Nağıllar, hekayələr

Mark Tven. Heklberri Finnin macəraları. XXIV fəsil

Ertəsi gün axşamüstü, çayın ortasında hər tərəfi söyüdlük olan kiçik bir adaya yanaşdıq; çayın hər iki sahilində isə kəndlər yerləşirdi, hersoq ilə kral həmin kəndləri soyub-talamaq uçün oturub tədbir tökməyə başladılar. Cira hersoqa dedi ki, güman edir bu iş daha çox çəkməz, bütün günü əl-qolu bağlı halda çadırın içində uzanıb qalmaq onu lap zara gətirmişdi.


Axı biz Cimi tək qoyub getdiyimiz vaxtlar onun əl-qolunu bağlamalı olurduq, çünki bir adam gəlib çıxsa və görsə ki, onun yanında heç kəs yoxdur və sanmayıb, onun qaçqın zənci olduğuna inanmayacaqdır. Hersoq da bilirdi ki, bütün günü əl-qolu bağlı halda uzanıb qalmaq asan şey deyildir, o bunsuz keçinmək barədə bir şey düşünüb tapar.


Bizim hersoqun başı yaman işləyirdi; o nə etmək lazım olduğunu tez düşünüb tapdı.
Cimə Kral Lirin paltarını geydirdi. Bu, pərdəlik çitdən tikilmiş uzun xalat idi, başına ağ saçlı bir parik qoyub çənəsinə at tükündən saqqal yapışdırdı; sonra öz teatr boyalarını götürüb Cimin boynunu, üzünü, əllərini və qulaqlarını boğuq, tünd rəngə boyadı; Cim bir həftə suda boğulub qalmış ölüyə bənzəyirdi. Mən ömrümdə bundan qorxunc bir şey görməmişdim. Hersoq sonra bir taxta lövhə götürüb üstündə bu sözləri yazdı:
Quduz ərəb sakit olanda adamların üstünə atılmır.


Sonra həmin lövhəni bir ağaca mıxladı, ağacı isə çadırın qarşısında, ondan dörd addım qabaqda qoydu. Cim çox razı qalmışdı. O dedi ki, bu, bütün günü əl-qolu bağlı halda yıxılıb qalmaq və bir səs eşidən kimi qorxmaqdan xeyli yaxşıdır. Hersoq ona məsləhət
gördü ki, utanmasın və özünü dəli kimi aparsın; əgər bir kimsə burnunu buraya soxsa, Cim əvvəlcə çadırdan sıçrayıb çıxsın və bir qədər oynasın, hətta vəhşi heyvan kimi bir-iki dəfə ulasın da, belə olanda gələnlər dərhal çıxıb gedər, onu dinc buraxarlar. Hersoq
ümumiyyətlə, düz mühakimə edirdi; ancaq Cimin ulamasını durub gözləmək hər kişinin işi deyildi. Çünki təkcə ölüyə oxşasaydı dərd yarı idi, ancaq o daha dəhşətli idi.


Bu fırıldaqçılar yenə “Zürafəni” işə salmaq istəyirdilər, çünki olduqca gəlirli şey idi, ancaq qorxurdular ki, bəlkə bu müddət ərzində səs-küy gəlib buraya da çatıb! Onların ağlına daha münasib bir şey gəlmədi; axırda hersoq dedi ki, iki saata qədər uzanıb bu Arkanzas kəndini birtəhər aldatmaq üçün bir şey düşünər; kral isə heç bir plan tökmədən o biri sahildəki kiçik şəhərə baş çəkməyi qət etdi; o Allaha təvəkkül edib gedirdi, məncə isə o, Allaha yox, şeytana təvəkkül edirdi; keçən dəfə dayandığımız yerdə hamısız özümüzə təzə paltarlar almışdıq; buna görə də kral başdan-ayağa təzə paftar geyindi, mənə də dedi ki, təzə geyinim. Mən də geyindim. Kral başdan-ayağa qara geyinmişdi, çox təmtəraqlı və təntənəli görünürdü. Mən isə indiyə kimi bilmirdim ki; paltar adamı bu qədər dəyişə bilər.


Əvvəl o, an pozğun bir əyyaşa oxşayırdı, indi isə təzə ağ şlyapasını çıxarıb gülümsəyərək baş əydikdə, elə bil ki, indicə Nuhun gəmisindən çıxıbdır, elə vüqarlı, nəcib və mömin görkəmi vardır ki, lap elə bil qoca Nuhun özüdür.


Cim qayığı yuyub təmizlədi, mən onun içinə atılıb avarları hazır vəziyyətdə tutdum.


