Qara ağacdələn
Qara ağacdələn (lat. Dryocopus martius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin ağacdələnlər fəsiləsinin dryocopus cinsinə aiddir.
O, qarğa boydadır, ağacdələnlərin ən böyüyüdür və qara rəngi ilə dərhal tanınır. Erkək fərdin başının üstü, dişinin ənsəsi qırmızıdır. Səsi aydın, incə, melodik, həzindir: Yaşlı, iynəyarpaqlı və qarışıq dağ meşələrində çoxalır.
Uzunluğu 42–57 sm, çəkisi təqribən 300–370 qramdır. Tükləri qara, parlaq, qarın nahiyəsində qəhvəyi rəngdədir.
Avrasiyada geniş yayılmışdır. Əsasən həşəratlarla qidalanır, həmçinin toxum və giləmeyvə yeyir.
Həm erkək, həm dişi ağacdələn ağacda adətən 10-12 m (27m-ə qədər) hündürlükdə böyük (diametri 23 sm-ə qədər) oyuq açırlar. Dişi ağacdələn 3-6 (adətən 4-5) yumurta qoyur. Hər iki valideyn 12-14 günlük inkubasiya dövründə iştirak edir. Balalar yumurtadan çıxdıqdan 26-30 gün sonra yuvanı tərk edir.