Bənövşə oyunu
Uşaqlar özlərinə iki başçı seçirlər. "Halay-halay" gəlməklə iki dəstəyə ayrılırlar. Dəstələr bir-birindən yüz addım aralı əl-ələ tutub dayanırlar. başçılardan biri o birisinə deyir:
-Bənövşə!
O birisi cavab verir:
-Bəndə düşə!
Əvvəlki başçı deyir:
-Bizdən sizə kim düşə?
O biri başçı uşaqların birinin adını çəkib deyir:
-Əli, yaxud Qəmər düşə!
Əli, ya Qəmər cərgədən ayrılıb yürüyə-yürüyə əl-ələ tutulmuş uşaqların səfini yarmalıdır. Burada güclülük əsas şərtlərdəndir. Əgər oyunçulardan biri güc verib əl-ələ tutmuş uşaqların əlini bir-birindən ayırsa, o biri tərəfə keçə bilsə, bir uşaq da götürüb yenə öz əvvəlki yerinə qayıdır. Yox, əgər keçə bilməsə, orada qalmalı, o dəstəyə qoşulmalıdır. Hansı tərəf uşaqların hamısını öz tərəfində saxlaya bilsə, o dəstə oyunda qalib gəlir.
29.07.2023