Bu maraqlıdır!

Telç – Moraviyanın mərkəzindəki füsunkar şəhər

Çexiya və Moraviyanın sərhədində yerləşən Telç şəhərinin tarixi bir neçə əsr əvvələ gedib çıxır. Telç, yüz illərdir öz görkəmini toxunulmaz şəkildə qoruyub saxlamağa müvəffəq olan azsaylı Çexiya və hətta Avropa şəhərlərindən biridir. Şəhərin mərkəzi meydanında və qonşu küçələrdə onun bənzərsiz üslubunun ahəngini poza biləcək bircə bina belə tapmaq mümkün deyil. Telç, həqiqətən bənzəri olmayan füsunkar şəhərdir.

 

AZƏRTAC “Radio Prague International”a istinadla xəbər verir ki, rəvayətdə Telçin əsasının Moraviya knyazı II Otto tərəfindən qoyulduğu deyilir. Knyaz 1099-cu ildə çex şahzadəsi Brjetislavı məğlub etdikdən sonra, hazırda Telçin Köhnə şəhər adlandırılan hissəsində kiçik kilsənin və qəsəbənin inşa edilməsini əmr edib. Lakin yazılı mənbələrdə şəhərin adına ilk dəfə yalnız 1315-ci ildə rast gəlinir. XIV əsr Telçin tarixində mühüm mərhələyə çevrilib – şəhər bu vaxtdan etibarən onun çiçəklənməsi üçün sonradan çox iş görən Qradesli III Olcihin tabeliyinə keçib. Ancaq Telçin xarici görünüşündəki ən yaddaqalan iz XVI əsrdə qradesli əyan Zəkəriyyə tərəfindən qoyulub.

 

Telç şəhərinə çox hündürdən baxanda, bu şəhərin bir vaxtlar ərazinin müdafiə sisteminə daxil olan gölməçələrlə əhatə olunduğunu görmək olar.

 

Əksər ənənəvi şəhərlərin mərkəzi elementi onların meydanıdır və Telç də özünün Zəkəriyyə meydanındakı ecazkar ansamblı ilə çox məşhurdur. Meydan öz perimetri boyunca, tağ qalereyaları ilə birləşdirilmiş və mürəkkəb frontonlarla və zərif sqraffitolarla bəzədilmiş İntibah və Barokko üslubundakı yaşayış binaları ilə əhatə olunub.

 

Telçin mərkəzi meydanı vaxtilə burada bazarların təşkil olunması üçün istifadə edilən böyük və geniş ərazidən ibarətdir. Bu gün meydan bəzəkli və rəngarəng frontonlarla əhatə olunub, lakin 150-200 il əvvəl bu şəhər indiki kimi möhtəşəm və təntənəli görünməyib. Bəzən Telçin “bəyaz və gözəl olduğu” deyilir, bəlkə də bu ifadə şəhərin tarixən malik olduğu rəngə daha çox uyğundur. Kifayət qədər rəngarəng fasadların meydana çıxması, özünü Zəkəriyyə meydanında daha çox nəzərə çarpan İntibah dövrünün və müəyyən dərəcədə kənd barokkosu üslubunun bərpa edilməsində büruzə verir. Telçin bənzərsiz görkəmini formalaşdıran əhəmiyyətli şəxsiyyətlərdən biri məhz qradesli Zəkəriyyə olub.

 

Kənd və şəhər urbanizmi bəzən çox yaxın vəhdət təşkil edir, lakin bu və ya digər yaşayış məntəqəsinin vaxtilə sahib olduğu hüquqların onun inkişafında çox mühüm rol oynadığı nəzərə çarpır. Məsələn, bəzən şəhərin mərkəzində ticarət etmək imkanı olmayan, amma böyük əraziyə malik kəndə rast gəlinir, halbuki bəzi şəhərlər o vaxt kimin tabeliyində qalmalarından asılı olaraq, bazarlar təşkil etmək və digər imtiyazlardan faydalanmaq hüququna malik olublar.

