Nağıllar, hekayələr

Mark Tven . Tom Soyyerin Macəraları. IV fəsil

LOVĞALIQ GÖR ADAMl NƏ HALA SALIR

Günəş yer üzərində yüksələrək dinc şəhərə işıq saçır, sanki ona xeyir-dua verirdi. Səhər yeməyindən sonra Polli xala bütün ailəni ibadətə topladı; bu ibadət möhkəm bünövrə üzərində qurulmuş Tövrat dualarından başlanır, sonra isə xüsusi əlavələrdən ibarət duru sementlə bərkidilirdi.

İbadətdan sonra Tom özünü möhkəm ələ alaraq, Tövratdan şeir əzbərləməyə başladı. Sid öz dərsini  hələ bir neçə gün bundan əvvəl əzbərləyib qurtarmışdı.


Tom bütün qüvvəsini səfərbərliyə aldı ki, beş şeri əzbərləyib öyrənə bilsin: o, uzun-uzun vəzlər seçdi, ona görə ki, heç yerde qısa şeir yox idi.


Yarım saatdan sonra Tom dərs haqqında yalnız tutqun bir təsəvvürə malik idi, ona görə ki, dərsdən başqa Tomun beynində hər nə istəsəniz var idi, əlləri isə hey hərəkət edir, tamamilə başqa işlərlə məşğul olurdu.


Meri onun əlindən kitabı aldı ki, Tom dedikcə baxıb yoxlasın. Tom dili dolaşa-dolaşa dərsi əzbərdən deməyə başladı.


- Ruhən... e... e...
- Yoxsul olanlar.
- Hə, yoxsullar, olanlar. Ruhən yoxsul olanlar... e... e...
- Xoşbəxtdirlər...
- Xoşbəxtdirlər, zira onlar... Zira onların...
- Yox onlar...
- Onlar. Ruhən yoxsul olanlar xoşbəxtdirlər. Zira onlar cənnətlikdirlər.
Göz yaşı axıdanlar xoşbəxtdirlər, zira onlar...
- U...
- Zira onlar... e... e...
- U, T, E...
- Zira onlar, U, T, E... Dalısını bilmirəm! Xöşbəxtdirlər, zira göz yaşı axıdanlar, zira onlar, göz yaşı axıdanlar... Bəs sonrası necədir? Vallah, bilmirəm!


Meri, niyə bəs kömək eləmirsən. Heç utanmırsan, moni acıqlandırırsan!
- Eh, Tom, yamanca sarsaqsan. Mən heç də səni acıqlandırmıram.


Bu heç mənim fikrimə də gəlmir! Sən gərək dərsini başdan-ayağacan təzədən əzbərləyəsən. Eybi yoxdur, Tom, birtəhər öyrənərsən, nə vaxt ki, yaxşı-yaxşı öyrəndin, sənə çox yaxşı bir şey bağışlayacağam, hə, de ağıllı ol, başla!
- Yaxşı! Nə bağışlayacaqsan, Meri! De də...
- Sənin üçün nə fərqi var! Dedim yaxşı şeydir, demək yaxşı şeydir.
Arxayın ol!
- Hə, sən mənə yalan deməzsən! Yaxşı, indi gedib möhkəm girışərəm.
Tom işə "möhkəmcə" girişdi, özü də ikiqat maraqla - alacağı hədiyyənin həvəsi ilə elə səylə işə girişdi, parlaq müvəffəqiyyət əldə etdi.


Bunun əvəzində isə Meri ona on iki sent yarım qiymətində ikiağızlı cib bıçağı bağışladı. Tomun sevincinin həddi-hüdudu yox idi. Doğrudur, bıçağın ağzı heç bir şey kəsmirdi, lakin bu əldəqayırma, sarsaq bir şey deyildi. Barlou firmasının buraxdığı "həqiqi" bıçaq idi, elə buna görə də Tomu heyran etmişdi. Bu qərb ştatlarının uşaqları haradan uydurublar ki, belə qorxunc silahı əldə də qayırmaq
olar və əldə qayrılan bıçaq heç də əsl bıçaqdan pis olmaz. Bu, yəqin ki, həmişəlik bir sirr olaraq qalacaqdır. Tom bu bıçaqla bufetin ora-burasını kəsib müayinə etdi və yenicə kamoda əl atmaq istəyirdi ki, onu bazargünü məktəbinə getmək üçün geyinməyə çağırdılar.


