyunun 7-də Bakıda doğulub. Azərbaycanın Xalq artisti Məlik Dadaşov həm komediyalarda, həm dramatik və faciə xarakterli obrazlarda, həm də lirik-psixoloji rollarda böyük uğur qazanıb.
1945-ci ildə Gənc Tamaşaçılar Teatrında aktyor kimi işə başlayır. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirdikdən sonra Akademik Dram Teatrının trubasına daxil olub və burada ilk dəfə H. Muxtarovun "Ailə namusu" pyesində rol alıb. Onun yaradıcılığının başlanğıcı Azərbaycan milli teatr sənətinin güclü inkişaf dövrünə təsadüf etmişdi. O vaxt Azərbaycan səhnəsinə Ə. Ələkbərov, M. Məmmədov, A.İsgəndərov və onlarla digər sənət korifeyləri ilə çalışıb. Bu münbit sənət mühiti onun yaradıcılıq bioqrafiyasına güclü təsir göstərib və tezliklə onu səhnəmizin qüdrətli sənətkarları sırasına çıxarıb.
Azərbaycan aktyor məktəbinin orta nəslinə mənsub olan Məlik Dadaşov teatrda onlarla obraza səhnə həyatı verib, elə kinoda da yaddaqalan, maraqlı rollar yaradıb. O, təkcə Azərbaycanda deyil, bütün dünyada xalqımızı təmsil edən nadir sənətkarlardan olub. Yüksək intellektə, mədəniyyətə malik, aktyor sənətinin yüksək texnikasına yiyələnmiş bu sənətkar bir-birindən maraqlı, bənzərsiz rollar yaradıb.
Məlik Dadaşovun Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri var. O, klassik və müasir aktyor sənətinin sintezindən yaranan bir ifa tərzi seçmişdi. “Axırıncı aşırım”dakı Qəmlo bütövlükdə kinomuzda yaddaqalan obrazlardandır. Bu obrazın bütün xarakterik cizgilərini ustalıqla açan aktyor filmin əsas dramatik yükünün daşıyıcısına çevrilir.
Görkəmli aktyor “Birisi gün, gecəyarısı”, “O dünyadan salam”, “Fəryad”, “Hacı Qara” kimi filmlərdə də yaddaqalan və maraqlı obrazlara ekran həyatı verib.
Aktyor ömrünün son illərində S.Vurğun adına Rus Dram Teatrında çalışıb. Bu teatrda direktor kimi çalışdığı dövrdə teatrın repertuarı xeyli zənginləşib, buraya yeni yaradıcı qüvvələr cəlb olunub. 1980-ci illərdən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənətindən dərs də deyib.
Görkəmli aktyor 1996-cı il dekabrın 2-də 72 yaşında dünyasını dəyişsə də Azərbaycan mədəniyyətinə və incəsənətinə verdiyi dəyərli töhfələr onu hər zaman yaddaşlarda saxlayacaq, unudulmağa qoymayacaq.
07.06.2023