 

Zəkəriyyə meydanındakı binalar əsasən hündürlüyünə görə eynilik təşkil edir, onların dekorasiyaları da bir-birinə uyğundur. Binaların fasadlarının bir-biri ilə oxşar olması sırf praqmatik səbəblərlə əlaqədardır. Orta əsrlərdə ərazilər diqqətlə ölçülürdü və yaşayış məntəqələrinin inşası, demək olar ki, bugünkü tendensiyalarla üst-üstə düşən inkişaf planından uzaq idi. Yeni yaşayış məntəqəsi inşa edənlər iqtisadi nöqteyi-nəzərdən hər şeyi ətraflı düşünürdülər, sahələri necə ölçməyi və inşa etməyi diqqətlə ölçüb-biçirdilər. Üstəlik, həmin vaxtlarda artıq müəyyən sosial fərqlər yaranmağa başlamışdı. Meydandakı rəngarəng frontonlara nəzər yetirəndə, bəzi binaların standart, əyani olaraq modul tipli və sadə olduğunu görərik. Meydanda belə binalar çoxluq təşkil edir. Ancaq daha ensiz evlər də var, bəziləri isə digərlərindən iki dəfə genişdir. Beləliklə, bu tikililərə nəzərə yetirəndə varlıların harada yaşadığını, nisbətən kasıb əhalinin şəhərin hansı hissəsində məskunlaşdığını aydın təsəvvür etmək olur. Bu sosial fərq bu gün də hiss olunmaqdadır. Çoxmənzilli bina inşa ediləndə, orada müxtəlif mənzillər təklif olunur. Ən çox tələbat duyulan mənzil sahələri olduğu kimi, daha yüksək standartlı evlər və nisbətən əlverişli qiymət kateqoriyasına aid mənzillər də var.

 

İnsanlar əsasən öz maddi vəziyyətlərini nümayiş etdirmək istəyiblər. İmkanlarının nəyə çatıb-çatmadığını göstərməyi çox seviblər. Belə ki, tez-tez binalarda bəzəkli frontonlara rast gəlinir, amma onların arxa tərəfinə nəzər yetirəndə, bu evlərin tamamilə bəzəksiz, sırf utilitar evlər olduğunu görərik. Dəbdəbə və əzəmət nümayişi özünü məhz evlərin fasadında büruzə verirdi. Çox vaxt kəndlilər bu cür memarlıq elementlərini öz evlərinə tətbiq edirlər. Yəni, nisbətən imkanlı kəndlilər taxta evlərinin daş ev kimi görünməsinə can atırdılar. Həm də onlara müəyyən dekorativlik qatmağa çalışırdılar ki, bu da İntibah dövrünün gözəl sqraffitosunu kənd memarlığında aşkarlamağa imkan yaradır. Bəzən bu bəzəklər binalara müəyyən poetik görünüş bəxş edirdi, çünki suvaq üzərindəki təsvirlər adətən bunun üçün tamamilə münasib olmayan konstruksiyalara köçürülürdü. Yəni, ev taxtadan olsa da, onun fasadı daha nəcib və dəbdəbəli olmalı idi.

 

Hətta XVI-XVII əsrlərdən etibarən Yezuitlər ordeni buraya dəvət edildikdən sonra, Telç şəhəri təhsil və tədqiqat mərkəzi olaraq qalmaqda davam edib. Daha sonra yezuitlər buradan qovulub çıxarılsalar da, şəhər özü hələ də universitetlərlə sıx şəkildə bağlıdır. Belə ifadə etmək mümkündürsə, şəhər sakinləri yezuitlərin ənənələrini əxz etsələr belə, bu şəhərin təkcə mənzərəli görkəmini və İntibah memarlığının izlərini yox, həm də müasir elmin, tədqiqatların və trendlərin son nailiyyətlərindən xəbərdar olan şəhər üslubunu bu günədək qoruyub saxlamağa müvəffəq olublar.

 

Telç şəhərini heç olmasa bir dəfə ziyarət edənlər onu əbədi xatırlayacaqlar və yenidən buraya qayıtmaq istəyəcəklər.