Meri ona içi su ilə dolu ləyən və bir parça sabun verdi. Tom həyətə çıxib ləyəni skamyanın üstünə qoydu, sabunu suya salıb çıxartdı və yerinə qoydu; qollarını çırmaladı; sonra suyu götürüb xəlvətcə yerə tökdü; mətbəxə girib qapının dalından asılmış dəsmal ilə üzünü bərk-bərk silməyə başladı. Lakin Meri üz dəsmalını onun əlindən alıb dedi:
- Tom, heç utanmırsan! Yaxşı-yaxşı yuyun, su sənə heç bir şey eləməz.


Tom bir az pərt oldu. Ləyənə yenə də su tökdülər, bu dəfə də Tom ləyənin yanında bir müddət dayandı. Nəhayət cəsarətini topladı və dərindən nəfəs alaraq əl-üzünü yumağa başladı. Bundan sonra o gözləri yumulu halda mətbəxə girib, əlini divara sürtə-sürtə üz dəsmalını axtarmağa başladı. Bu zaman yanaqlarından axan sabun köpüyü onun no dərəcədə zəhmət çəkdiyini gözəl sübut edirdi. Lakin o dəsmalı üzündən çəkdikdə məlum oldu ki, görkəmi o qədər də qənaətləndirici deyildir; onun yalnız çənəsi və yanaqları təmiz olub, maska kımi ağarırdı, yuxarıda və aşağıda isə su dəyməmiş qara şırımlar nəzərə çarpırdı. Boyunboğazında da suvarılmış sahələr qaralmaqda idi. Bunu görüb Meri özü işə girişdi, qızın əlindən çıxdıqda Tom, dərisinin rəngi etibarilə solğun sifətli qardaşlarından heç də fərqlənmirdi; yaş saçları səliqə ilə hamarlanmış, onların qıvrım ucları nizama salınmışdı (Tom xəlvətcə saçlarını əli ilə hamarlayıb düzəltməyə çalışırdı, çox böyük qüvvə sərf edirdi ki, tükləri başına yapışmış kimi hamar dursun; ona elə gəlirdi ki, saçları qıvrıq durduqda qıza bənzəyir, bu, onu çox bikefləndirirdi). Sonra Meri, Tomun iki il müddətində yalnız bazar günləri geydiyi və sadəcə olaraq "o biri kostyum" adlanan təzə kostyumunu şkafdan çıxarıb gətirdi. Bu sözə əsasən biz onun neçə dəst paltarı olduğu barədə müəyyən fikrə gələ bilərik.

Tom geyinib qurtardıqdan sonra Meri onu "səliqəyə" saldı, gödəkcəsinin bütün düymələrini başdan-ayağadək düymələdi, enli yaxalığını aşağı qatladı və onu Tomun çiyinlərində hamarlayıb düzəltdi, sonra şotka ilə Tomun paltarını təmizləyib, xallı həsir şlyapasını başına qoydu. İndi o yaraşıqlı görünür, lakin özünü çox narahat hiss edirdi, özünü azad hiss etməmək isə ona hər şeydən ağır gəlirdi. O arxayın idi ki, Meri çəkmələri yaddan çıxaracaqdır, lakin onun ümidi boşa çıxdı. Meri çəkmələri yaxşı-yaxşı yağlayıb Toma verdi. Tomun səbri tükəndi, həmişə onu istəmədiyi şeylərə məcbur etdikləri üçün donquldanmağa başladı. Lakin Meri mehriban-mehriban onu dilə tutub dedi:
- Tom, ağıllı ol, yekə oğlansan!


Tom deyinə-deyinə çəkmələri geydi. Meri də bircə dəqiqənin içində geyindi, uşaqların üçü də bazargünü məktəbinə yollandılar. Tom bu məktəbə ürəkdən nifrət edir, Meri ilə Sid isə onu sevirdi.
Bazargünü məktəbində saat doqquzdan on birin yansınadək məşğələ keçir, sonra isə ibadət başlanırdı. Uşaqların ikisi könüllü olaraq moizəyə qulaq asmağa qaldı, üçüncüsü də qaldı - ancaq onun qalmasının başqa mühüm səbəbi var idi.


