Uşaq yaradıcılığı

Azərbaycanın gənc musiqiçiləri - Şükran Cəfərova

AZƏRTAC beynəlxalq müsabiqələrin laureatı olmuş Azərbaycanın istedadlı gənc musiqiçiləri haqqında silsilə məqalələr dərc etməyə davam edir.

 

Budəfəki həmsöhbətimiz gənc pianoçu, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 9-cu sinif şagirdi, bir neçə beynəlxalq müsabiqənin iştirakçısı və laureatı Şükran Cəfərovadır. O, 2018-ci ildə Bolqarıstanın Albene şəhərində keçirilən "Heirs of Orpheus" yarışmasında 1-ci yerə layiq görülüb.

 

“Mən 5 yaşından musiqi ilə məşğulam, bu məktəbdə isə 1-ci sinifdən təhsil alıram”, – Şükran deyir. – “Bir çox müsabiqələrdə iştirak etmişəm. İlk dəfə birinci yeri tutanda cəmi 6 yaşım var idi”.

 

Söhbət 2016-cı ildə Praqada keçirilən beynəlxalq “May Fantasy” müsabiqəsindən gedir. Onda hələ Şükran birinci sinif şagirdi idi.

 

"Heirs of Orpheus" müsabiqəsində iştirak edəndə, qızcığazın müəllimi respublikanın Əməkdar müəllimi, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktor müavini Rəna Vəzirova olub.

 

"Müsabiqədə iştirak etmək təşəbbüsü ona məxsusdur", – Rəna xanım deyir. – “Müsabiqəyə xüsusi olaraq hazırlaşmamışıq, biz, sadəcə, onun proqramı üzərində işləyirdik. Ancaq o, Bolqarıstana getdi və qalib gəldi".

 

Müsabiqədə Şükran Qriqin "Per Günt" süitasından "Dağ kralının mağarasında" kompozisiyası və Moşkovskinin 5-ci etüdü ilə çıxış edib.

 

“Mən yayda hazırlaşırdım, gün ərzində 4-5 saat məşğul olurdum. Müsabiqəyə az qalanda daha çox – 5-6 saat məşğul olmağa başladım”, – pianoçu xatırlayır.

 

Şükran səhnəyə çıxmazdan əvvəl həyəcan keçirdiyini etiraf edir, lakin ifa etməyə başlayanda hər şeyi unutduğunu söyləyir.

 

İstedadlı gənc pianoçu öz çıxışından məmnun qalıb. Salonun reaksiyasını xatırlayan Şükran insanların ona baxarkən gülümsədiyini deyir. Pianoçu qız müsabiqənin digər iştirakçılarının da çıxışlarını dinləyib: “Hər kəs özünə görə yaxşı ifa edirdi, ancaq mən onların məndən yaxşı və ya pis olduqlarını düşünmürdüm, təkcə öz ifam barədə fikirləşirdim. Birinci yeri tutduğum elan olunanda isə qürur hissi keçirdim və əməyimin hədər getmədiyinə sevindim”.

 

Söhbətimizdə Şükranın böyük bacısı, beynəlxalq müsabiqələr laureatı, Bülbül adına musiqi məktəbinin məzunu və müəllimi Aydan Cəfərova da iştirak edir.

 

“2018-ci ildə o, Gürcüstanın Tbilisi şəhərindəki "Vaja Çaçava" müsabiqəsində 3-cü yeri tutub”, - Aydan xanım deyir. 2019-cu ildə Bakıda keçirilən üç turdan ibarət “World Harmony” beynəlxalq müsabiqəsində iştirak edib və orada da 3-cü yeri tutub. O, öz kateqoriyasında ən azyaşlı iştirakçı olsa da, layiqli şəkildə çıxış edib və 3-cü turda Dövlət Kamera Orkestri ilə Motsartın konsertini ifa edib. “Mən onun bu xarakterini çox sevirəm - o, qarşısına məqsəd qoyur və ona nail olur”, - deyə Şükranın bacısı bildirir.

 

“O, hər dəfə səhnəyə çıxanda mənə elə gəlir ki, səhnəyə özüm çıxıram”, – Aytən Cəfərova əlavə edir. – “Çünki mən həm onun bacısı, həm müəllimi, həm də dostuyam. Üstəlik, onun çıxışını videoya da çəkmək lazım gəlir, mənim isə hərdən əllərim həyəcandan əsir” (gülür).

 

Bacısının sözlərinə görə, Şükranın hələ uşaq yaşlarından musiqiyə böyük marağı olub: “Həmişə yaxınlaşıb mənə tamaşa edirdi, mən o vaxt tələbə idim. Məktəbə getmək yaşı çatanda isə atamız dedi ki, Şükran da böyük bacısı kimi musiqi məktəbinə gedəcək. Ona görə də bu məktəb demək olar ki, bizim ikinci evimizdir”.

 

Şükran gələcəkdə də müsabiqələrdə iştirak edəcəyini bildirir. Üstəlik, Nyu-Yorkdakı Karnegi-hollda və Cənubi Koreyada çıxış etmək arzusundadır.

 

Rəna Vəzirovanın sözlərinə görə, gənc istedadların beynəlxalq müsabiqələrdə iştirak etməsi Azərbaycan üçün olduqca əhəmiyyətlidir.

 

“Onların nailiyyətləri bizim üçün çox vacibdir və olduqca xoşdur! Ancaq biz şagirdlərimizin ardıcıl olaraq bütün müsabiqələrdə iştirak etmələrinə çalışmırıq. Hər şeydən əvvəl biz onları peşəkar fəaliyyətə hazırlayırıq. Özünü musiqiyə həsr edən uşaqlara böyük rəğbət bəslənilir, axı bu iş gündəlik əmək və zəhmət tələb edir. Bu yolla getməyi seçən bütün uşaqlara böyük alqış düşür!” – deyə o qeyd edir.