Şəhərdən üç mil qədər uzaqda sahildə iki saatdan bəri yüklənməkdə olan böyük bir paraxod dayanmışdı. Kral dedi:
- Belə gözəl geyindiyimə görə özümü Sen-Luidon, yaxud Sinsin-natidon, yaxud da daha başqa bir böyük şəhərdən gələn adam kimi qələmə verməliyəm, Heklberri, paroxoda tərəf avar çək, biz şəhərə onunla gedərik.


Paroxoda minib getmək üçün o məni dita tutmalı olmadı. Mən qayığı şəhərdən yarım mil qədər aralıda sahilə tərəf yönəldib, sonra sıldırımlı çay kənan boyu sakit suda sürməyə başladım. Azca sonra biz sadə görkəmli gözəl bir kəndli balasına rast gəldik; o, sahildə bir tür üstündə oturub üzünün tərini silirdi; hava çox isti idi; oğlanın yanında iki məfrəş var idi.


- Qayığı sahilə tərəf döndər, - deyə kral əmr etdi.
Mən qayığı döndərdim. O əlavə etdi:
- Cavan oğlan, haraya belə gedirsiniz?
- Orleana. Paroxod gözləyirəm.
- Bizim qayığa minin, - deyə kral bildirdi. - Bircə dəqiqə dayanın; nökərim şeylərinizi daşımaqla sizə kömək edər... Adolfus, çıx centlmenə kömək elə!
Gördüm ki, bunu o mənə deyir. Mən kömək etdim, sonra üçlükdə yolumuza davam etdik. Oğlan bizdən çox razı idi; o dedi ki, belə istidə şeyləri aparmağa daha taqəti qalmamışdır. Sonra o kraldan haraya getdiyini soruşdu, kral da cavab verdi ki, çayla aşağı
gedirmiş, bu səhər sahilin o tayındakı kiçik şəhərin yanında quruya yan almışdır, indi isə bir neçə mil yuxarı qalxıb fermadakı köhnə bir tanışı ilə görüşmək istəyir.
Oğlan dedi:
- Mən sizi görən kimi dedim ki, mister Uilksin özüdür, amma bir qədər gecikib. Sonra fıkirləşdim ki, yox, bu o deyildir, axı o nə üçün çayla üzüyuxarı getsin. Siz o deyilsiniz, eləmi?
- Yox, məni adım Blocetdir, Aleksander Blocet; əlavə edib sizə deməliyəm ki, mömin bəndəniz Aleksander Blocet sadə bir din qulluqçusudur. Nə isə, mister Uilksin gecikdiyinə dərindən heyfsilənirəm, çünki o bunun nəticəsində yəqin ki, böyük zərər çəkmişdir. Lakin elə ümid edirəm ki, belə olmayıb?
- Yox, o bundan ötrü sərmayədən məhrum olmayıb. Nə təhər olsa da miras alacaqdır, amma öz qardaşı Piteri sağ görməyəcəkdir. Bəlkə bu heç onun vecinə də galmədi... Kim bilir, qardaşı isə ölümdən qabaq onu görmək üçün dünyada hər bir şeyindən keçərdi,
axırıncı üç həftədə zavallı bundan başqa heç bir barədə danışmırdı. Onlar lap uşaq vaxtından ayrılmış, bir daha görüşməmişlər, o biri qardaşını, kar-lal olan Vilyamı isə o heç bir zaman görməmişdir. Vilyamın cəmisi otuz-otuz beş yaşı olar. Piter ilə Corc ikilikdə buraya gəliblər; Corc evli idi, o keçən il öldü, arvad! da ölüb.


İndi sağ olanları yalnız Harvi ilə Vilyamdır, onlar da bayaq dediyim kimi gecikiblər.
- Bəs onlara yazıb xəbər göndərən olubmu?
- Bəs necə, azı bir-iki ay bundan əvvəl Piter təzəcə xəstələnərkən yazıblar; yazıq beləcə də deyibmiş ki, daha bu dəfə sağalmayacaqdır.
Bilirsinizmi o lap qocalmışdı. Corcun qızları isə hələ cavandırlar, sarışın Meri Ceyndən başqa heç biri ona cur deyildi; beləliklə, Corc və onun arvadı öləndən sonra qocanın tay-tuşu olmayıb ki, onunla bir söhbət etsin, ona görə də heç yaşamaq belə istəməyib; o, Harvini, eləcə də Vilyamı yaman görmək istəyirdi, özü isə vəsiyyət yazmağı sevməyən adamlardan idi. Onun Harviyə yazdığı bir məktub qalmışdır; bu məktubda onun öz pullarını harada gizlətdiyi və Corcun qızlarının heç bir şeydən ehtiyac çəkməmələri üçün qalan əmlakın necə bölüşdürülməsindən bəhs olunur. Corcun özü isə ölərkən
qızlarına heç bir miras qoymamışdır. O, bu məktubdan başqa heç bir şey yazmayıbdır, onu heç cür məcbur edə bilməyiblər.
- Bəs nə üçün Harvi vaxtında gəlib çıxmayıb, necə bilirsiniz?
O harada yaşayır?
- O, İngiltərədə, Şeffilddə yaşayır, orada keşişlik edir, Amerikada da heç vaxt olmayıb. Kim bilir, bəlkə yola yığışmağa macal tapmayıb, bəlkə heç məktubu da almayıb.