Kilsənin hündür söykənəcəkli taxta skamyalarında üç yüz nəfərədək adam yerləşə bilərdi; kilsə balaca idi, onun heç bir bəzəyi yox idi, üstündəki zəng qülləsi isə uzaqdan ensiz taxta yeşiyə bənzəyirdi. Qapının ağzında Tom ayaq saxladı ki, özü kimi bayramsayağı geyinmiş bir dostu ilə danışsın;
- Bura bax, Billi, səndə sarı bilet var?
- Var.
- Ona nə verim?
- Nəyin var?
- Bir parça şirin biyan kötüyü, bir dənə də balıqçı qarmağı.
- Göstər.


Tom göstərdi. Dostu bəyəndi, onlar qiymətli şeylərini dəyişdilər. Bundan sonra Tom iki ağ kürəciyi üç qırmızı biletə, sonra da müxtəlif dəyərsiz şeylərini iki göy biletə dəyişdi. O, kilsəyə gələn uşaqları on beş dəqiqəyədək güdüb onlardan da müxtəlif rəngli biletlər aldı. Sonra tərtəmiz geyinmiş bir dəstə oğlanqızla kilsəyə girib yerində oturdu və ona yaxın əyləşmiş bir uşaqla dalaşmağa
başladı. Mötəbər və yaşlı müəllim məsələyə qarışdı; lakin müəllim üzünü o yana çevirən kimi Tom qabağında oturan oğlanın saçından çəkdi, oğlan dönüb baxan kimi Tom gözünü kitaba dikdi; elə o saatdaca da, çığırtısını, ufultusunu eşitmək üçün başqa bir uşağa sancaq batırdı, müəllim yenə də onu töhmətləndirdi.


Tomgilin sinfindəki uşaqların hamısı eyni xasiyyətli: nadinc, səs-küy salan və sözə baxmayan uşaqlar idi. Dərsə cavab verməyə çıxırkən biri də tapşırılmış şeri əzbər deyə bilmirdi. Hamısına kömək eləmək lazım gəlirdi. Bununla belə, onlar birtəhər şeri axıra çatdırır və hər biri mükafat alırdı; bu mükafatlar, üzərində müqəddəs kitablardan sözlər yazılmış balaca göy biletlərdən ibarət olurdu;


Tövratda əzbərlənmiş iki şerin əvəzində bir göy bilet verilirdi. Belə göy biletlərin onu bir qırmızı biletə bərabər idi. Onları verib, əvəzində qırmızı bilet almaq olardı; on qırmızı bilet isə bir sarı biletə bərabər idi. On sarı biletin əvəzinə məktəbin müdiri tələbələrə o gözəl keçmiş əyyamda qırx sent qiyməti olan, üzərinə ucuz cild çəkilmiş Tövrat bağışlayırdı. Görəsən mənim oxucularıma nəinki on sentlik Tövrat, hətta Dore tərəfindən çəkilmiş şəkillərlə bəzədilmiş Tövrat belə bağışlasan, iki min şeir əzbərləməyə onlardan çoxununmu səbri çatar?.. Lakin Meri bu yolla, iki il səbirlə əmək sərf etməyin nəticəsində iki Tövrat almağa nail olmuşdur; alman uşaqlarından biri isə hətta dördünü və ya beşini almışdır. O, bir dəfə dayanmadan bir-birinin ardınca əzbərdən üç min şeir oxumuşdu. Lakin belə gərgin zehni əməyə davam gətirə bilməyərək o vaxtdan ağlını itirmişdir. Bu, məktəb üçün böyük bədbəxtlik idi, ona görə ki, təntənəli bir hadisə baş verdikdə və ya hörmətli bir adam gəldikdə, müdir o şagirdi çağırar, Tomun dediyi kimi, onu "dəridən çıxmağa" məcbur edərdi. Yalniz bir qədər yaşlı şagirdlər ağıllı tərpənib öz biletlərini saxlayar, Tövrat hədiyyə almaq üçün cansıxıcı əzbərləmə işi ilə məşğul olardılar.


