Nağıllar, hekayələr

Sevinc Nuruqızı. Melisa

Haqqında danışacağım yumşaq gəlincik uzaqdan gəlmişdi. Haradan, heç özü də bilmirdi. Bircə onu bilirdi ki, lap uzaqdan gəlib. Çünki onları təyyarəyə yükləyəndə minlərlə gəlinciyin içindən yalnız o, çəhrayı xalça saçaqlarına bənzəyən saçlarla dolu başını çıxardıb ətrafa baxa bilmişdi. O saat da soyuqdan tir-tir əsmişdi:
— Qar yağıb. Çox soyuqdur...
 
 Əsə-əsə yenidən çəhrayı saçlı başını çıxartdığı deşikdən çəkib içəri salmış və təyyarəyə mindiyi üçün harayasa çox uzağa getdiyini anlamışdı. Təyyarə bir xeyli uçmuşdu. Sonra hara isə enmişdi. Və həmin yumşaq bədənli gəlincik yumşaq çəhrayı saçlı başını yenə də həmin deşikdən çıxardıb baxmış və demişdi:
— Günəş çıxıb, qar da yoxdur. Hər tərəf də yamyaşıldır.
 
Sonra gəlinciklər bir-birini itələyib demişdilər:
— İstidir... Çəkil, mənə toxunma. Qoy baxım.
 
Sonra onları bu günəşli ölkənin ən yaxşı mağazalarından birinə gətirmişdilər.
 
Hər gələn uşaq çəhrayı saçlı gəlinciyin yanından başqalarını seçmiş, o isə qalmışdı...
 
Amma bir dəfə gəlincik neçə gündən bəri yaşadığı böyük tor səbətin dəmir millərindən tutub həsrətlə gəlib-gedənə baxırdı. Bir də gördü qarşısında yekə parlaq gözləri olan bir qız dayandı. Qız gözlərini ona zilləmişdi. Çəhrayı saçlı gəlinciyə:
— Ata, bax, gör nə gözəldir...
 
Gəlincik bu sözlərdən necə kövrəlmişdisə, əlləri dəmir millərdən qopmuş və o, kəlləmayallaq səbətin dibinə gəlmişdi.
 
Qızçığaz onu balaca əlləri ilə qaldırmış, sığallaya-sığallaya atasına göstərmişdi:
— Ata, xahiş edirəm, al da bunu mənə...
 
Atası gülümsəmişdi... Qızcığaz onu balaca əllərində aparmışdı. Çəhrayı saçlı gəlinciyi. Adını üstünə yapışdırılmış kağızdan oxumuşdu — Melisa...
 
Onlar artıq neçə il idi ki, birlikdə idilər.
Qız böyümüşdü. Melisa isə əksinə, bir az köhnəlmiş, bir az əzilmiş, balacalaşmışdı.
 
İndi onu qızın əlində görənlər gülürdülər:
— Bunu haradan tapmısan? Çox köhnədir...
 
Belə sözləri eşidəndə Melisa kədərlənir, qız isə onu daha ürəkdən sinəsinə qısıb deyirdi:
— Gəlinciklər heç vaxt köhnəlmir. Melisa da təzədir. Həm də gözəldir. Ondan gözəl gəlincik Yer üzündə yoxdur...
 
Amma bu, çəhrayı saçlı gəlincik haqqında nağılın heç də sonu deyil. Sonu isə çox kədərlidir.
 
Bir gün Melissa eyvanın məhəccərinin üstündə oturub rəfiqəsini gözləyirdi.
 
Hər gün olduğu kimi. Günəş şüaları onun çəhrayı saçları ilə oynayırdılar. Sonra haradansa bir oğlan peyda oldu. Oğlan məhəccərə yaxınlaşdı. Eyvana boylandı.
 
Melisanı gördü. Görən kimi də gülməyə başladı:
— Ha, ha, ha... Buna bax. Lap əldən düşüb ki...
 
Sonra o, Melisanın çəhrayı saçlarından tutub fırlatdı. Melisa həyətin tozlu küncünə çırpıldı. Oğlan ona yaxınlaşdı.
Saçlarından qaldırıb bir də baxdı:
— Fu, nə gündəsən...
 
Dedi... Və onu ayaqları ilə həyətin o tərəf bu tərəfinə atdı. Melisanın çəhrayı saçları qapqara oldu... Həmişə gülümsəyən gözləri tozla doldu... Günəş batdı.
 
Kədərlə qapqara buludların arxasında itdi. Sonra yağış yağmağa başladı. Yağışdan qaçan oğlan Melisanı ayaqları ilə vura-vura həyətdən çıxartdı...
 
Qız isə hələ də onu axtarır.
 
Hətta müsahibə verdiyi bir qəzetin müxbirinə də belə demişdi:
“Mənim bir gəlinciyim vardı. Adı Melisa idi. Mən onu çox sevirdim... 
Bu sözləri deyəndə isə qara gözləri yaşla dolmuşdu...
 
 
Göy qurşağı uşaq jurnalı