Uşaq yaradıcılığı

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ Nəzrin Nəzir

AZƏRTAC beynəlxalq müsabiqələr laureatları olmuş Azərbaycanın gənc istedadlı musiqiçiləri barədə məqalələr silsiləsini davam etdirir.

 

Növbəti həmsöhbətimiz Rəşid Behbudov adına 2 nömrəli 11 illik musiqi məktəbinin 4-cü sinif şagirdi, bir çox beynəlxalq müsabiqələrin iştirakçısı və laureatı, pianoçu Nəzrin Nəzirdir. Nəzrin 11 yaşındadır, buna baxmayaraq o artıq şəhərin müxtəlif musiqi məkanlarında çıxış edib, 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Uşaq İncəsənət Festivalında isə 3-cü yeri tutub.

 

Nəzrin beynəlxalq yarışlarda (onlayn və offlayn) 3-cü sinifdən iştirak etməyə başlayıb. Pianoçu deyir ki, müsabiqələrdə onlayn iştirak etmək, əlbəttə ki, daha asandır, amma səhnəyə canlı çıxmaq daha maraqlıdır. Nəzrinin sözlərinə görə, xüsusilə onun Uşaq Yaradıcılıq Festivalında iştirakı daha yaddaqalandır. Qızcığaz orada iki seçim turundan keçərək 3-cü yeri tutub.

Nəzrin qeyd edir: "Bu festival çox maraqlı və həyəcanlı idi. Onun sayəsində bir çox fərqli konsert məkanı gördüm".

 

Qızcığaz səhnəyə çıxmazdan əvvəl çox həyəcan keçirdiyini, lakin onun öhdəsindən gələ bildiyini etiraf edir. "Sadəcə, qalib olduğumu təsəvvür etdim. Bu da mənə kömək etdi", - deyə Nəzrin bəhs edir.

 

Gənc pianoçu müsabiqələri konsertlərdən daha çox sevdiyini, öz məktəbini və ölkəsini təmsil etmək üçün bu tədbirlərdə iştiraka mütləq davam edəcəyini söyləyir.

 

"Kanada, İspaniya və Türkiyəyə getmək istərdim, bu ölkələrdən xoşum gəlir, onların şəraiti çox gözəldir", - deyə Nəzrin bildirir.

Pianoçu Bakıda Kamera və orqan musiqisi zalının səhnəsində çıxış etmək xəyalı ilə yaşayır.

Şagirdindən danışan musiqi məktəbinin müəllimi Fatimə Hüseynova qızcığazın dərslərə məsuliyyətli münasibətindən və məqsədyönlü olmasından bəhs edir.

 

"Nəzrini 1-ci sinifdən tanıyıram, o, gözümün önündə böyüyüb. Mən dərhal ona rəğbət bəslədim, qızcığaz çox cazibədardır, - deyə Fatimə xanım bildirir. - O, çox ağıllı və məsuliyyətlidir. Musiqiyə sevgisi var, çox məqsədyönlüdür, təbiətcə iradəlidir. Uşaq Yaradıcılığı Festivalına hazırlaşarkən ona dedim ki, bilirsən, orada bir neçə min iştirakçı var ... gəl səninlə mükafat, qalib olub-olmayacağımız, ikinci tura keçib-keçməyəcəyimiz, üçüncü tura çıxıb-çıxmayacağımız barədə düşünməyək. Bizim üçün əsas olan iştirak etmək, gücümüzü sınamaqdır. Həmin an o, mənə cavab verdi: "Mən qalib gələ biləcəyəm!" Bu, məni çox heyrətləndirdi, çünki hələ də kiçik bir qız olmasına baxmayaraq, o, möhkəm iradəyə malikdir və vəziyyətə belə məsuliyyətli münasibəti var; edəcəyəm, bacaracağam!”.

 

Nəzrin Beynəlxalq Muğam Mərkəzində keçirilən ikinci tura seçildi və elə oldu ki, həmin gün müəllim şagirdinin yanında ola bilmədi.

 

“O, orada tənha idi", -deyə Fatimə xanım bəhs edir. - Təbii ki, onunla onlayn əlaqə saxlayırdıq, amma fiziki cəhətdən tək idi. Mən bununla bağlı çox narahat idim, düşünürdüm ki, müəllimin dəstəyi olmadan bunun öhdəsindən necə gələcək? Bəlkə də hətta üçüncü tura belə keçməyəcək... Lakin öhdəsindən gəldi və keçdi. Bu, mənim üçün böyük bir hədiyyə oldu! Onun potensialını bilirdim, bu sınaqdan keçmək, planlarımızı sona çatdırmaq bacarığından əmin idim".

Müəllim deyir ki, gənc yaşına baxmayaraq, Nəzrin musiqiçinin vəzifəsini yaxşı başa düşən çox incə bir insandır.