Bu hədiyyələrin verilməsi çox nadir və unudulmaz bir hadisə idi.


Müvəffəqiyyət qazanmış şagird həmin gün elə mühüm, elə böyük rol oynayardı ki, başqa uşaqların qəlbində o saatca şöhrətpərəstlik hissi oyanar və bəzən bu, ən azı iki həftəyədək davam edərdi. Ola bilsin ki, Tom o qədər də dini hissə qapılmamışdı ki, Tövrat mükafat almağa səy gostərəydi, lakin onun mükafat almaq nəticəsində qazanılacaq şan-şöhrətə nail olmağa bütün varlığı ilə can atdığına şübhə yoxdu.


Müdir əlində dua kitabı kafedranın qarşısında dayanaraq, barmağıııı kitabın arasına qoyub şagirdlərin sakit olmasını tələb etdi. Estradada solo ifa etməyə bazırlaşan müğənni qadın üçün nota zəruri olduğu kimi bazargünü məktəbinin müdiri də adi qısa bir nitq söyləmək üçün dua kitabını mütləq əlində tutmalı idi. Bunun nəyə lazım olduğu bir sirr olaraq qalır, çünki bu əziyyətə məruz qalanların heç biri nə dua kitabına baxır, nə də nota.


Müdir otuz beş yaşlarında görkəmsiz bir adamdı. O, keçisaqqal, kürən saçlı idi. Yaxalığının yuxarısı çox nişastalanmış olduğundan, dik qalxaraq qulağına dəyir, onun iti ucları isə irəli çıxaraq ağzının künclərinə toxunurdu. Hasara oxşayan bu yaxalıq həmişə onu düz qabağa baxmağa və yana baxmaq istədikdə isə bütün bədəni ilə çevrilməyə məcbur edərdi; müəllimin çənəsi, ucları saçaqlı və bank bileti kimi enli qalstukuna dirənirdi. Çəkmələrinin burnu modaya uyğun olaraq yuxarı əyilmişdi, kənardan baxdıqda xizəyə oxşayırdı. O zamanın gəncləri buna çox böyük zəhmət və səbr nəticəsində müvəffəq olurdular, onlar saatlarla bir yerdə oturaraq ayaqqabılarının burnunu divara dayayırdılar. Mister Uolters xarici görkəminə görə çox ciddi, qəlbən isə çox namuslu və səmimi bir adam idi.


O, bütün müqəddəs şeylərə elə pərəstiş edir, dinə elə hörmət bəsləyirdi ki, özünün belə xəbəri olmadan bazargünü məktəbində adi günlərindəki kimi deyil, tamamilə başqa bir səslə danışırdı.
O, öz nitqinə belə başladı:
- İndi isə, uşaqlar, mən sizdən xahiş edirəm ki, sakit və düz oturub, bir-iki dəqiqəliyə mənə mümkün qədər diqqətlə qulaq asasınız. Bax belə. Yaxşı uşaqlar özlərini gərək elə belə də aparsınlar.

Görürəm ki, qızlardan biri pəncərəyə baxır; deyəsən o elə bilir ki, mən bayırda ağacda oturub quşlarla söhbət edirəm (ümumi gülüşlə). Mən sizə demək istəyirəm ki, bu qədər təmiz və gülərüzlü uşaqların xeyirxah işlər üçün buraya toplaşdıqlarını görmək necə də xoşdur...


Və ilaxır və ilaxır. Bu nitqi axıradək burada verməyə heç bir lüzum yoxdur.


O, ümumi və dəyişilməz bir formada tərtib olunmuşdu, ona görə də hamımıza məlumdur.