- Ay yazıq, ölərkən qardaşları ilə görüşə bilməməsi nə qədər kədərli bir haldır! Belə, deməli siz Orleana gedirsiniz?
- Bəli, amma bu hələ hamısı deyil. Çərşənbə günü paroxodla Rio- de-Janeyroya dayımın yanına gedəcəyəm.


- Bu uzun, çox uzun səyahətdir. Amma çox gözəl olacaq. Mən özüm məmnuniyyətlə belə bir səyahətə çıxardım. Deməli, siz deyirsiniz ki, Meri Ceyn böyük qızdır. Bəs o biri qızlar neçə yaşındadır?
- Meri Ceynin on doqquz, Süzannanın on beş yaşı var, xeyirxah işlərlə məşğul olmaq istəyən, dovşandodaq Coannanın isə hələ heç on dörd yaşı da yoxdur.
- Yazıqlar! Başlı-başına qalmaqdansa, heç qalmamaları yaxşıdır!
- Bəli, bundan da pis vəziyyətə düşə bilərdilər, ancaq, qoca Piterin dostları çoxdur, onlar qızların qayğısına qalarlar. Onun dostlarından sizə bunları deyə bilərəm: baptist vaiz Hobson, keşiş Lot Xovi, Ben Reker və Ebner Şeklford, vəkil Levi Bell, həkim Robinson və onların arvadları, dul qadın Bartli... sonra... ve bir çox başqaları, ancaq Piter bunlarla yaxın idi və onlar haqqında öz vətəninə yazırdı. Belə ki, Harvi buraya gələrkən öz adamlarını harada axtarmalı olduğunu biləcəkdir. Qoca hər bir şeyi ətraflı öyrənincəyədək oğlanı sorğu-sual etdi. O bu şəhər və Uilkslər haqqında hər bir şeyi çox ətraflı öyrəndi; Piterin nə iş gördüyünü bildi, o dəriçi idi; Corc - xamal idi; Harvi - hansı bir setkadasa vaiz idi və bir çox başqa şeyləri bildi.


Kral sonra dedi:
- Yaxşı, bəs nə üçün siz paroxoda qədər olan yolu piyada gəlirdiniz?
- Çünki bu, böyük Orlean paroxodudur, mən qorxurdum ki, o burada dayanmaz. Əgər paroxod suya çox oturmuşsa, onu bir nəfərin tələbi ilə dayandırmayırlar. Sinsiniatidən gələn paroxodlar burada dayanır, bu isə Sen-Luidən gəlir.
- Yaxşı, de bir görüm, Piter Uilks varlı adam idimi?
- Bəli, çox varlı idi, onun mülkləri və torpağı var idi, deyirlər ki, öləndən sonra onun haradasa gizlədilmiş üç-dörd min dollar pulu da qalmışdır...
- Dediniz nə vaxt ölüb?
- Men heç nə demişəm, o dünən gecə ölüb.
- Yəqin ki, sabah dəfn olunacaqdır?
- Bəli, günortaya yaxın.
- Hm. Bütün bunlar çox kədərli əhvalatdır, ancaq, nə edə bilərsən ki, gec-tez hamımız ölüb gedəcəyik. Adam gərək həmişə bunu düşünsün və son saatına hazırlaşsın, onda adamın ürəyi sakit və arxayın olar.
- Bəli, ser, ən yaxşısı budur. Mənim anam da həmişə belə deyərdi.
Biz paroxod yan alarkən ona yük vurulması qurtarmışdı, azca sonar paroxod yola düşdü. Kral paroxoda minməyimiz haqqında heç bir şey demədi; beləcə də mən paroxodda üzə bilmədim. Paroxod getdikdən sonra kral məni daha bir mil qədər avar çəkməyə məcbur etdi, sonra boş bir yerdə sahilə çıxıb dedi:
- Cəld geri gedib hersoqu və təzə çamadanları buraya gətir. Əgər hersoq çayın o biri tayına gedibsə, geri qaytarıb buraya gətir. Ona deyinən ki, mümkün qədər yaxşı geyinsin.
Di tez ol, get!
Mən onun nə kələk qurduğunu başa düşür, amma özümü o yerə qoymur, ona heç bir şey demirdim. Hersoqla birlikdə qayıdıb qayığı gizlətdik, sonra onunla hersoq tirin üstünə əyləşdilər, kral cavan oğlanın dediklərini kəlməbəkəlmə ona danışdı. Kral söhbət
əsnasında həmişə əsl ingilis kimi danışmağa çalışırdı; onu da deməliyəm ki, o bunu çox yaxşı bacarırdı.


