Yumor

Səhv yağ küpəsindədir

Molla Nəsrəddinin bir qazıya işi düşür. Rüşvətxor qazı Mollanın işini aylarla süründürür. Axırda Molla görür ki, qazı rüşvətsiz bunun işini düzəltməyəcəkdir. Molla gedib bazardan bir iri küpə alır, evdə küpənin içini sarı palçıqla doldurur, üstünə iki barmaq qalınlığında yaxşı inək yağı töküb qazıya aparır. Qazı yağı görcək ağzı sulanır və lazım olan kağızı o saat yazıb, Mollanı hörmətlə yola salır.

Molla kağızı alıb getdikdən sonra qazı küpəni boşaltmaq istəyir. Bir də nə görür?! İki barmaq qalınlığında yağın altından sapsarı palçıq çıxdı. Bunu görən qazı hirslənib həmin saat Mollanın dalınca adam göndərir. Molla təkrar qazının yanına qayıtmalı olur. Qazı Mollanı görüb deyir:

─ Molla, o kağızı ver görüm, orada kiçik bir səhv var, düzəltmək istəyirəm.

Molla cavabında deyir:

─ Cənab qazı, zəhmət çəkməyin!... Mən kağıza baxmışam. Səhv kağızda deyil, yağ küpəsindədir.