Görkəmli şəxsiyyətlər

Mstislav Rostropoviç

Dünyaşöhrətli musiqiçi, XX əsrin ən böyük violonçel ifaçısı Mstislav Rostropoviç 1927-ci il martın 27-də Bakıda dünyaya gəlib, uşaqlıq və gənclik illərini burada keçirib. O, dörd yaşında ikən anasından fortepianoda, on yaşında isə atası, tanınmış violonçel ifaçısı Leopold Rostropoviçdən bu alətdə çalmağı öyrənib. İkinci Dünya müharibəsi illərində Mstislav Rostropoviçin ailəsi Orenburqa, daha sonra 1943-cü ildə Moskvaya köçüb.

 
Mstislav Rostropoviç 16 yaşı olanda Moskva Konservatoriyasına qəbul olunub və orada fortepiano, violonçel ifaçılığı ilə yanaşı, dirijorluq və bəstəkarlıq ixtisaslarına da yiyələnib. Bu təhsil müəssisəsində Dmitri Şostakoviç və Sergey Prokofyev kimi böyük sənətkarlardan dərs alıb.
 
Gənc Mstislav Rostropoviç ilk violonçel konsertini 1942-ci ildə verib, üç il sonra isə SSRİ-də ilk dəfə keçirilən gənc musiqiçilərin birinciliyində qızıl medala layiq görülüb. Sovet İttifaqında şöhrət qazanmış gənc və son dərəcə istedadlı Mstislav Rostropoviç Leninqrad (indiki Sankt-Peterburq) və Moskva konservatoriyalarında pedaqoji fəaliyyətlə məşğul olub, çoxsaylı ifaçıların yetişməsində böyük əmək sərf edib. O, 1964-cü ildə Qərbi Almaniyada çıxışı ilə dünya klassik musiqisevərlərinin rəğbətini qazanıb, həmin illərdə Qərbi Avropanın bir neçə qabaqcıl bəstəkarları ilə tanış olub.
 
Mstislav Rostropoviç 1967-ci ildə Böyük Teatrda P.Çaykovskinin “Yevgeni Onegin” operasına yüksək dirijorluq istedadını da nümayiş etdirib.
 
Dünyaşöhrətli musiqiçiyə D.Şostakoviç, S.Prokofiyev, B.Britten, A.Şnitke və digər bəstəkarlar əsərlər yazıb. Mstislav Rostropoviç D.Şostakoviçin violonçel üçün konsertlərinin ilk ifaçısıdır. O, dahi bəstəkarın “Birinci konserti”ni London musiqisevərlərinə təqdim edib.
 
Mstislav Rostropoviç 1977-1994-cü illərdə Vaşinqtonda ABŞ Milli Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru kimi fəaliyyət göstərib, Svyatoslav Rixter və Vladimir Horovits kimi məşhur musiqiçilərlə çalışıb. O, həmçinin Mstislav Rostropoviç Musiqi Festivalının təsisçisi və Birləşmiş Krallıqda B.Britten və Piter Pirsin təsis etdikləri Aldeburq Festivalının mütəmadi iştirakçısı olub.
 
Mstislav Rostropoviç sovet ideologiyasının ən təhlükəli illərində belə demokratik ideyaları çəkinmədən səsləndirib.
 
Dünyaşöhrətli musiqiçi çoxsaylı mükafatlara və ordenlərə, o cümlədən “Heydər Əliyev” ordeninə, Fransanın “Şərəf Legionu” ordeninə, müxtəlif universitetlərin fəxri doktoru adına və digər mükafatlara layiq görülüb. Mstislav Rostropoviç UNESCO-nun səfiri kimi bir çox təhsil, tədris və mədəni layihələri dəstəkləyib. O, həyat yoldaşı Qalina Vişnevskaya ilə birlikdə Azərbaycanda da bir sıra sosial layihələrdə yaxından iştirak edib.
 
2002-ci il martın 4-də Bakıda dahi sənətkarın ev-muzeyi açılıb. M.Rostropoviç həyat yoldaşı ilə Azərbaycana vaxtaşırı gəlib və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təkmilləşmə sinifləri təşkil etməklə Azərbaycan musiqi sənətinə də dəyərli töhfələr verib.
 
Mstislav Rostropoviç 2007-ci il aprelin 27-də Moskvada vəfat edib.
 
Müasir dünya musiqisinin inkişafına misilsiz töhfələr vermiş böyük sənətkar - Mstislav Rostropoviçin əziz xatirəsi hər zaman Azərbaycan xalqının yaddaşında yaşayacaq.