Şeirlər

Cabir Novruz. Bulaq suyu, dağ havası

İki kəlmə adi, sadə,
Bulaq suyu, dağ havası.
Uzaq düşdük bu dünyada,
Bulaq suyu, dağ havası...


Uşaqlığım qaynar, odlu,
Şirəsini sizdən tutdu...
Siz piyada, mənsə atlı
Bulaq suyu, dağ havası.


Nəğməm sizdən havalandı,
Şerim sizdən cilalandı,
Qanım sizdən mayalandı,
Bulaq suyu, dağ havası.


Minib polad təkərlərə,
Çıxdıq uzaq səfərlərə.
Tökülmüşdük şəhərlərə,
Bulaq suyu, dağ havası.


Dayı getdi, əmi getdi,
Ömrümüzün çəmi getdi,
Ağzımızın təmi getdi.
Bulaq suyu, dağ havası.


Zirvələrin başı qarlı,
Meşələrin içi barlı.
Ay kökünə etibarlı
Bulaq suyu, dağ havası.


Yoxuş yoran çağım hanı,
Daşdan ağır yuxum hanı,
Həsrətimin qəhrəmanı,
Bulaq suyu, dağ havası.


Şəhər orda, oba burda,
Övlad orda, baba burda,
Ömür çapır iki yolda,
Bulaq suyu, dağ havası...