Təbiət

Ohrid gölü

Ohrid gölü və ətrafı təbiətin Avropaya verdiyi ən gözəl hədiyyələrdən biridir. Makedoniyanın cənub-qərbində yerləşən, Balkanların ən dərin və ən qədim gölü olan Ohrid gölünün sahəsi 358,2 km2-dir. 2-3 milyon il bundan əvvəl tektonik hadisələr nəticəsində meydana gəlmişdir.


1979-cu ildə YUNESKO tərəfindən Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi ilə gölün əhəmiyyəti artdı, lakin gölün ətrafında insanların yaratdığı mənfi amillər və göldəki suyun miqdarının getdikcə azalması göl üçün təhlükədir. 


Gölün kənarında üç şəhər salınıb. Bunlardan Ohrid və Struqa Şimali Makedoniyada, Poqradaş isə Albaniyadadır. Bu şəhərlərdən kənarda çoxlu kiçik balıqçı kəndləri olsa da, bu gün turizmdən əldə edilən gəlir bütün mərkəzlərdə balıqçılıqdan gələn gəliri üstələyib. Gölün ətrafındakı əhali təxminən 131.000 nəfərdir, onlardan 43.000-i Albaniyada, 88.000-i Makedoniyadadır.

 

Göl mikroorqanizmlərdən tutmuş iri heyvanlara qədər dünyanın çox sayda endemik heyvan növlərinə ev sahibliyi edir. Göldə 68 şirin su ilbizi növü var. Göldə tapılan balıq növlərinə siprinidlər, Ohrid alabalığı və belvika daxildir. Onların arasında yerli alabalıq xüsusilə məşhurdur.