25 Oktyabr Qubadlı Şəhəri Günüdür
Qubadlı 1993-cü ilin 31 avqust tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Qubadlı şəhərini, rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməlləri törədib. İşğalçılar Qubadlının zəngin təbiətinə, flora və faunasına qarşı da ekoloji terror törədib, meşələri, nadir ağac və bitki növlərini qırıb, yandırıb.
2020-ci il oktyabrın 25-də Müzəffər Azərbaycan Ordusu Qubadlı şəhərini işğalçılardan azad edərək, həmin ərazilərdə üçrəngli bayrağımızı dalğalandırıb.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev oktyabr;n 26-da xalqa müraciətində bir aya yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikasını açıqlayıb, eyni zamanda, Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulduğunu bəyan edib.
Azərbaycan Respublikasında “Qubadlının azad olunmasına görə” medalı da təsis olunub.
Prezident İlham Əliyevin bu il imzaladığı Sərəncama əsasən, 25 oktyabr – Qubadlı şəhəri günü kimi təsis edilib.
25.10.2023