Uşaq yaradıcılığı

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ Mehinbanu Bayramlı

AZƏRTAC beynəlxalq müsabiqələr laureatları olmuş Azərbaycanın gənc istedadlı musiqiçiləri barədə məqalələr silsiləsini davam etdirir.

 

Növbəti həmsöhbətimiz Müslüm Maqomayev adına 26 nömrəli 11 illik musiqi məktəbinin 11-ci sinif şagirdi, qanun ifaçısı, çoxsaylı konsert, layihə, beynəlxalq və milli müsabiqələrin iştirakçısı Mehinbanu Bayramlıdır. Onun qələbələri arasında Böyük Britaniya, Türkiyə, Rusiya, Qazaxıstan və digər ölkələrdə keçirilən müsabiqələrdə qazanılan ilk yerlər və Qran-prilər var.

 

Mehinbanu erkən uşaqlıq illərində musiqiyə aşiq olub. İstedadlı qızcığazın nənəsi bunu görüb və onu musiqi məktəbinə yazdırıb.

 

"Bütün ailəm - valideynlərim və onların valideynləri təhsil sahəsində çalışıblar və məni bu peşənin davamçısı kimi görürdülər", - deyə Mehinbanu bəhs edir. - Mən məktəbdə həmişə əlaçı olmuşam. Belə bir fikir formalaşıb ki, musiqi ilə məşğul olanlar ümumtəhsil məktəbində zəif olurlar. Xeyr. Musiqidə yüksək nəticələr əldə etmək istəyirsənsə, savadlı olmalısan. Ailə üzvlərim daim soruşurdular ki, mən musiqiçi yolunu seçdiyimə əminəmmi? Mən həmişə əmin olduğumu bildirmişəm. Çünki mənim musiqiyə çox böyük həvəsim var. Məktəbdə dərslərdən nə qədər zövq alsam da, qanunda ifa edərkən yaşadığım hisslərlə müqayisə oluna bilməz. Bu, tamamilə fərqli bir dünyadır!”.

 

Yeri gəlmişkən, Mehinbanunun ifa etdiyi alətin seçimi anasına məxsusdur.

 

“Bu alətdə qədim zamanlarda padşahların saraylarında ifa olunurdu. Qanunda musiqi ifa olunarkən padşahlar qanun-qaydanı tənzimləyirdilər. Buna görə alət belə də adlanır – “qanun”, - deyə Mehinbanu söyləyir. – Qanunu mənim üçün anam seçib. Bu aləti görəndə onun sanki mənim üçün nəzərdə tutulduğunu düşünüb”.

 

Qanun ifaçısı istedadını ilk dəfə nümayiş etdirdiyi ilk müsabiqəni ən çox xatırladığını vurğulayıb: "Bu, çox çətin idi: gündəlik dinləmələr, məşqlər".

 

Mehinbanunun çəkdiyi zəhmət özünü doğruldub, qanun ifaçısı birinci yaş qrupunda ən yüksək yeri tutub. Bundan sonra - pandemiya dövründə Mehinbanu Zakir Bağırovun "Rapsodiya"sının video ifasını hazırlayıb və eyni zamanda, “Golden Time Talent” (Böyük Britaniya) onlayn müsabiqəsində birinci yeri tutub.

 

Bu qələbədən sonra Mehinbanu ABŞ-da keçirilən müsabiqəyə video ifa göndərib və finala yüksəlib. İstedadlı qanun ifaçısını canlı iştirak üçün Nyu-Yorka dəvət ediblər. Lakin təəssüf ki, viza problemi səbəbindən müsabiqəyə gedə bilməyib... Daha sonra qanun ifaçısı münsiflər heyətinin onu çox gözlədiyini və əvvəlcədən öz aralarında onu qalib seçdiyini öyrəndi.

 

Mehinbanu deyir ki, o, həmişə müsabiqə iştirakçıları ilə yaxşı münasibət qurur: "Onlardan bəziləri ilə hələ də ünsiyyətdəyəm. Bunlar digər məktəblərdən olan qanun ifaçısı qızlardır. Onlar məni dəstəkləyir, mən də onları. Bəzən məni konsertlərinə dəvət edirlər”.

Antalyada keçirilən müsabiqə zamanı da Mehinbanu yeni dostlar qazanıb.

 

"Müsabiqədə Pakistan, Özbəkistan, Qırğızıstandan olan iştirakçılar var idi. Qırğızıstan və Özbəkistandan olan uşaqlar hətta Azərbaycan bəstəkarlarının əsərlərini ifa etdilər - onlar ifalarımızı eşidib bizdən notları istədilər!”

Mehinbanu musiqi təhsilini xaricdə davam etdirməyi planlaşdırır. İtaliyada çıxış etmək xəyalı ilə yaşayır.

 

“Çünki İtaliya incəsənətin özü, tam bir incəsənət mərkəzidir", - deyə qanun ifaçısı paylaşır.