Onun nitqinin axırını dəcəl uşaqlar arasında başlanan qapazlaşmalar, başqa müxtəlif əyləncələr və eyni zamanda get-gedə artıb uzaqlara yayılaraq hətta dinin Sid və Meri kimi gələcək tənha dayaqlarına qədər sirayət edən pıçıltı və burcuxmalar bir qədər korladı. Lakin mister Uoltersin səsi kəsilən kimi hər cür səs-səmir o saatca yatdı və nitqin axırı razılıq əlaməti olan sükutla qarşılandı.
Pıçıltı başlanmasının səbəbi nadir bir hadisə ilə - qonaqların gəlməsi ilə izah olunurdu: hakim Tetçer tamamilə əldən düşmüş bir qocanın, saçlarına dən düşmüş orta yaşlı, görkəmli bir cənabın və yəqin ki, onun arvadı olan əzəmətli bir qadının müşayiəti ilə içəri daxil olmuşdu. Qadın balaca bir qızın əlindən tutmuşdu. Tom Soyyer yerində otura bilmirdi, o çox həyəcanlı və qanıqara idi, bundan başqa vicdan əzabı çəkirdi - o gözlərinin Emi Lourensin gözlərinə sataşmasından çəkinir, onun məhəbbət dolu nəzərlərinə davam gətirə bilmirdi. Lakin o, balaca yad qızı görən kimi kefi kökəldi, qəlbi sevinclə çırpmağa başladi. Həmin dəqiqədən başlayaraq var qüvvəsi ilə özünü göstərməyə: oğlanları kötəkləməyə, saçlarından çəkməyə, sir-sifətini əyişdirməyə - bir sözlə, qızı heyran edib, özünü ona bəyəndirmək üçün əlindən gələni etməyə başladı. Onun sevincini korlayan yalnız bir şey idi; həmin bu mələyin bağçasında başına çirkab suyu tökdüklərini xatırlayanda qanı qaralırdı;
lakin onun qəlbini təlatümə gətirən xoşbəxtlik dalğaları tezliklə bu xatirəni silib apardı.


Qonaqları yuxarı başda əyləşdirdilər və mister Uoltersin nitqi qurtaran kimi onları bütün məktəbə təqdim etdilər. Orta yaşlı cənabın çax mötəbər bir adam olduğu məlum oldu. O kim olsa yaxşıdır? Dairə hakimi, uşaqların ömürlərində görmədikləri ən yüksək mövqeli bir şəxs. Onun hansı xəmirdən yoğurulduğunu bilmək, necə bağırdığını eşitmək uşaqlar üçün maraqlı idi, lakin bununla belə bir
qədər vahimələnirdilər. O, buranın on iki milliyində olan Konstantinopoldan gəlmişdi, demək səyahət etmiş, dünyanı görmüş, guya dəmir taxtapuşu olması haqqında şayiə yayılmış dairə məhkəməsinin binasının gözü ilə görmüşdü.


Təntənəli sükut və cərgələrdəki uşaqların ehtiramlı baxışları bu fikrin necə böyük hörmət doğurduğunu açıq-aydın göstərirdi. Axı bu adam məşhur dairə hakimi Tetçer idi, özü də buradakı hakimin qardaşı idi. Cef Tetçer dərhal içəri çıxdı, bütün məktəbə acıq verərək, böyük adamla yaxın tanış olduğunu hamıya göstərdi. Əgor o, uşaqların arasında gedən pıçıldaşmanı eşidə bilsəydi, bu pıçiltı
musiqi səsləri tək onun qəlbini oxşayardı:
- Cim, bir ora bax! Ora gedir, bax! Əl verdi - salamlaşırlar! Nə ürəklidir!


Boynuna al, yəqin ki, sən də Cefin yerinə olmaq istərdin, elə deyilmi?


Mister Uolters də bərk canfəşanlıq edir, özünü bacarıqlı və işbilən göstərmək istəyərək ona-buna irad tutur, sağa-sola, hara gəldi töhmət yağdırırdı.


