Abşeronun misilsiz abidəsi - “Üç ovdan”
Abşeron yarımadasının quraq ərazilərində su hər zaman zəruri həyat mənbəyi hesab edilib. Su çatışmazlığı problemi ovdanların - su toplama rezervuarlarının köməyi ilə həll edilirdi.
AZƏRTAC xəbər verir ki, ovdanlar uzun müddət bütün Azərbaycan ərazisində inşa edilib. Məsələn, Qala qəsəbəsində tapılan ovdanın üzərindəki kitabədə II Şah Abbasın hakimiyyəti dövründə tikildiyi və 1665-ci ilə aid olduğu qeyd olunub.
Azərbaycan ərazisində qorunub saxlanılan ovdanların ən parlaq nümunələrindən biri Nardaran və Ləhiş qəsəbələri arasında yerləşən “Üç ovdan” abidəsidir. Bu abidə, ətrafdakı torpaqdan sızan suyun yığılması üçün 4-7 metr dərinlikdəki yeraltı quyuya enən pilləkənlər boyunca uzanan maili quruluşa malikdir. Ovdanları onların içindəki suyun buxarlanmasına mane olan, toz və qumlu küləklərdən kölgə yaradan tağtavan və gümbəz qoruyur, ona görə də ovdandakı su ilin ən isti vaxtında belə soyuq qalır.
Ovdanın pilləkənləri səyyahların günün istisindən daldalanması üçün nəzərdə tutulub. Bundan əlavə, maili pilləkənlər sayəsində suyu götürmək daha rahat üsul hesab edilib.
Bu ovdanların, digərləri kimi, quyu şəklində ikinci ağzı da mövcuddur. Onların fasad hissəsi portal şəklində hazırlanıb - bu Şirvan-Abşeron memarlıq məktəbinin klassik nümunəsi sayılır. Portalların içərisində daş üzərində yazılar (kitabələr) - ovdanların “pasportu” həkk olunub. Kitabələr əsasən, ovdanı inşa edənin adı, tikilmə tarixi, ovdanın tikintisini sifariş edən və ya tikintisini maliyyələşdirən məşhur şəxsə aid məlumatları əks etdirirdi.
Bu ovdanların təxmini inşa edilmə tarixi XVIII əsrə aiddir, halbuki bəzi tədqiqatçılar ovdanlardan birinin XIX əsrə aid olduğuna inanırlar. Bu bənzəri olmayan hidrotexniki qurğular 3-5 ton su saxlaya bilir.
Onların tikintisində əsrlər boyu təcrübə sayəsində inkişaf etdirilən və sınaqdan keçirilmiş müxtəlif texnologiyalardan istifadə edilib. Ovdanları inşa edən ustalar həm geologiyaya, həm də tikinti işlərinə dərindən bələd olmalı idilər. Yaşlı insanların sözlərinə görə, ovdanları inşa edənlər ərazidə böyüyən müəyyən bitki növlərinə diqqət yetirərək təmiz və şəffaf suyun məhz harada olduğunu müəyyənləşdirə bilirdilər və həmin ərazidə ovdanların qazıntısına başlanırdı. Təəssüf ki, bu bilik və bacarıqların bir çoxu artıq unudulmaqdadır.
Səhra və yarımsəhra ərazisi, iqlimin quraqlığı və təbii su mənbələrinin olmaması Abşeron ərazisinin demək olar ki, bütün kəndlərində karvanların hərəkət marşrutu üzrə ovdanların tikilməsinə zəmin yaradıb. “Üç ovdan” isə Xəzər dənizinin sahili boyunca şimala - Dərbəndə və daha sonra böyük Şirvan yoluna gedən yolda inşa edilib. Onu da qeyd etmək lazımdır ki, Böyük İpək Yolunun bəzi hissələri xüsusi olaraq ovdanların yaxınlığından keçməklə salınıb.
“Üç ovdan” abidəsi, Abşeronun təkcə qədim hidrotexniki qurğusu deyil. Bu abidənin qorunub saxlanması və öyrənilməsi həm keçmişin xalq sənətkarlarının sənətini daha yaxşı başa düşməyə, həm də Abşeronun və bütün Azərbaycanın mədəni irsinin və zəngin tarixinin bənzərsizliyini gələcək nəsillərə çatdırmağa imkan yaradacaq.
23.05.2024