Mark Tven . Tom Soyyerin Macəraları. VIII fəsil
DƏNİZ QULDURLARI VƏ SOYĞUNÇULAR HAQQINDA
Tom əvvəlcə döngədən-döngəyə buruldu ki, məktəblilərin adətən gedib-gəldikləri yoldan kənara çıxsın, sonra isə məyus-məyus baş alıb getdi. Balaca çayı müxtəlif yerdə iki-üç dəfə o tərəf-bu tərəfə keçdi, çünki uşaqların arasında belə bir söz yayılmışdı ki, guya çayı bu qayda ilə keçən adamın izini tapmaq olmaz. Yarım saatdan sonra o artıq Kardif dağının təpəsində yaşayan dul qadın Duqlasın evinin yanından buruldu. Oradan dərənin dibindəki məktəb binası güclə görsənirdi. Tom yolla deyil, dümdüz gedərək, qalın meşəyə girdi, ağacların ən sıx yerinə soxularaq, qollu-budaqlı palıd ağacının altındakı yosunluqda oturdu.
Azca da olsun külək əsmirdi; günortanın bərk istisində hətta quşlar da susmuşdular. Təbiət elə durğundu ki, azacıq səs-səmir belə onun bu sükutunu pozmurdu. Ara-sıra haradansa çox uzaqlardan ağacdələnin tıqqıltısı eşidilirdi, lakin bu tıqqıltı ətrafın sükutunu və kimsəsizliyi daha artıq hiss etdirirdi. Uşağın qəlbi kədərlə dolu idi, onu əhatə edən aləm də əhvalına uyğun gəlirdi. O, əllərini üzünə qoyub, dirsəkləri ilə dizinə söykənərək, uzun müddət fikrə daldı. Ona elə gəlirdi ki, həyatda sevinc yoxdur, onun insanlara bəxş etdiyi yalnız qəmdir, kədərdir. Tom hətta bu yaxınlarda vəfat etmiş Cimmi Xocesə həsəd apardı. Adam torpaqda uzanıb əbədi xəyala dala, külək ağacların təpəsi ilə pıçıldaşa, qəbrin üstündə bitmiş əlvan çiçəklərlə oynaşa... Bundan gözəl nə ola bilər! Omürlük olaraq adam heç bir şeyin dərdini çəkməz və heç bir şey üçün narahat olmaz. Heç olmasa o, bazargünü məktəbində yaxşı oxuyaydı! Yox, Tom məmnuniyyətlə ölər, onda hər şeyə son qoyulardı. Lap elə o qızı götürək. Axı Tom ona nə etmişdi? Heç bir şey. O, qıza yaxşılıq etmək istəyirdi, qız isə onunla ən yaramaz bir itlə olduğu kimi rəftar etdi! Bir zaman gələcək ki, Bekki öz hərəkətindən peşman olacaq, lakin onda bəlkə də gec oldu. Ah, həmişəlik deyil, müvəqqəti ölmək mümkün olsaydı!
Lakin gənc ürək kövrək olur, o, uzun müddət sıxıntılı və qapalı vəziyyətdə qala bilməz. Tezliklə özü belə hiss etmədən Tomun xəyalları Yer üzərindəki həyata qayıtdı. Görəsən, naməlum bir yerə baş götürüb getsə, necə olar? Dənizlərdən keçib uzaq-uzaq ölkələrə, tanınmaz-bilinməz bir yerə gedib bir daha qayıtmasa, görəsən qız nə düşünər?