 

"Musiqi yaradıcılıqdır. Sadəcə əsəri əzbər öyrənməməliyik, müəllifin fikirlərini dinləyiciyə çatdırmalıyıq. Nəzrin bunu başa düşür. Onun təsəvvürü, fantaziyası, zəkası var", - deyə müəllim vurğulayır.

Gənc pianoçu Uşaq Yaradıcılıq Festivalında Klod Debüssinin "Arabesk" pyesini ifa edib.

"Pyes onun yaşına görə çox çətindir", - deyə Fatimə xanım qeyd edir. – Burada çoxlu incəliklər var. Düşünürəm ki, o, münsiflər heyətini musiqini ürəkdən ifa etməsi ilə fəth edib. Onun əsərə öz münasibəti var idi, zənnimcə, məhz bu, ona mükafat qazanmağa kömək etdi".

 

Müəllimin sözlərinə görə, müsabiqədə uğur qazandıqdan sonra Nəzrin bir sənətçi kimi daha güclü oldu. Fatimə xanım hesab edir ki, müsabiqələrin həm müsbət, həm də mənfi cəhətləri var.

"Müsbət cəhəti ondadır ki, rəqabət ruhu uşağı güclü edir. O, həmçinin səhnəyə alışır, səfərbər olmağa, lazımi anda diqqətini cəmləməyə öyrəşir. Yəni bu, təlim kimidir, - deyə Fatimə xanım bildirir. – Digər tərəfdən, müsabiqədə uğursuzluq baş verəndə, bəzən bu, uşaqları məyus edir. Bundan əlavə, müsabiqə xüsusi uzunmüddətli hazırlıq tələb edir və ifanın mükəmməl olması üçün bacarıqları cilalamaq lazımdır. Təlim prosesi zamanı daha çox materialı mənimsəmək üçün əsəri son nöqtəsinə qədər cilalamayaya bilərik. Ancaq digər tərəfdən, müsabiqə bir sınaq kimi uşağı formalaşdırır".

 

Söhbətdə pianoçunun anası Günay Əfəndiyeva da iştirak edir. Günay xanımın sözlərinə görə, qızcığazın kiçik yaşlarından musiqiyə meyli var idi.

"Televiziyada opera müğənnisinin ariya ifa etdiyini görəndə onun cəmi iki yaşı var idi. O, konstruktorla oynayırdı, birdən ekrana yaxınlaşdı və donub qaldı, - deyə pianoçunun anası xatırlayır. - Beş yaşı tamam olanda özü dedi - Ana, məni musiqi məktəbinə yazdır. Həm qohumlarım, həm də qonşularım onu musiqi məktəbinə yazdırmağı məsləhət gördülər. Birinci sinfə gedəndə, musiqi müəllimi dedi ki, Nəzrini musiqi məktəbinə yazdırmaq lazımdır, onun kamil musiqi qabiliyyəti var, bu, məhz onun istiqamətidir. Bundan sonra mən artıq məsləhətlərə qulaq asdım və onu buraya gətirdim".

 

Günay xanımın dediyinə görə, onların ailəsində musiqiçilər olub. Nəzrin bəstəkar Səid Rüstəmovun kötükcəsidir. Günay xanım deyir ki, qızının çıxışlarından öncə həmişə həyəcan keçirir və onun hər hansı bir uğursuzluğu olanda, narahat olur, lakin bu hissləri büruzə verməməyə və gənc pianoçuya dəstək olmağa çalışır.

 

"Ona dedim ki, sən musiqi ilə məşğul olmaq istəsən, mən səni dəstəkləyəcəyəm, əgər birdən istəməsən, yenə də sənə dəstək göstərəcəyəm, – deyə Günay xanım xatirələrini bölüşür. – Məhz ürəyin istədiyi peşəni seç. Çünki bununla bütün ömrün boyu məşğul olacaqsan. Məşğul olduğun peşədən zövq almalısan".

 

Fatimə Hüseynovanın fikrincə, Nəzrinin peşəkar musiqiçi olmaq üçün bol şansı var.

"O, buna nail ola bilər", - deyə müəllim vurğulayır. - Lakin musiqi çox zəhmət tələb edir. Burada çalışqanlıq ön plandadır, qabiliyyət isə sonra gəlir".

 

Nəzrinin həm müəllimi, həm də anası hesab edirlər ki, uşağa bir növ mane olmaq və ya əksinə, onu hansısa yolla getməyə məcbur etmək düzgün deyil.

 

"Hesab edirəm ki, uşaq kim olacağına özü qərar verməlidir. Həm müəllim, həm də valideyn öz fikirlərini bildirə bilərlər, ancaq uşaq özü üçün, istəyi üçün məsuliyyət daşıyır. Uşaqlar bəzən özlərini hansısa peşə sahibi olaraq görürlər. Onlara etibar etmək lazımdır. Çünki onlar düzgün qərar verəcəklər", - deyə Fatimə xanım vurğulayır.