Xəbərlər

27 sentyabr Azərbaycanda Anım Günüdür

Sentyabrın 27-si tariximizə həm kədərli, həm qürurlu an kimi həkk olunub. Düz üç il bundan əvvəl 44 günlük Zəfər yoluna məhz bu gün ilk addımlar atıldı. Hər günü bir tarix olan 44 günlük qəhrəmanlıq salnaməmizə neçə-neçə igid oğullar öz canları, qanları ilə adlarını yazdırdılar. Azərbaycan xalqı şanlı Zəfər yolunda 2900-dan çox övladını qurban verdi. Müqəddəs amal uğrunda canından keçən şəhidlərimizin xatirəsinə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.

 

Sentyabrın 27-də – Anım Günündə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır.

 

AZƏRTAC xəbər verir ki, Anım Günündə ən çox ziyarət olunan məkanlar Vətən uğrunda canından keçən qəhrəman övladlarımızın uyuduqları Şəhidlər və İkinci Fəxri xiyabanlardır. Gün ərzində dövlət və hökumət rəsmiləri, Vətən müharibəsinin iştirakçıları, qazilər, hərbçilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri, o cümlədən gənclər, uşaqlar şəhidlərimizin xatirəsinə yad etmək üçün həmin müqəddəs məkanlara üz tuturlar. Anım Günündə Zəfərin memarlarının ruhlarına dualar oxunur, onlara bir daha minnətdarlıq ifadə olunur.