Xəbərlər

Martın 27-dən aprelin 2–dək Ümumdünya Autizm Maarifləndirmə Həftəsidir

Martın 27-dən aprelin 2–dək davam edən Ümumdünya Autizm Maarifləndirmə Həftəsi ilə əlaqədar bütün dünyada aprel ayı autizm haqqında maarifləndirməyə həsr olunur. Hər il Azərbaycanda cəmiyyətin autizm mövzusunda maarifləndirilməsi ilə bağlı silsilə tədbirlər keçirilir.

 

AZƏRTAC İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mətbuat xidmətinə istinadla bildirir ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası üzrə keçirilən tədbirlərin məqsədi ictimaiyyətin və hökumətin diqqətini autik spektr pozuntuları ilə üzləşmiş insanların və ailələrin ehtiyaclarına yönəltməkdir.

 

Əsəb sisteminin inkişafının pozulması nəticəsində yaranan autizmə 3 yaşadək uşaqlarda rast gəlinir. Xəstəliyə üç əlamət - qarşılıqlı sosial əlaqələrin çatışmazlığı, kommunikasiyaya, maraq məhdudluğu və təkrarlanan davranış pozuntusu əsasında diaqnoz qoyulur: Autizm məhdud davranışlara aparıb çıxaran, beynin inkişafına təsir edən bir xəstəlikdir. Dünyada böyük bir bəlaya çevrilən autizm daha çox nitq və davranışda qeyri-adiliklə, pozuntularla müşayiət olunur.

 

Bütün dünyada autizm XXI əsrin ən qlobal problemlərindən biri hesab edilir. Aparılmış tədqiqatlara əsasən dünya əhalisinin təxmini 1 faizi, yəni 70 milyon əhali autizmdən əziyyət çəkir. Autizmin əlamətləri 2-3 yaşdan etibarən özünü büruzə versə də, ən dəqiq diaqnoz 3 yaşında qoyulur.