AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ Samirə Cəfərli
AZƏRTAC beynəlxalq müsabiqələr laureatları olmuş Azərbaycanın gənc istedadlı musiqiçiləri barədə məqalələr silsiləsini davam etdirir.
Növbəti həmsöhbətimiz Rauf Hacıyev adına 15 nömrəli musiqi məktəbinin 9-cu sinif şagirdi, pianoçu, beynəlxalq və respublika müsabiqələrinin və festivallarının iştirakçısı və laureatı Samirə Cəfərlidir.
Samirənin 13 yaşı var, Bakı Dövlət Universitetinin nəzdindəki "Gənc istedadlar" liseyində 8-ci sinifdə oxuyur, üç dildə mükəmməl danışır, idmanla məşğul olur, İT sahəsi və robototexnika ilə maraqlanır. Bundan əlavə, o, STEP IT Akademiyasının tələbəsidir. Hərtərəfli istedadlı qızcığaz 6 yaşından fortepianoda ifa edir.
Samirənın musiqiyə marağı 3 yaşında yaranıb. O deyir: "Xalam pianoçu, fortepiano müəllimidir. Atam da musiqi ilə məşğul olub, akkordeonda ifa edir. Lap kiçik olanda xalamı ziyarətə getdik, orada fortepiano gördüm və xoşuma gəldi. Valideynlərim mənim musiqiyə marağımın olduğunu dərk etdilər və məni musiqiyə yazmağa qərar verdilər. Sərgüzəştlərim də bax beləcə başladı (gülür)".
Samirənin müəllimi, Azərbaycanın Əməkdar incəsənət xadimi Tamilla Məmmədova şagirdindən bəhs edir: "Mənim yanıma gələndə, onun 6 yaşı vardı. Xasiyyətcə indiki kimi ciddi, ağıllı idi. Belə uşaqlarla bir qədər çətindir. Onlara fərqli yanaşmaq lazımdır. Gördüm ki, bacarıqlıdır, hər şeyi tez götürür, barmaqları yaxşıdır. Biz məşğul olduq, sonra tədricən o, müsabiqələrdə iştirak etməyə başladı. Şadam ki, həyatımda xalqımız üçün faydalı işlər gördüm - azərbaycanlı övladlarımız, şagirdlərim dünyada mədəniyyətimizi, xalqımızı tanıda bilirlər".
Samirə ilk dəfə 7 yaşında Gürcüstanda keçirilən Beynəlxalq musiqi müsabiqəsində iştirak edib. Daha sonra qızcığaz İspaniya, Yunanıstan, Macarıstan, Rus iya, Türkiyə, Qazaxıstan və digər ölkələrdə beynəlxalq müsabiqələrdə birinci yeri tutub və Qran-Pri qazanıb. Samirə Azərbaycanda keçirilən respublika və beynəlxalq müsabiqələrdə də iştirak edib.2019-cu ildə “Payız Əfsanələri” müsabiqəsində birinci yeri tutub.
"Lakin sonra pandemiya başladı və müsabiqələr keçirmək mümkün olmadı. Yalnız onlayn müsabiqələr var idi, lakin biz onlarda iştirak etmək istəmədik", - deyə Samirə qeyd edir..
Samirənin müəllimi onlayn müsabiqələri alqışlamır: "Uşaqlar evdə ifa edəndə, video yazıb göndərəndə - bu fərqli bir şeydir. Canlı ifa tamamilə başqa bir məsələdir. Şagirdin nəyə qadir olduğu, əsəri necə hiss etdiyi dərhal görünür".
Buna baxmayaraq, onlayn keçirilən bir layihədə Samirə də iştirak edib və birinci yeri tutub. İstedadlı pianoçunun sözlərinə görə, məhz həmin müsabiqə onun üçün ən yaddaqalan oldu. Söhbət Amerikanın “Harmundi Foundation” layihəsindən gedir. "Harmundi Foundation" insanları musiqi vasitəsilə birləşdirməyi hədəfləyən Amerika təşkilatıdır. O, müsabiqədə dünyanın müxtəlif ölkələrindən və qitələrindən - Afrika, Asiya, Avropa, Amerikadan olan insanları birləşdirdi. Minə yaxın musiqiçi müraciət etmişdi, lakin onlardan yalnız 60 nəfəri keçdi: ”Tədbirlər zum platformasında baş tutdu və üç gün davam etdi. Rəqəmsal musiqi yaratmaq üçün mənə peşəkar avadanlıq göndərildi. Bu, yeniliyə, müasirliyə cəhd etmək imkanı verdi. Öz musiqimizi özümüz yaradırdıq. Üçüncü gün üç iştirakçının seçildiyi son konsert oldu. Lakin internetin qeyri-sabit işləməsi səbəbindən onlayn çıxış etmək mənim üçün çətin olduğundan, filarmoniyada çıxışımın yazısını göndərdik, orada Sen-Sansın 2 №-li Konsertinin Finalını ifa etmişdim. Mən birinci yeri tutdum".