 

Mehinbanu deyir ki, Müslüm Maqomayev adına məktəbin şagirdi olmaq həyatda başına gələn ən gözəl şeylərdən biridir. "Nə qədər böyüsəm də, məktəbdən nə qədər uzaq qalsam da, gələcəkdə xaricdə olsam da, bu məktəb həmişə gözümün önündə olacaq", - deyə qanun ifaçısı bildirir.

 

Mehinbanu əlavə edir ki, məktəbin direktoru Gülşən Quliyeva və müəllimi İradə Kamilova onun uğur və nailiyyətlərinə çox böyük töhfə veriblər.

"Mehin bizim məktəbə gələndə altı yaşında idi. Mənim gözümün önündə böyüyüb, - deyə müəllimi İradə xanım deyir. – O, çox emosional bir uşaq idi. Səhv edəndə, ağlayırdı. Mən də ona deyirdim: "Mehin, dayan. Əvvəlcə ifa et, bitir, sonra ağlayarsan. Mən də onunla eyni hissləri keçirirəm. Birlikdə çox əziyyət çəkmişik”.

Müəllimin sözlərinə görə, onlar Mehin ilə müsabiqələrə həmişə çox ciddi hazırlaşırlar.

 

"Biz 10-a yaxın ölkədə birinci yeri tutduq, Qran-Pri aldıq. Ancaq müxtəlif hallar da olur, - deyə İradə xanım xatırlayır. - Məsələn, Antalyadakı müsabiqədə birinci yeri qazandıq, baxmayaraq ki, hamı bizdən Qran-Pri gözləyirdi, bəlkə də burada başqa ölkəyə uçuşla əlaqədar yorğunluq özünü göstərdi ... ABŞ-a ümumiyyətlə gedə bilmədik! Respublika müsabiqəsində isə finala çıxdıq, ancaq qalib gələ bilmədik. Mən həmin vaxt dedim: - Mehin, bu, bizi ruhdan salmamalıdır”. Mən həmişə uşaqlara deyirəm: “Mübarizə aparın!”

Müəllimin fikrincə gənc musiqiçilərə müsabiqələr lazımdır.

 

"Bu, uşağın istedadını göstərmək üçün lazımdır. Biz məktəb hüdudları ilə məhdudlaşmamalıyıq, - deyə İradə xanım vurğulayır. - Uşaqlar inkişaf edir, yeni dostlar, tanışlar qazanır, bir-birindən nəyisə öyrənirlər. Bundan əlavə, orada rəqabət var və bu, lazımlıdır. Ən əsası səhnə sınaqdır. Uşaqları birinci sinifdən ona hazırlayırıq ki, qorxmasınlar, həyəcana alışsınlar və gələcəkdə irəli gedə bilsinlər".

 

Söhbətdə məktəbin direktoru Gülşən Quliyeva da iştirak edir, o da hesab edir ki, müsabiqələr yaxşı təşəbbüsdür.

 

Direktor deyir: "Uşağın adı elan edildikdə, təbii ki, həm ölkə elan edilir, həm də bayraqlar səhnəyə çıxarılır. Bu, həmişə böyük qürurdur". - Məktəbimizdə istedadlı, bacarıqlı uşaqlar çoxdur. Müəllimlərimiz də istedadlıdır. Bu yaxınlarda Gənclər Günü münasibətilə gözəl bir konsert keçirdik. Burada gənc müəllimlər iştirak edirdi. Murad Dadaşov bizim qonağımız idi. Heyran olmuşdu! Məktəblərdə belə müəllimlərin olduğunu düşünmədiyini söylədi".

 

Direktorun sözlərinə görə, məktəb həmişə vokalçılarla fərqlənib: şagirdlər beynəlxalq müsabiqələrin qalibi olub, çox mürəkkəb əsərlər, operalardan ariyalar ifa ediblər. Bu təhsil ocağı Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya ilə dostluq əlaqələri saxlayır.

 

Direktor vurğulayır: "Tamara İlyiniçna keçən yay bizi ziyarət etdi. Dəfələrlə məktəbdə olub. Ona konsertlər vermişik. Həmişə deyir: “Məktəbdə elə bir ab-hava var ki, sizdən ayrılmaq belə istəmirəm!"

 

Gülşən xanım deyir ki, Müslüm Maqomayevin adını daşıyan musiqi məktəbinin direktoru olmaq böyük məsuliyyət və böyük qürur mənbəyidir.

 

"Müəllimlər və mən fəxr edirik ki, bu məktəbdə işləyirik. Direktorun işi, əlbəttə ki, çətindir. Burada 300-dən çox uşaq, 80-ə yaxın müəllim var. Təsəvvür edin, hər bir uşağın valideynləri var. Artıq nənə və babaları saymıram! (Gülür.) Əlbəttə ki, çətin olur. Amma işini sevdiyində, hər çətinliyin öhdəsindən gəlirsən", - deyə Gülşən Quliyeva vurğulayır.