Məzhəkəçi olmaq fikri yenə onun ağlına gəldi, lakin indi bu fikir onda yalnız nifrət oyadırdı. Yüngül-yüngül danışmaq, lağlağı etmək, ala-bəzək şalvar geymək - onun yüksəklərə meyl edən qəlbinə indi təhqir kimi görmürdü. Yox, yaxşısı budur ki, o müharibəyə gedib, bir çox illərdən sonra bədəni başdan-ayağa qılınc yerləri ilə örtülü halda şan-şöhrət içərisində qayıdıb gəlsin. Daha yaxşısı isə odur ki, hindilərə qoşulub vəhşi öküz ovuna getsin, Uzaq Qərbin uca dağlarında və ya insan ayağı dəyməmiş çöllərində hərbi yola qədəm qoysun, məşhur bir qəbilə rəhbəri kimi geri qayıtsın. O, başdan-ayağa qartal lələkləri ilə bəzənmiş, bədəni al-əlvan rənglərlə boyanmış balda günlərin bir günü, sakit bir yay səhəri cəngavər hindilərə məxsus müdhiş vəhşi qışqırıqla bazargünü məktəbinə soxulardı. Onda paxıllıqdan yoldaşlarının gözü çıxardı. Bir də ki, yox, bundan daha təmiz bir peşə tapmaq olar. O, dəniz qulduru ola bilər! Bəli, o, dəniz qulduru olacaqdır.
İndi gələcək onunçün aydın oldu, gözqamaşdırıcı bir parıltı ilə onun qarşısında geniş yollar açıldı. Onun adı bütün dünyada məşhur olacaq, insanların canına vəlvələ salacaqdır! O, dor ağacında yellənən qara bayrağı adamları dəhşətə gətirən "Tufan ruhu" adlı ensiz, uzun qara gəmisində coşqun dənizləri və okeanları boyük şöhrətlə gəzəcəkdir!
Bir gün o, şöbrətinin ən yuksək zirvəsində ikən küləkdən və günəşdən yanıb qaralmış, əynində qara məxmər gödəkcə və boynunda qırmızı şərf, belində tapança və qandan paslanmış qısa xəncər, şlyapasının lələkləri yellənə-yellənə üzərində insan kolləsi və iki çarpaz sümük şəkli olan geniş açılmış qara bayraq altında birdən-birə öz doğma şəhərlərinə gəlib çıxacaq, kilsəyə daxil olacaq, bu vaxt fərəhdən donaraq müxtəlif pıçıltılar eşidəcəkdir: "Bu, məşhur dəniz qulduru Tom Soyyerdir! İspaniya Dənizlərinin Qara İntiqamçısıdır!"
Bəli, qət olundu; o, özünə həyat yolu seçmişdir, Evlərindən qaçıb yeni həyata qədəm qoyacaqdır. Lap günü sabahdan. Demək, indidən hazırlaşmaq lazımdır. Bütün var-yoxu bir yerə toplamaq lazımdır.
O, yaxınlığında düşüb qalmış çürük ağac kötüyünün yanına gedib bıçaqla onun altını qazımağa başladı. Bir azdan bıçaq ağaca toxundu, məlum olurdu ki, ağacın altı boşdur. Tom əlini çalaya salaraq uzada-uzada belə bir ovsun oxudu:
- O şey ki burada deyildi, qoy zahir olsun! O şey ki, burada əvvəldən olub, yerində qalsın!
Sonra o, əli ilə torpağı çəkib qırağa tökdü: şam ağacından qopmuş enli bir talaşa göründü. Tom onu dartıb çıxartdı, buranın balaca, xudmani bir lağım olduğu aydınlaşdı. Lağımın dibi və divarları şam talaşaları ilə hörülüb düzəldilmişdi. İçərisində isə bir kürəcik vardı. Tomun təəccübünün həddihüdudu yox idi. O, özünü itirmiş halda peysərini qaşıya-qaşıya dedi:
- Belə şey ola bilməz, bu lap ağ oldu!
