Xəbərlər

Bakı məktəbliləri SAF 2023-də 60-a yaxın layihə ilə iştirak edəcək

Paytaxtın ümumi təhsil müəssisələrinin şagirdləri Beynəlxalq STEAM Azərbaycan Festivalında (SAF 2023) iştirak edəcəklər.

 

Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, festivala BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrindən 160 şagirdin 60-a yaxın layihə ilə qatılması nəzərdə tutulur.

 

Qeyd edək ki, festival Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 2023-cü il dekabrın 4-dən 8-dək Bakı Ekspo Mərkəzində keçiriləcək. Festival 14 kateqoriya üzrə yarış və 1 kateqoriya üzrə innovativ layihələr sərgisi formatında təşkil ediləcək.

 

Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan şagird və tələbələrin aşkara çıxarılması, şəbəkələşməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsidir.

 

STEAM təhsil metodu elm (Science), texnologiya (Technology), mühəndislik (Engineering), incəsənət (Art) və riyaziyyatı (Math) inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.