Kitabxanaçı özünü gözə soxmaq üçün qoltuğunda bir yığın kitab o tərəf-bu tərəfə qaçır, kiçik vəzifə sahiblərinin sevdiyi kimi lazımsız səs-küy qoparırdı. Gənc müəllimlər bir az əvvəl qulaqlarından çəkdikləri şagirdlərinə tərəf mehribancasına əyilərək balaca dəcəlləri barmaqla ilə hədələyir, sözəbaxan uşaqların isə başlarını sığallayırdılar. Gənc müəllimlər uşaqları ciddi surətdə töhmətləndirir, ixtiyaratlarından tam istifadə etməyə çalışaraq, qayda-qanunu qoruyurdular. Ümumiyyətlə, demək olar ki, birdən-birə, müəllimlərin hamısına kafedra ilə yanaşı olan kitab şkafından nə isə götürmək lazım olmuşdu. Onların hər biri oraya iki-üç dəfə baş vurur və özünü elə göstərirdi ki, guya bu işi lap könülsüz edir, qızlar da bacardıqları qədər səy göstərməyə çalışırdılar, ancaq oğlanlar elə cəhd edirdilər ki, çeynənmiş kağızlar və şillələr dolu kimi yağırdı. Bütün bunlardan yüksəkdə böyük bir adam əyləşərək öz şöhrətini parlaq şüalarında isinib həzz alır və mərhəmətli bir hakim təbəssümü ilə bütün məktəbi gözdən keçirib gülümsünürdü - o da səy edirdi.


Mister Uoltersin tam səadəti üçün yalnız bircə şey çatışmırdı, bu da ondan ibarətdi ki, Tövratı təqdim edib uşaqların biliyi ilə lovğalanmaq imkanı yox idi.


Tələbələrin bəzilərində sarı biletlər var idi, lakin heç kəsdə kifayət qədər deyildi: o, qabaqcıl tələbələrin hamısından soruşub öyrənmişdi. Alman uşağının zehin bacarığının özünə qayıtması üçün bu saat bütün var-yoxundan keçməyə hazır idi.


Onun bütün ümidləri boşa çıxdığı həmin bu dəqiqədə Tom Soyyer əlində doqquz sarı bilet, doqquz qırmızı bilet və on göy bilet irəli çıxaraq özünə Tövrat tələb etdi. Bu günəşli gündə ildırım çaxmasına bənzər bir şey idi. Mister Uolters Tom Soyyerin ən azı yaxın on il ərzində Tövrat tələb edəcəyini qətiyyən gözləmirdi. Ancaq əlac yox idi - öz əli ila qol çəkdiyi "qəbzlər" təqdim olunmuşdu, ödəmək lazım idi. Tomu hakimin və başqa seçmə adamların əyləşdiyi yerə dəvət etdilər, bu gözlənilməz xəbər kafedradan elan edildi. Bu, son on il ərzində baş vermiş ən qəribə hadisə idi və bunun təsiri o qədər qüvvətli oldu ki, yeni qəhrəman hakimin səviyyəsinə qədər yüksəldi, indi bütün məktəb bir möcüzə əvəzinə ikisini seyr edirdi. Oğlanlar paxıllıqdan yanıb tökülürdülər, hamıdan da çox peşman olub əzab çəkən o uşaqlar idi ki, onlar gec də olsa başa düşmüşdülər ki, nifrət etdikləri bu fırıldaqçının belə yüksəlməsinə özləri kömək ediblər. Onlar öz biletlərini, Tomun barını ağartmaq vəzifəsini başqalarına güzəştə getməklə yığdığı dövlətə dəyişmişdilər. Onlar bu hiyləgər fırıldaqçının tələsinə düşüb aldandıqları üçün öz-özlərinə nifrət edirdilər.


Mükafat Toma, müdirin yalnız belə bir şəraitdə söyləyə biləcəyi ən tesiredici nitqindən sonra təqdim olundu. Lakin hər halda bu nitq həqiqi ilhamla söylənmişdi. Yazıq müdir hiss edirdi ki, burada nə isə bir sirr vardır və yəqin ki, bunun üstünü açmaq mümkün olmayacaqdır; heç ağla sığan şey deyil ki, bu uşaq kimi iki min Tövrat şerini beyninə yığa bilsin, çünki Tomun heç oncə şeri də yadda saxlaya bilmədiyi müdirə məlum idi. Emi Lourens həm fəxr edir, həm də sevinirdi və çalışırdı ki, üzünün ifadəsindən Tom bunu hiss etsin. Lakin Tom ona tərəf heç baxmırdı da. Emi fikrə getdi; sonra bir az kədərləndi; sonra isə onda tutqun bir şübhə oyandı; bu şübhə keçib getdi, sonra yenə əmələ gəldi, qız diqqət yetirməyə başladı. Ötəri bir baxış ona çox şeyi başa saldı, elə o saatca da sanki ürəyinin başından bir zərbə endirdilər. Acığından və qısqanclıqdan az qaldı ağlaya, dünyada hamıdan zəhləsi getdi. Hamıdan da çox Tomdan zəhləsi getdi - ona elə gəlirdi.