O acıqla kürəciyi bir tərəfə tulladı və fikirləşməyə başladı. Məsələ burasında idi ki, onun və onun kimi başqa uşaqların inandıqları bir ovsun yalan çıxmışdı. Uşaqlar əmindirlər ki, kürəciyi yerə basdırıb, lazım olan ovsunu oxuduqda iki həftədən sonra, yerindən asılı olmayaraq indiyə qədər itirdiyin bütün başqa kürəciklər buraya toplanacaq. İndi məlum oldu ki, bunların hamısı başdan-ayağa uydurma şeylərdir, bu haqda heç danışmağa dəyməz. Tomun indiyədək inandığı hər nə varsa kökündən sarsıldı. Başqalarının buna müvəffəq olduqlarını o çox eşitmişdi, lakin bircə nəfərin belə bu sahədə müvəffəqiyyət qazanmadığını o ömründə eşitməmişdi. Özünün bu işi dəfələrlə sınaqdan keçirməsi və bircə dəfə də olsun kürəcik gizlətdiyi yeri tapa bilməməsi heç ağlına da gəlmədi. O, bir müddət bu məsələnin həlli üzərində baş sındırdı, nəhayət, belə qərara gəldi ki, burada ifritənin əli var, işləri korlayan odur. Tom bunu yoxlamağı qərara aldı, ətrafi gəzib qumluqda qıf şəkilli balaca bir deşik tapdı. O, yerə uzanıb dodaqlarını həmin deşiyə yaxılaşdıraraq çağırmağa başladı:
- Pələng çıx! Pələng çıx! Hər nə varsa, xəbər var! Pələng çıx!
Pələng çıx! Hər nə varsa, xəbər ver! Qum tərpəndi, onun pələng dediyi böcək bir anlığa görünüb, o saatsa da qorxusundan quma cumdu.
- Deməyə qorxur! Elədir ki var, ifritənin işidir! Mən bilirdim elə! O yaxşı bilirdi ki, ifritələrlə bacarmaq olmaz. Bunun üçün zəhmət çəkməyə belə dəyməz, ona görə də bu işdən vaz keçdi. Bununla belə fikirləşdi ki, heç olmasa, tulladığı kürəciyi tapmaq lazımdır. Tez axtarışa başladı, lakin heç bir şey tapa bilmədi. Onda Tom lağımın yanına gəldi, orada dayanıb, ikinci kürəciyi cibindən çıxartdı və bayaqkı istiqamətdə tullayaraq dedi:
- Qardaş, get gəz, öz qardaşını tap!
O kürəciyin hara düşdüyünü gördü, qaçıb oranı axtarmağa başladı. yəqin ki, kürəcik əvvəlkindən çox yaxına və yaxud da çox uzağa düşmüşdür. O, bunu iki-üç dəfə təkrar etdi. Axırıncı sınaq müvəffəqiyyətli oldu: kürəciklər bir-birindən ikicə addım aralıda idi.
Elə həmin bu dəqiqədə sıx meşənin yaşıl örtüyü altından tənəkə oyuncaq şeypurun zəif səsi eşidildi. Tom cəld gödəkcəsini və şalvarını əynindən çıxarıb atdı, aşırmalarından özünə kəmər düzəltdi, qopub böyrü üstə yıxılmış ağacın dibindəki çır-çırpını eşələyib oradan əldəqayırma ox-yay, ağac, qılınc və tənəkə şeypur çıxartdı; bircə anda bütün bu şeyləri götürüb ayaqyalın, köynəyi küləkdə yellənə-yellənə qaçmağa başladı.
Tezliklə, uca qarağacın altında ayaq saxlayıb, cavab siqnalı çaldı. Sonra pəncələri üstündə qalxaraq ağacın dalından ehtiyatla boylanmağa başladı. Xəyalən təsəvvuründə canlandırdığı yoldaşlarını təhlükədən qoruyurmuş kimi dedi:
- Dayanın, igidlər! Mən boru çalana kimi heç kəs pusqudan çıxmasın!
Əynində yüngül kostyumu olan və Tom kimi təpədən-dırnağadək silahlanmış Co Qarper ağacların arasından çıxdı. Tom onu səslədi:
- Dayan! Mənim icazəm olmadan Şervud meşəsinə girməyə kim cəsarət etmişdir?1 - Qay Qispomun heç kəsin icazəsinə ehtiyacı yoxdur. Sən kimsən ki... sən kimsən ki...
