Xəbərlər

“Heydər Əliyev və uşaq hüquqları” - məktəbdə tədbir

Paytaxtdakı 239 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və uşaq hüquqları” mövzusunda görüş keçirilib.

 

Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, əvvəlcə qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

 

Görüş Ulu Öndər Heydər Əliyevin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

 

239 nömrəli tam orta məktəbin direktoru Nisə Fərəcova Ulu Öndər Heydər Əliyevin siyasi irsinin təbliğinin şagirdlərin müvafiq biliklərinin daha da zənginləşdirilməsinə zəmin yaratdığını diqqətə çatdırıb.

 

Azərbaycan Respublikası insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Ümummilli Liderin istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi zamanlarda ailə və uşaq problemlərinin həllinə böyük diqqət yetirdiyini diqqətə çatdırıb. S.Əliyeva hər bir şagirdin öz hüquq, vəzifə və öhdəliklərini bilməsinin vacibliyindən söz açıb, şagirdlərin bu istiqamətdə məlumatlılıq səviyyəsinin artırılmasının zəruri olduğunu bildirib.

 

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsində Ulu Öndər Heydər Əliyevin xidmətlərindən, onun uşaqlarla bağlı maraqlı xatirələrindən danışıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu illərdə uşaq siyasətinin daha güclü təməllər üzərində qurulması və həyata keçirilməsi üçün fəaliyyətinin mühüm bir hissəsini bu məsələyə yönəldib.

 

M.Vəliyeva əsası Ulu Öndər tərəfindən qoyulan uşaq hüquqlarının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini söyləyib.

 

Daha sonra Heydər Əliyev və uşaq hüquqlarından bəhs edən videoçarx nümayiş olunub.

 

Məktəbin müəllimi Fəridə İbrahimova və şagirdlərin mövzu ilə bağlı çıxışları dinlənilib.

 

Sonra uşaq hüquqlarının müdafiəsi ilə bağlı şagirdlərin hazırladıqları səhnəcik nümayiş edilib.