Yunis Nuri
İrəvanda Azərbaycan teatrının yaranması Yunis Nurinin adı ilə bağlıdır. O, 1878-ci il yanvarın 23-də İrəvanda anadan olmuşdur.
Yunis Nuri beş yaşında ikən atası vəfat etmiş, Yunisin təlim-tərbiyəsi ilə anası Leyla xanım məşğul olmuşdur.
Aktyorluğa 1896-cı ildə İrəvanda başlamış, ömrünün sonunadək İrəvan Azərbaycan Teatrında fəaliyyət göstərmişdir.
1916-cı il mayın 26-da Yunis Nurinin quruluşunda İslam Dram Teatrının aktyorları Əbdürrəhim bəy Haqverdiyevin “Varaba yuvası”nı, sentyabrda isə “Arşın mal alan” operettasını tamaşaya qoydular. 1918-1920-ci illərdə İrəvanda ermənilər qırğınlar törətdilər. Yunis Nuri də bu qırğından qurtula bilən İrəvan həvəskar aktyorlarının əksəriyyəti kimi İranın Xoy şəhərinə mühacirət etdi.
1921-ci ilin ikinci yarısından etibarən İran, Türkiyə və Azərbaycanda sığınacaq tapmış İrəvan qaçqınları tədricən geri qayıtmağa başladılar. 1922-ci ilin fevralından Mərkəzi Türk Klubunda Yunis Nurinin rəhbərliyi ilə həvəskar aktyorlardan ibarət türk teatr truppası fəaliyyət göstərirdi. 1923-cü ilin əvvəlində teatr birliyinin nizamnaməsi geniş müzakirə edilərək qəbul edildi, 1924-cü ilin mayında Mərkəzi Türk Klubunun nəzdində fəaliyyət göstərən dram dərnəyinə müstəqil teatr truppası statusu verildi. Türk truppasının çıxışları Mərkəzi Türk Klubunda hazırlanmış və orada nümayiş etdirilmişdir.
Yunis Nuri 1950-ci il yanvarın 5-də 72 yaşında vəfat edib.
19.01.2024