- ...Mənimlə bu cür danışmağa cürət də edirsən? - deyə Tom cümləsinin gerisini onun yadına saldı. Onlar kitabdan oxuluqlarını əzbər danışırdılar.
- Sən kimsən ki, mənimlə bu cür danışmağa cürət edirsən?
- Mən kiməm? Mən Robin Qudam, tezliklə sənin o iyrənc cəsədin buna inanar.
- Sən doğrudanmı o şöhrətli quldursan? Nə eybi var, səninlə vuruşacağıma çox şadam. İndi, gözəl meşədən keçən yollara kimin sahib olacağını biz qət edərik. Çıx qabağa!
Onlar bütün silahlarını bir tərəfə atıb, taxta qılıncdan yapışdılar, ayaqlarını daban-dabana qoyaraq, müdafiə vəziyyəti aldılar və təkbətək vuruşmanın bütün qayda-qanunlarına riayət edərək, ciddi döyüşə başladılar. İki zərbə yuxarıdan, ikisini isə aşağıdan vururdular. Birdən Tom dedi: - İndi əgər məsələnin nə yerdə olduğunu anladmsa əl-ayaq elə! Onlar elə qızğın "əl-ayaq eləməyə" başladılar ki, hər ikisi tövşədi, qan-tərə batdı.
Nəhayət, Tom bağırdı:
- Yıxıl! Yıxıl demirəm! Bəs niyə yıxılmırsan?
-Mən istəmirəm! Yıxılmaq yaxşıdır, bəs sən özün niyə yıxılmırsan? Sən məndən də çox yara almısan.
- Nə olsun ki? Bunun heç bir əhymiyyəti yoxdur. Kitabda belə yazılmayıb, necə yıxıla bilərəm! Orada aydınca yazılmışdır ki, "o, kürəyindən qüdrətli bir zərbə endirərək bədbəxt Qay Qisburnu yerə sərdi".
Sən gərək çevriləsən ki, mən sənin kürəyindən zərbə endirəm. Kitabla mübahisəyə girişmək olmazdı, ona görə də Co Qarper kürəyini çevirdi və ağır bir zərbə alıb yerə döşəndi. Sonra isə Co ayağa qalxaraq dedi:
- İndi də gəl, mən səni öldürüm. Yoxsa bu, vicdansızlıq olar. Yox, elə şey olmaz. Kitabda belə deyil.
- Bax, bu yoldaşlıq olmadı.
- Yaxşı, Co, sən rahib Tuk və ya dəyirmançının oğlu olub, məni dəyənəklə əzişdirə bilərsən. Yaxud da Nottingem şərifi olum, sən də Robin Qud ol, məni öldür.
Belə bir qərar hər ikisinin ürəyindən oldu. Bütün bu igidliklər həyata keçirildi. Bundan sonra Tom yenə də Robin Qud oldu, satqın Rahibə onun yarasını qəsdən sarımadı ki, qanı axıb getsin. Nəhayət, başlı-başına qalmış bütün bir quldur dəstəsini təkcə təqlid edən Co acı göz yaşları axıda-axıda onu bir tərəfə sürüyüb, ox-yayı onun gücdən düşmüş əllərinə verdi. Tom dedi: "Bu ox haraya düşsə, bədbəxt Robin Qudu orada dəfn edərsiniz!". Sonra ox atıb, arxası üstə yıxıldı və öləcəkdi ki, gicitkən bədənini daladığından ölüyə yaraşmayan bir cəldliklə sıçrayıb ayağa qalxdı.
Uşaqlar paltarlarını geyindilər, silahlarını gizlədərək evlərinə tərəf yollandılar. Onlar artıq dünyada quldur olmadığına ürəkdən təəssüflənirdilər və düşünürdülər ki, belə bir itki üçün müasir həyat onları nə ilə mükafatlandıra bilər? Onlar bir-birlərinə deyirdilər ki, bütün ömrüm boyu Birləşmiş Ştatların prezidenli olmaqdansa, bir il Şervud meşəsində quldurluq etmək daha yaxşıdır.
04.07.2023