Tomu hakimə təqdim etdilər, lakin uşağın dili tutuldu, ürəyi şiddətlə döyünməyə başladı, nəfəsi güclə çıxdı. Bunun bir səbəbi bu adamın çox zəhmli olmasıydı, ikinci və əsas səbəbi də o idi ki, həmin qızın atası idi. Məktəb qaranlıq olsaydı o, böyük sevincə hakimin qarşısmda diz çökərdi. Hakim Tomun başını sığalladı, onu yaxşı oğlan adladırdı və adını soruşdu. Tom ağzını açdı, dili dolaşa-dolaşa ancaq ki, deyə bildi:
- Tom.
- Yox, Tom yox...
- Tomas.
- Bax, belə. Mən belə bilirdim ki, bir qədər uzun olacaqdır. Çox yaxşı.


Yəqin ki, sənin familyan da vardır, ümidvaram ki, sən onu da mənə deyəcəksən.
Elə deyilmi?
- Öz familyam cənaba söylə, Tomas, - deyə müəllim söhbətə qarışdı. - Və "ser" deməyi unutma. Özünü ləyaqətli apar.
- Tomas Soyyer... ser.
- Bax belə! Afərin! Qiyamət oğlansan! Qiyamət adamcığazsan!


İki min şeir - bu çoxdur, lap çoxdur, çox çoxdur! Buna o qədər zəhmət sərf etməyinə heç vaxt heyfsilənmə: bilik dünyada hər şeydən qiymətlidir; bizi yaxşı və hətta dahi adam edən odur. Sən özün də bir zaman yaxşı adam olacaqsan, dahi olacaqsan, Tomas! Onda keçirdiyin yola nəzər salıb deyəcəksən:


"Bütün bunlar vaxtilə bazargünü məktəbində oxumaq səadətinə nail olmağıma görədir. Bunun üçün də mənə bilik verən əziz müəllimlərimə, məni həvəsləndirən, mənə diqqət yetirən və mənə belə gözəl bir Tövrat (elə nəfis, elə qiymətli Tövrat ki, o, mənim özümün olmuşdur və bütün ömrüm boyu onu mühafizə edib saxlayıram) bağışlayan mərhəmətli müdirimə borcluyam. Bütün bunlar mənim düzgün tərbiyə olunmağım sayəsində əldə edilmişdir!" Bax, Tomas, sən belə deyəcəksən, öyrəndiyin o ikı min şeir sənə puldan da qiymətli olacaqdır! Bəli, qiymətli olacaqdır! İndi mənə və bu lediyə öyrəndiyin şeirlərdən bir neçəsini əzbər deyərsənmi? Əlbəttə, deyərsən, çünki biz sənin kimi gözəl oxuyan şagirdlərlə fəxr edirik. Şübhəsiz ki, İsanın on iki şagırdinin adı sənə məlumdur. Bəlkə sən bizə onlardan birinci olaraq çağrılan iki nəfərin adını deyəsən.


Tom bütün bu müddət ərzində düymələrini dartışdırır və utana-utana hakimin üzünə baxırdı. İndi isə, qıpqırmızı qızarıb gözlərini yerə dikdi. Mister Uoltersin ürəyi yerindən oynadı. Öz-özünə düşündü ki, bu uşaq ən sadə suala belə cavab verə bilmir. Bunu sorğu-suala tutmaq görəsən hakimin haradan ağlına gəldi?


Ancaq o hiss etdi ki, bir söz deməlidir.
- Cənaba cavab ver, Tomas, qorxma.
Tom dinmirdi.
- Mən bilirəm ki, o mənə deyəcəkdir, - deyə xanım sözə qarışdı.
- Şagirdinin adı...
- David və Qoliaf.

Mərhəmət edib bu səhnənin axırına pərdə endirək.