Aysel Mübarizqızı. Utancaq İnci
İnci 5-ci sinifdə oxuyurdu. Çox çalışqan, bir o qədər də utancaq şagird idi.
Fəridə müəllim İnciyə Azərbaycan dili fənnini tədris edirdi. Dərslərin birində o, konkret və mücərrəd isimləri izah edirdi. Dərsi izah etdikdən sonra uşaqların suallarını cavablandırdı. İnci müəllimə diqqətlə qulaq asırdı. Lakin bir nüans onun üçün qaranlıq qaldı. Soruşmaq istəsə də, utandığı üçün sual vermədi.
İncinin utanması müəllimin diqqətindən kənar qalmadı:
- İnci, mövzu sənə aydın oldu? Hansısa hissə aydın olmadısa, yenidən izah edim.
- Aydındır, müəllim.
Zəng vuruldu. Tənəffüs idi. Müəllim İnciyə yaxınlaşdı və asta səslə dedi:
- İnci, heç vaxt utanma, çəkinmə. Nə sualın oldu de. Əgər bir mövzuya aid sualını verməsən, mövzular artdıqca suallarının sayı da artacaq. Onda sənin üçün daha çətin olacaq. İnci, bilməmək ayıb deyil, soruşmamaq ayıbdır.
Müəllimini dinlədikdən sonra İnci özünə söz verdi ki, bir də sual verməyə utanmayacaq. Utanmaq vərdişindən elə həmin gündən uzaqlaşmağa qərar verdi.
Dərsin ikinci hissəsi başlayanda İnci bütün suallarını Fəridə müəllimə ünvanladı.