Xəbərlər

Bakı Avropa Liseyinin Novruz bayramına həsr olunan “Qızıl toxum” tamaşası nümayiş edilib

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Qızıl toxum” macəra tamaşası nümayiş etdirilib.

 

AZƏRTAC xəbər verir ki, tamaşa Bakı Avropa Liseyinin Sərhədsiz Diplomatiya layihəsi çərçivəsində baş tutub.

 

Tamaşa qədim Novruz bayramına yeni baxış təqdim edən, təbiətin insan həyatında əhəmiyyətini xatırlatmağın nə qədər vacib olduğunu və təbiətin Yer üzündə həyatı qoruyub saxlamasına kömək etmək üçün insanın bir çox maneələri dəf etməli olduğunu söyləyən fəlsəfi nağıl-məsəldir. Əsər Xeyirlə Şərin mübarizəsində insanın tənbəllik, şübhə, qorxu, ümidsizlik, inamsızlıq kimi çətinliklərə qalib gəlməsindən bəhs edən nağıldır. Tamaşanın əsas personajları Badam ağacı, Nərgiz çiçəyi, Qaratoyuq və hər kəsin sevimlisi Əncir kimi bahar müjdəçiləridir. Baharı xilas etməyə və onun gəlişinə kömək etməyə çalışan bu qəhrəmanlar Novruz bayramında öz əksini tapmış dörd əsas ünsürü - Su, Od, Yel və Torpağı təmsil edən pərilərlə görüşürlər. Lakin onlara çatmaq üçün qəhrəmanlar çətin vəziyyətlərə düşürlər və bir çox maneələri dəf edirlər.

 

İllər boyu Novruz bayramını şəkərbura, paxlava və qoğalla bəzədilmiş xonçalar, Kosa və Keçəl personajları ilə qarşılayırdıq. Bu nağıl yazın gəlişinə yeni bir nəfəs verdi; Badam, Qaratoyuq, Nərgiz gülü və Əncir Novruz bayramının yeniliklərlə dolu personajlarına çevrildi.

 

Tamaşanın musiqisini gənc bəstəkar Tural Məmmədli bəstələyib.

 

Daha öncə Bakı Avropa Liseyinin III, IV, V sinif şagirdləri də daxil olmaqla üç aktyor truppasının iştirakı ilə iki dildə 4 dəfə nümayiş olunan tamaşanın bugünkü - sonuncu çıxışı xeyriyyə məqsədi daşıyıb və Bakı Avropa Liseyinin məzunu Humay Quliyevaya həsr olunub.

 

Tamaşa uşaqların və müəllimlərin birgə iştirak etdiyi Yallı rəqsi ilə başa çatıb.

 

Qeyd edək ki, tamaşada “Huma Quşu” Təhsilə Yardım Fondunun üzvləri və onların qonaqları iştirak ediblər.