Müəllimin sözlərinə görə, Samirənın məşğul olması səbəbindən müsabiqələrə hazırlaşmaq üçün çox vaxtı qalmasa da, yenə də üzərindəki yükün öhdəsindən gəlir. Tamilla xanım deyir: "Biz hər vaxtdan, hər fürsətdən istifadə edirdik. O, çox bacarıqlı bir qızdır, həqiqətən də çox qoçaqdır".
Samirənin sözlərinə görə, müsabiqələr həmişə yeni insanlarla tanış olmaq imkanı verir. O əlavə edir: "Həm İspaniyada, həm Gürcüstanda, həm də Türkiyədə müxtəlif ölkələrdən iştirakçılar var idi, onlarla ümumi dil tapırdıq, ünsiyyət qururduq. Azərbaycandan gələnlərin hamısı bir-birinə dəstək olmağa çalışırdı. Bizim ortaq məqsədimiz var idi – yaxşı çıxış etmək və ölkəmizi tanıtmaq. Bəzən gərginlik olanda, onu aradan qaldırmaq üçün zarafat etməyə, gülməyə çalışırdıq".
Samirə deyir ki, konsertləri müsabiqələrdən daha çox sevir, baxmayaraq ki, onun fikrincə, həm müsabiqələr, həm də konsertlər gənc musiqiçilərə faydalı təcrübə qazandırır. O vurğulayır: "Şəxsən mənim üçün konsert musiqi karyeramın daha məsuliyyətli bir hissəsidir. Müsabiqələr də xoşdur. Hazırlaşanda çıxış etməyə gedirsən, yaxşı nəticə əldə edirsən. Həm müsabiqələrdə, həm də konsertlərdə musiqiçilər təcrübə əldə edirlər. Müsabiqədə necə hazırlaşmağı, necə rəqabət aparmağı öyrənirik. Konsertlər fərqli bir təcrübədir: özümüzü nəhəng tamaşaçı auditoriyası qarşısında səhnədə necə aparmağı, orkestrlə necə ifa etməyi öyrənirik – orada texnika fərqlidir".
13 yaşlı Samirə müsabiqələrdə iştirakını davam etdirməyi planlaşdırır və solo konsert verməyi xəyal edir. Sonrakı təhsili haqqında danışan gənc pianoçu musiqinin ikinci ixtisası olacağını və onu heç vaxt tərk etməyəcəyini söyləyir: "Xaricdə təhsil almaq istərdim, amma hansı universiteti seçəcəyimi hələ bilmirəm. Seçəcəyim istiqamət: ya beynəlxalq münasibətlər, ya biznes, ya da kriminologiyadır. Lakin təhsil aldıqdan sonra Azərbaycana qayıtmaq istəyirəm, çünki yaşamağı və işləməyi burada planlaşdırıram".
Samirənin müəllimi şagirdinin seçimini alqışlayır. İstedadlı qızın konservatoriyada oxumağı seçməməsinə təəssüflənmir, amma Samirənin musiqini tərk etməyəcəyinə sevinir.
"Mən bütün şagirdlərimə deyirəm ki, sizin ikinci ixtisasınız olmalıdır. Bu, sizə həyatda fayda gətirəcək. İndi həyat elədir ki, ikinci ixtisasa da ehtiyac var", - deyə Tamilla xanım vurğulayır.
Söhbətdə 15 nömrəli musiqi məktəbinin direktoru Sevil Ələkbərova da iştirak edir. Sevil xanımın fikrincə, müsabiqələr uşaqların həyatında böyük rol oynayır: "Müsabiqələrdə uşaqlar inkişaf edir. Müsabiqə mütləq müəyyən yer tutmaq üçün lazım deyil. Bu, hər şeydən əvvəl uşaqların inkişaf etməsinə kömək edir".
Sevil xanım hesab edir ki, beynəlxalq müsabiqələrin faydası ondan ibarətdir ki, onların sayəsində Azərbaycan musiqiçiləri özlərini və ölkələrini dünyada tanıda bilirlər.
"Məktəbimiz 60 ildən çoxdur ki, fəaliyyət göstərir. Bura 6-7 yaşlı uşaqlar gəlir və öz potensialını ortaya qoyurlar. Məktəbimizdə, Tamilla xanımın sinfi də daxil olmaqla, çoxlu istedadlı uşaqlar var. Biz onlarla fəxr edirik. Məktəbimizi, ölkəmizi təmsil etdiklərinə görə qürur duyuruq. Onları inkişaf etdirmək, istedadlarını ortaya çıxarmaq bizim üçün çox vacibdir", - deyə direktor qeyd edir.
Samirəyə gəldikdə, Sevil xanım əmindir ki, həyatda musiqi ona mütləq lazım olacaq. Direktor vurğulayır: "O, musiqini heç vaxt unutmayacaq, mən bunu bilirəm. Lakin mən onu özü üçün seçəcəyi peşədə görürəm. Belə insanlar, bu tərzdə inkişaf edən gənclər ölkəmizə çox lazımdır".
Samirənin müəllimi Tamilla xanım əlavə edir: "O, istəsə yanıma gələcək. Biz onunla birlikdə əsərləri təhlil edəcəyik, solo konsertlər verərsə, onlara birlikdə hazırlaşacağıq. Mən həmişə onun müəllimi olaraq qalacağam”.
27.03.2024