Mən o cür edə bilmərəm, heç təcrübədən keçirməyə də dəyməz, amma doğrudan da onun ingilis ləhcəsində danışması çox yaxşı çıxardı. Sonra o soruşdu:
- Əlahəzrət, kar-lal haqqında fikriniz necədir?
Hersoq dedi ki, bu məsələdə ona arxayın olmaq olar, çünki o teatr səhnələrində kar-lal rolunu oynamışdır. Sonra biz durub paroxodu gözləməyə başladıq.
Günortaya yaxın iki kiçik paroxod gəlib keçdi, ancaq onlar çayın yuxarılarından gələn paroxodlar deyildi, sonra böyük bir paroxod gəldi, kral ilə hersoq onu saxladılar.


Paroxoddan bizim üçün avarlı qayıq göndərdilər, biz gəlib paroxodun göyərtəsinə qalxdıq; məlum oldu ki, paroxod Sinsinnatidən gəlir. Paroxodun kapitanı və komandası bizim cəmisi dörd, ya beş mil yol getməli olduğumuzu öyrəndikdə qəzəblənib özlərindən çıxdılar, ağızlarına gələn söyüşü bizə yağdırdılar, hətta bizi düşürəcəklərilə hədələdilər.


Lakin kral özünü itirməyib dedi:
- Əgər centlemenlər onları gəmi ilə aparıb, sonra avarlı qayıqla sahilə çıxarmaq üçün, hər milə bir dollar vermək imkanına malikdirlərsə, nə üçün paroxod onları aparmasın, hə?
Belə olduqda paroxoddakılar sakitləşdilər və dedilər ki, yaxşı, apararlar; biz şəhərə yaxınlaşdıqda avarlı qayığı suya endirib bizi oraya apardılar. Qayıq görünən kimi iyirmiyə qədər adam sahilə yilyürdü. Kral onlardan: "Centlmenlər, sizlərdən bir adam mister Piter
Uilksin harada yaşadığını mənə göstərə bilərmi?" - deyə soruşduqda, onlar bir-birlərinə baxıb işarə etməyə başladılar, sanki bir-birlərindən soruşurdular: "Sənə demirdimmi?"
Sonra onlardan biri olduqca mülayim tərzdə və nəzakətlə dedi:
- Ser, nə qədər kədərli olsa da biz sizə onun yalnız dünən axşama kimi yaşamış olduğu yeri göstərə bilərik.
Heç kəs gözünü qırpmağa belə macal tapmamış, yaramaz qoca haldan düşərək həmin adamın üstünə yıxıldı, çənəsini onun çiyninə daya-yaraq, göz yaşları ilə zavallının kürəyini islatmağa başladı; qoca ağlaya-ağlaya deyirdi:
- Əfsus! Əfsus! Zavallı qardaşım! Sən ölmüşsən, biz isə səni beləcə, heç vaxt görmədik! Ah, bu dərd nə qədər ağırdır, nə qədər ağırdır!
Sonra o, hıçqıraraq hersoqa tərəf dönüb ona mənasız işarələr etməyə, barmaqları ilə ona nə isə başa salmağa başladı. Hersoq da çamada əlindən yerə buraxıb ağlamağa başladı. Allah haqqı, düzünü deyirəm, mən belələrini hələ heç vaxt görməmişdim, əgər bunlar ən qəddar fırıldaqçı deyildirlərsə, onda mən heç firıldaqçı tanımıram.


Hamı onların başına yığışıb dərdlərinə şərik olmağa, müxtəlif mehriban sözlərlə onlara təsəlli verməyə başladı, onların çamadanlarını götürüb dağın başına apardılar, göz yaşı axıdan bu zavallıların qollarından tutub getmələrinə kömək etdilər; yolda onlar krala
qardaşının axır dəqiqələrini nağıl edirdilər, o da dönüb bunu əl işarəsilə hersoqa söyləyirdi, onların hər ikisi mərhum dəriçi üçün elə qüssələnib dərd çəkirdilər ki, elə bil dünyada ən əziz şeylərini itirmişdilər. Mən əgər ömrümdə buna oxşar bir şey görmüşəmsə, onda zənci məndən yaxşıdır! Adam utandığından bilmirdi ki, nə etsin.