Xəbərlər

“Düşünən şagird” müsabiqəsinə start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Düşünən şagird” müsabiqəsinə start verilib.

 

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, müsabiqə təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu, yazı və təxəyyül bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məlumatlılıq səviyyəsinin artırılması, istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması və onlara dəstək göstərilməsi məqsədilə keçirilir.

 

Müsabiqədə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin VIII-XI sinif şagirdləri iştirak edə bilər.

 

Müsabiqə məktəb mərhələsi (sentyabrın 25-dən oktyabrın 25-dək) və şəhər mərhələsindən (oktyabrın 26-dan dekabrın 25-dək) ibarətdir. I mərhələdə təhsilalanlar məktəb kitabxanalarından istifadə edərək Azərbaycan və dünya ədəbiyyatından əsərləri oxumalı, oxuduqları kitablardan ilhamlanaraq onlara təqdim olunan 10 fərqli məzmunlu mətndən birini seçməli və həmin mətnin davamı olaraq öz hekayələrini yaratmalıdırlar.

 

Şagirdlərin hekayələri oktyabrın 25-dək [email protected] poçt ünvanına göndərilməlidir.

 

Şagirdin hekayəsi minimum 2, maksimum 4 A4 səhifəsindən ibarət olmalıdır. Şagirdin özü haqqında şəxsi məlumatların (adı, soyadı, atasının adı, oxuduğu məktəb, sinfi və hekayəsinin adı) qeyd olunması mütləqdir.

 

Müsabiqənin Bakı şəhər mərhələsində şagirdlərin hekayələrinə münsiflər heyəti tərəfindən baxış keçiriləcək və qiymətləndirmə meyarlarına uyğun olaraq ən yaxşı işlər müəyyənləşəcək.

 

Qiymətləndirilmə zamanı hekayənin məzmununun şagird tərəfindən seçilən mətnə uyğunluğu, müsabiqə çərçivəsində yazılması, iştirakçının mütaliə etdiyi əsərdən ilhamlandığı hissənin aydın qeyd olunması, rəy və təhlilinin orijinallığı, əsərin süjet xəttinin inkişafı mərhələlərinin gözlənilməsi, ad seçimi əsas meyarlar kimi götürüləcək.

 

Hər bir meyar 10 ballıq sistemlə qiymətləndirilir.

 

Müsabiqənin yekununda ümumilikdə 15 iştirakçı (5 nəfər I, 5 nəfər II, 5 nəfər III yer) qalib seçiləcək. Həmçinin 10 şagirdə xüsusi fəallıq göstərdiyinə görə tərifnamələr, 25 şagirdə isə fəal iştiraka görə təşəkkürnamələr təqdim olunacaq.

 

Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr veriləcək.