Bu maraqlıdır!

Nefti necə daşıyırlar

Neft və təbii qaz istehsalçıları dünyanın yalnız bir neçə dövlətidir. Ona görə də lazımından artıq olan, yəni ehtiyacından artıq istehsal edən dövlətlər xammal və ya yanacağı ixrac edirlər. 


Yerüstü daşınmada yükün şose və ya dəmir yolu ilə aparılmasından asılı olaraq, yük maşınları və ya sistern vaqonlar ilə, dənizdə isə tankerlər ilə (neft daşıyan gəmilər) yerinə yetirilir. Yanacağın, benzin və ya dizel yanacağının daşınması təhlükəli sayılır, buna görə də daşınma siqnalizasiyası sistemi quraşdırılmış xüsusi nəqliyyat vasitələrində  yerinə yetirilir. Təhlükəsizlik səbəbindən bu nəqliyyatların müəyyən saatlarda şəhərarası və şose yollarında, həmçinin tunellərdə hərəkəti məhdudlaşdırılır. Bəzi kimyəvi məhsullar, məsələn, xlor təhlükəli maddə sayılır.


Neft tankerlərinin iki əsas tipi var: xam neft daşımaq üçün nəzərdə tutulanlar və neft məhsullarını daşıyanlar. Xam neft tankerləri böyük həcmdə nefti, hasil edildiyi yerdən emal müəssisələrinə daşıyırlar.  Ölçülərinə görə onlardan bir qədər geri qalan neft məhsulları daşıyan tankerlər isə emal edilmiş neft məhsulunu alıcıya çatdırırlar.


Tankerlər ildə təxminən 2 milyard ton neft daşıyırlar. Neftin tankerlərlə daşınması ucuz başa gəldiyindən, kifayət qədər səmərəli sayılır. Neft və neft məhsulları tankerlərə limanlarda yerləşən, məhsuldarlığı saatda bir-neçə min tona çatan güclü nasoslar vasitəsilə vurulur. Havanın temperaturu aşağı olduqda,  yükləmə-boşaltma əməliyyatını  asanlaşdırmaq üçün neft qızdırılr. Bunun üçün tanklardan keçən borulara buxar vurulur.


Neft yanar maye olduğundan, tankerlərdə yüksək təhlükəsizlik qaydaları tətbiq edilir. 


Neft daşınan gəmi anbarları su keçirməyən bölmələrlə bir-birindən ayrılmışdır. Tankerin qəzaya uğraması neftin dənizə axması ilə nəticələnə bilər. Əgər bu baş verirsə, dəniz heyvanlarının həyatı üçün təhlükə yaradan ekoloji fəlakət baş verir. Neft sahilə çatdıqda çimərliklərdə yığılaraq böyük ekoloji zərərə və böyük ziyanlara səbəb olur, belə ki, gəmilərin hərəkəti pozulur, balıq ovu və turizm fəaliyyəti dayanır.